Salam - Allahın (c.c.) Əsmai-Hüsnasından, yəni Gözəl Adlarından biridir. Bu ad lüğəvi baxımdan hər cür əmin-amanlığın, salamatlığın mənbəyi, hər cür eybdən, qüsurdan uzaq, qullarını salamatlığa çıxaran mənasına gəlir. Amma bu adın mahiyyətində çox gözəl mənalar var. Biz də ən yaxın, ən vacib hesab etdiyimiz mənalardan bəhs edəcəyik.
Qurani-Kərimdə buyurulur ki, sizə salam verildiyi zaman ona daha gözəl şəkildə, ən azı o salamın özü qədər gözəl qarşılıq verin. Əgər qarşı tərəf sizə "Salam aleykum" deyirsə, ona veriləcək ən yaxşı cavab "Və aleykum salam və rahmətullahi" deməkdir. Əgər salam verən "Salam aleykum və rahmətullahi" deyirsə, salamı alan "Və aleykum salam və rahmətullahi və bərakətuh" şəklində cavab verməlidir.
Bir hədisi-şərifdə belə buyurulur: "Siz iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsınız. Sizə yerinə yetirəcəyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir şey söyləyimmi? Aranızda salamı yayın!" Demək, anlayaraq, ən səmimi hisslərlə verilən və alınan salam insana cənnətin qapılarını aça bilər.
İki müsəlman qarşılaşanda ilk lfadə ediləcək söz salamlaşmaq olmalıdır. "Salam aleykum" demək, Allahın əmin-amanlığı altında olasan, Allah səni qorusun, hər cür xətadan, bəladan uzaq ömür yaşayasan deməkdir. Demək, salam verən adam qarşı tərəf üçün dua etmiş olur, ona Allahdan (c.c.) əmin-amanlıq, xeyir-bərəkət diləyir. Salam verən həm də qarşı tərəfi sülhə, barışığa dəvət etmiş olur. Sevimli Reyğəmbərimiz (Ona Allahın salamı olsun!) bizə salamı yaymağı tövsiyə edir. Demək, söhbət salamın nə olduğunu anlayaraq onu yaymaqdan gedir. Əgər iki nəfər qarşılaşanda əvvəlcə salam verir, sonra da davaya başlayırsa, demək, onlar salamın mahiyyətini anlamırlar. Çünki salam vermək həm də qarşı tərəfə bir vəd verməkdir, dolayısı ilə "Məndən sənə zərər gəlməz" deməkdir. Özünüz düşünün, sən birinə "Allahın əmin-amanlığı içində olasan" deyəsən, amma özün onunla dava edəsən, heç belə də məntiqsizlik, ikiüzlülük olar? Demək, salam verən adam həm də xoşniyyətli olduğunu bəyan etmiş olur. Bu yerdə yenə Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) bir bəyanı yada düşür. O Könüllər Sultanı buyurur ki, həqiqi mömin o şəxsdir ki, insanlar onun əlindən və dilindən haqsızlıq gəlməyəcəyindən əmindirlər.
Bəli, bu qısa yazıda biz salamın üç mənasına toxunduq: Salam - qarşı tərəfə dua etməkdir; Salam - qarşı tərəfi sülhə, barışığa dəvət etməkdir; Salam - qarşı tərəfə əmin-amanlıq vəd etməkdir.
Yeri gəlmişkən onu da deyək ki, salam vermək sünnətdir, yəni sevmədiyin, xoşuna gəlməyən adama salam verməyə bilərsən, amma verilən salamı almaq dinimizə görə borcdur, ən azı ona görə ki, Salam - Allahın adıdır və Salama hörmətsizlik dolayısı ilə o adın Sahıbınə hörmətsizlik mənasına gəlir. Görüşəndə salam verildiyi kimi, ayrılanda da salam vermək gözəl davranışdır. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!): "Məscidə gələndə salam verdiyiniz kimi, çıxanda da salam verin", buyurur. Sevimli Peyğəmbərimiz Həzrəti-Məhəmmədin (Ona Allahın salamı olsun!) adı çəkiləndə Ona salam vermək isə bizə Quranın əmridir.
