Bu hadisə tarixdə törədilən ən amansız və ən qanlı hadisələrdən biridir. SSRİ tarixinə görə "qırmızı terror"un 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu, həmin ilin oktyabrında isə başa çatdığı qeyd olunur. Ancaq bir çox mənbələrə görə "qırmızı terror" 1918-1922-ci illəri, yəni, Rusiyada Vətəndaş müharibəsi dövrünü əhatə edir. Həmin vaxtlarda belə demək mümkünsə, heç bir qayda-qanun gözlənilmədən repressiyalar həyata keçirilirdi. Fövqəladə Komissiya (ÇK) və Baş Kəşfiyyat İdarəsi (QRU) insanları mühakimə olunmadan qətlə yetirirdi. Bu prosesdə sovetlərin əsas məqsədi xalq düşmənləri hesab olunan əksinqilabçılarla mübarizə olaraq göstərilirdi. Həmin vaxtlarda bir çox insan aktiv əməllərinə görə deyil, sosial statuslarına görə ən ağır şəkildə cəzalandırılırdılar. Fövqəladə Komissiyanın bir çox rəhbərləri bildirirdilər ki, sovetlərə qarşı silahla və ya sözlə qarşı çıxanların ittiham sənədlərinə baxılmasın, bunun əvəzinə həmin şəxsin hansı sinfə mənsubluğu, keçmişi, təhsili və peşəsi araşdırılsın. Həmin kateqoriyalar insanlara ittiham irəli sürülməsini təyin edirdi. Bu isə "Qırmızı terror"un əsas mahiyyətini açıq şəkildə ortaya qoyurdu. Ölkədə Vətəndaş müharibəsi alovlandıqca bolşeviklər tərəfindən işğal olunmuş şəhərlərdə "mülkədar sinfi"nə məxsus olduqları üçün cəzalandırılmış məhbusların, şübhəlilərin və girovların sayı sürətlə artırdı. Təkcə Xarkovda 1919-cu ilin fevral-iyun aylarında 2 mindən çox adam edam edilmişdi. Rostov-Donda 1920-ci ilin əvvəlində 1000 nəfər, Odessada 1919-1921-ci illərdə 5 min nəfərdən çox, Kiyevdə 1919-cu ilin fevral-avqustunda ən azı 3000 nəfər, Yekaterinodarda 1920-ci ilin avqustu ilə 1921-ci ilin fevralı arasında 3000 nəfər qətlə yetirilmişdi. Bundan başqa, bir çox yerlərdə minlərlə insan edam olunmuşdu. Belə ki, təkcə general Pyotr Vrangelin 1920-ci ilin sonunda məğlubiyyətindən sonra Leninin Krıma gəlişi 50 000 hərbi dustağın və mülki şəxsin güllələnməsi, edam olunması ilə nəticələnmişdi. Onlara təslim olacaqları təqdirdə amnistiya vəd olunmuş, ancaq təklif heç kəs tərəfindən qəbul edilməmişdi. Tədqiqatçıların fikrincə, bu, Vətəndaş müharibəsi dövründə sovetlərin ən böyük kütləvi qırğınlarından biri idi.
O cümlədən, Azərbaycanda da həmin repressiyalar ağır şəkildə həyata keçirilirdi. Həmin vaxtlarda Semyon Pankratov adlı şəxs Fövqəladə Komissiyaya rəhbərlik edirdi. Bu qurum 1920-ci illərdə Azərbaycanda bir çox tanınmış ziyalıları və qabaqcıl şəxsiyyətləri həbs etməyə başlayır. O qədər ki, həbs düşərgələri az vaxtda Azərbaycanın bu tanınmış ziyalıları və qabaqcıl şəxsiyyətləri hesabına doldurulur. Pankratov ancaq 1920-ci ilin may-iyun aylarında Azərbaycan Fövqəladə Komissiyasına başçılıq edir. Çünki Nəriman Nərimanov Azərbaycana gəldikdən sonra Hərbi İnqilabi Komitəyə Fövqəladə Komissiyanın özbaşınalıqları barədə şikayət edir. O bildirir ki, qurum Hərbi İnqilabi Komitə ilə razılaşdırmadan adamları güllələyir. Bu məlumatdan sonra Pankratov Azərbaycandakı vəzifəsindən uzaqlaşdırılır. Ancaq 1920-ci ilin avqustunda MK-nın Siyasi Bürosu Azərbaycanda üsyanların yatırılması barədə məsələni müzakirə edərkən bunun üçün hazırlanmış "dördlük"də Xüsusi şöbədən Pankratovun da adı yer alır.
