Bildiyimiz kimi dünyanın əksər ölkələrində pullar Mərkəzi Banklar tərəfindən çap edilərək dövriyyəyə buraxılır. Bəzən ortaya belə sual çıxır ki, dövlətlər niyə istədikləri qədər pul çap etmirlər? Dövlətlər niyə çoxlu pul çap edərək hər kəsə yüksək maaş ödəmirlər? Bu sualların cavabını, yəni, dövlətlərin hansı səbəbdən daha çox pul çap edə bilmədiklərini sadə şəkildə aşağıdakı misalla izah etmək olar:
Təsəvvür edək ki, ölkə iqtisadiyyatı hər gün 1000 manat dəyərində məhsul istehsal edir. Məsələn, gün ərzində hər birinin qiyməti 100 manat olan 10 ədəd mobil telefon istehsal edilir. Gün ərzində dövriyyəyə buraxılan pulun məbləği də 1000 manat olur. Bu o deməkdir ki, insanlar əllərindəki 1000 manatla istehsal olunan 10 ədəd telefonu satın ala bilirlər. Bir müddətdən sonra Mərkəzi Bank daha çox pul çap etməyə başlayır və gün ərzində dövriyyəyə 2000 manat buraxır. Lakin dövriyyədəki pulun artmasına baxmayaraq, istehsal olunan mobil telefonun sayı dəyişmir. Əvvəlki kimi hər gün 10 ədəd telefon istehsal olunur. İnsanların əlində olan pul 2 dəfə artdığı üçün onlar telefona 2 dəfə artıq pul ödəməyə hazır olurlar və buna görə də, telefonların qiyməti 200 manata yüksəlir. Gördüyünüz kimi pulun çox olması heç bir dəyişikliyə səbəb olmur, yalnız satılan məhsulun qiyməti yüksəlmiş olur.
Yuxarıdakı misalı qısa şəkildə belə ifadə edə bilərik: Artıq pul çap etmək məhsulun qiymətini qaldıra bilər, lakin onun miqdarına təsir edə bilməz. İnsanların pulu artdıqca daha çox məhsul almaq istəyəcəklər və bu da puldan fərqli olaraq miqdarı sabit qalan həmin məhsullara tələbi artıracaq. Nəticədə, həmin məhsulların qiyməti yüksələcək.
Başqa sözlə, dövriyyəyə nə qədər çox pul buraxılırsa, satılan məhsulların qiyməti də o qədər sürətlə bahalaşır və bu zaman da inflyasiya dediyimiz proses baş verir.
İnflyasiya zamanı insanların əlində olan pul dəyərdən düşür, qiymətlər tez-tez dəyişir. İqtisadiyyatda qeyri-müəyyənlik və qarmaqarışıqlıq meydana gəlir. Pulun dəyərdən düşməsi həm də real iqtisadiyyata mənfi təsir göstərməyə başlayır. Yüksək inflyasiyanın olduğu ölkələrdə iqtisadiyyata yatırılan sərmayələr azalır. İnflyasiya zamanı pul dəyərdən düşüdüyü üçün hər hansı bir istehsal sahəsinə investisiya yatırmaq riskli olur.
İnflyasiya zamanı daha çox qısa müddətə gəlir əldə etmək mümkün olan ticarət və xidmət kimi sahələrə sərmaya qoyulur. Belə bir vəziyyət isə ölkədə məhsul istehsalı sahələrinə mənfi təsir edir. İnflyasiya eyni zamanda maliyyə bazarlarına da öz mənfi təsirini göstərir. Pul sürətlə dəyərdən düşdüyü üçün heç kim vəsaitini banklarda saxlamaq istəmir. Bu da öz növbəsində banklarda vəsait çatışmazlığına səbəb olur.
Allahverdi Cəfərov