Bir dəstə adama salam verilərkən bir nəfərin "Və aleykum əs-salam" deyə salamı alması digərlərini məsuliyyətdən azad edir. Salamı heç kim almasa, salam verilənlərin hamısı məsul olur. Tanıyıb-tanımamağından asılı olmayaraq hər kəsə salam verilməlidir. "Salam" Allahın (c.c.) Gözəl Adlarından biri olduğu üçün natəmiz yerlərdə deyilməməlidir. Haram bir əməl işləyənə salam verilməz. Quran oxuyana, hədis danışana, elmi müzakirə ilə məşğul olana bu xeyirli işə mane olmamaq üçün salam verilməz. Azan oxuyan, namaz qılan və iqamə gətirən kəsə də salam verilməz. Əgər yaxınlaşdığınız adam sizə arxasını çevirirsə, yəni, verəcəyiniz salamı almamaq ehtimalı varsa, ona salam verməyin.
Salamı yaltaqlıq alətinə çevirmək də ədəbsizlikdir, yəni bir müdirin, sədrin və ya rəhbərin qarşısında boyun bükərək, hətta təzim edərək salam vermək o insanın özünə də, salama da hörmətsizlikdir. Beləsinə deyirlər ki, sən özünü nə qədər ucuz tutursan-tut, amma Allahın adını öz yaltaqlığına alət etmə. İnsanlar qarşılaşanda kiçik böyüyə, az adam çox adama, gənc yaşlıya, minik üstə olanlar piyadalara, hərəkət edənlər oturanlara, arxadan gələnlər irəlidə gedənlərə salam verirlər. Ancaq kimin birinci salam verməsi məsələsi qanun müstəvisində deyil, ədəb müstəvisində həll olunur. Doğrudur, belə deyirlər ki, gələn adam birinci salam verməlidir, amma dayanmış adamın salam verməsi də səhv deyil. Belə gözəl bir söz var: Kiçiyin salam verməsi ədəb, böyüyün salam verməsi təvazödür. Salamlaşarkən əl sıxmaq və səmimi, təbəssüm dolu baxışlarla qarşı tərəfin gözlərinə baxmaq da təqdir edilən davranışdır.
Salamlaşma hər cür şit hərəkətdən, yersiz davranışdan uzaq olmalıdır. Məsələn, iki kişinin şappıltı ilə əl sıxması, yaxud "Salam aleykum, ay filankəs" deyə təhqiramiz ifadə işlətməsi ədəbə uyğun olmadığı qədər ikrah doğuran mənzərədir.
Bəzən kimlərsə salam əvəzinə "Eşq olsun", "Hər vaxtın xeyir", "Aqibətin xeyir" və bu kimi ifadələr işlədir və bunu milli varlığın bir nümunəsi hesab edirlər. Onu deyək ki, bu ifadələr də xoşdur, amma unutmayaq ki, bizim üçün ən xeyirli olan Allahın (c.c.) kitabında buyurulanlar və Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) yaşayaraq bizə nümunə göstərdikləridir. Əgər kimsə xeyiri başqa yerdə axtarırsa, bu onun seçimidir. Bəzən salam əvəzinə "Privet", "Hello" deyənlər də olur ki, bizim mənəvi dəyərlərimizdə buna veriləcək bir ad yoxdur.
Bəzən də görürsən ki, salam vermədiyi üçün kimisə ən sərt sözlər, ən ağır ifadələrlə qınayırlar. Bu cür davranış heç də doğru deyil və bizim "Niyə mənə salam vermədin?" deyə kiminsə qəlbini qırmağa haqqımız yoxdur. Qəlbini qırmadan, xoş sözlərlə onu salama dəvət etmək ən doğru davranışdır.
Müsəlmanın müsəlmana salam verməsi həm də müəyyən mənada dini təəssübkeşlikdir, çünki salam dinimizin simvollarından biridir. Təsəvvür edirsinizmi, sizə uzaq bir coğrafiyadan, sizdən fərqli bir irqdən, dilini belə bilmədiyiniz, amma müsəlman olduğuna inandığınız biri ilə ilk dəfə görüşüb əlini sıxır, təbəssümlə üzünə baxıb "Əssalam aleykum və rahmətullahi" deyirsiniz. Əmin olun ki, o da sizin bu səmimiyyətinizi qiymətləndirəcək və sizin bu səmimiyyətinizə layiqincə qarşılıq verəcək.
Salam - körpüdür, məsələnin kökünü anlayan, işin mahiyyətini bilən müsəlmanlar arasında sağlam körpü.
Salam verin, Salam alın, Salamın bərəkəti həyatınızı bəzəsin!
Əssalam aleykum və rahmətullahi!