1920-ci ilin aprelində hakimiyyət qan tökülmədən ələ keçirilsə də, tezliklə bolşeviklərin müstəmləkəçilik siyasəti Gəncə, Şuşa, Zaqatala, Lənkəran və digər bölgələrdə üsyana səbəb olur. Məlumat üçün deyək ki, 1920-1924-cü illərdə ölkədə 54 genişmiqyaslı silahlı üsyan baş qaldırır. Üsyançılar və onları dəstəkləyən mülki əhali heç bir sorğu-sual edilmədən ələ keçirilərək olduqları yerdə qətlə yetirilir. Bir çox mənbələrə görə, 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min nəfər "qırmızı terror"un qurbanı olur. Onlardan 13 minə yaxını 1920-ci ilin 26-31 may tarixlərində baş vermiş ən böyük üsyanlardan biri, yəni, Gəncə üsyanı vaxtı öldürülür. Gəncə üsyanından sonra onun iştirakçılarından olan 23 zabit, o cümlədən 6 general Nargin adasına gətirilir.
1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksək rütbəli azərbaycanlı zabit həbs edilir. Pankratovun əmri ilə onlar da Nargin adasında edam olunurlar. Onlar arasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general-mayor Əbdülhəmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov, general-mayor İbrahim ağa Usubov, general-mayor Əmir Kazım Mirzə Qacar, Bakı şəhər polis idarəsinin rəisi, kapitan Quda Qudiyev, general-leytenant Süleyman bəy Sulkeviç, milyonçu Murtuza Muxtarov, general-mayor Məhəmməd Mirzə Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Həbib bəy Səlimov, polkovnik İsgəndər bəy Seyfulin və digərləri var idi. Ancaq generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zaminliyi sayəsində sağ qala bilirlər.
Azərbaycanda "qırmızı terror"un qurbanı olan çox sayda insan var. Onlar arasında ağır işgəncələrə məruz qalanlar, həmçinin, sürgünə göndərilənlər də yer almaqdadır. Aşağıdakı siyahıda adları çəkilənlər isə onlardan ancaq bir neçəsidir:
- Mir Həsən Tağızadə;
- Əli İsgəndərzadə;
- Dadaş Həsənov;
- Firudin Nağıyev;
- Mövsüm İbrahimov;
- Cavad Axundov;
- Mir Bağır Seyidrzayev;
- İsfəndiyar bəy Vəkilov;
- Xan Əfşar Teymurçin;
- Mahmud Mahmudzadə;
- Teymur Mustafayev;
- İbrahim Axundzadə;
- Əlövsər Nəcəfov;
- Cahangir Ağayev.
Təbii ki, bu siyahını uzatmaq da olar. Bu da bir həqiqətdir ki, yerli əhali arasında bolşevizmə qarşı kəskin mənfi münasibət var idi. Belə ki, bolşevik meyilli təşkilat və komitələrin yaradılması bura əhalinin erməni hissəsinin kütləvi axını ilə müşayiət olunur və bu da azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olurdu. Çünki ermənilərin törətdikləri vəhşiliklər yerli əhalidə dərin yaralara səbəb olmuşdu. 1918-ci ilin mart hadisələri də bu məsələdə həlledici rol oynamışdı. Erməni bolşeviklərinin əli ilə daşnakların hərbi birləşmələri millətimizə qarşı soyqırım törətməyə çalışırdı.
Bu gün bu qanlı hadisələri nəzərdən keçirərkən bir daha şahid olursan ki, bu dəhşətli faciədə yeganə məqsəd millətimizin iradəsini sarsıtmaq, nəsillərimiz arasındakı əlaqəni məhv etmək və onun qəlbindəki azadlıq eşqini söndürmək idi.