Ruslan Yusibov 
 

Vüqar Camalzadə Azərbaycanın öz üslubu, öz dəst-xətti ilə seçilən tanınmış bəstəkarlarından biridir. Onun bəstələri həm ölkəmizdə, həm də ölkəmizdən kənarda böyük rəğbətlə qarşılanır. Onunla Milli Musiqi Günü ərəfəsində görüşüb söhbətləşdik. Vüqar bəylə Azərbaycan və dünya musiqisindən, bu sirli aləmin insana təsirindən və sair mövzulardan danışdıq. 

 

- Salam Vüqar müəllim, xoş gəlmisiniz. İlk sualımız bəstəkarlıq sənəti barədə olacaq. Kimlər musiqi bəstələyə bilər və həmin şəxslərdə hansı keyfiyyətlər olmalıdır?

- Üzeyir bəy deyirdi, bir bəstəkar var, bir kompozitor var. Bəstəkarlıq Allah vergisidir, ya var, ya yoxdur. Kompozitor hər hansı bir kompozisiyanın qurucusudur. Kompozitor olmaq üçün təhsil almaq lazımdır. Müəyyən tədris proqramını keçmək, öyrənmək lazımdır. Amma insanda həm bəstəkarlıq, həm də kompozitorluq varsa, yəni, bunun məktəbini keçibsə, bu artıq peşəkar bir haldır və təbii ki, ortaya yaxşı bir nəticə çıxır. Mənim müəllimlərimdən, ustad sənətkar Arif Məlikov həmişə deyərdi ki, diletant var, peşəkar var. Diletant sevir, ancaq bacarmır, peşəkar isə sevmir, ancaq bacarır. İnsanın bacardığı iş həm də sevdiyi iş olanda, hələ söhbət musiqidən gedirsə, onda ortaya möhtəşəm bir şey çıxır.

- Bəzən həm ölkəmizdəki, həm də xaricdəki bəzi bəstəkarlardan, "Mən bunu təyyarədə gedəndə bəstələmişəm", "Mən bunu 3 dəqiqəyə yazmışam" kimi sözlər eşidilir. Həqiqətən, 3 dəqiqəyə ciddi bir bəstə ortaya çıxarmaq olar?

- Latınca "kantus firmus" deyilən bir şey var. İnsanda bir ilhamlanma olanda, bir işıqlanma olanda həmin "kantus firmus" deyilən şey ortaya çıxır. Və bir anda insan nələrsə edə bilir. Bu normal bir haldır. Hətta, bir anda gələn musiqi əsl musiqidir. O həmin musiqidir ki, fələklərin titrəyişilə insan qəlbinin qəbuledicilərindən keçib gəlir. Çünki informasiya bir anda ötürülür. Bu, normal prosesdir. Sonra insanın onu inkişaf etdirməsi qalır. Bütün şərq filosofları - Əl Fərabidən tutmuş, İbn Nizaməddinə qədər hamısı, insanı mikrokosmos, kainatı makrokosmos adlandırıb. Makrokosmosdan gələn zərrəni insan öz bədənində, öz vücudunda inkişaf etdirməlidir. Daha sonra saf enerji şəklində makrokosmosa qaytarmalıdır.

- Milyonlarla musiqi var, demək olar ki, hər gün də yeniləri çıxır, bunların hamısını, həqiqətən, fərqli və yeni iş saymaq olar?

- İstənilən halda musiqi riyaziyyatdır. Bir çox filosoflar, alimlər var ki, musiqini riyaziyyatın ən üst qatı hesab edirlər. Bəstəkar, musiqişünas Arnold Şönberq 12 tonluq musiqi sistemi icad etdi və bu sistem vasitəsilə 10 saniyəlik bir şey bəstələməklə ömrünün sonuna qədər 80 il, 90 il təkcə riyazi hesablamalarla böyük əsərlər yazdı. Amma burada başqa bir məqam var. Dünya musiqiçilərinin, eləcə də, bizdə olan bəstəkarların böyük əksəriyyətinin problemləri iki şaxədə haçalanır. Birincisi, texniki musiqi yazanlardır. Hansı ki, onlar bununla bugünkü dünyanın tələblərinə cavab verirlər. İkincisi isə yalnız emosiyaları, hissləri ilə bu işə yanaşanlardır. Hansı ki, onlar bunun nə riyaziyyatını, nə də metafizikasını nəzərə alırlar. Amma düşünürəm ki, hər iki halda axsaqlıq olur. Çünki belə olan təqdirdə birində ruh olmursa, digərində də inkişaf olmur. Ona görə də, bir daha əvvəlki söhbətə qayıdaraq, demək istəyirəm ki, bu iki faktorun bir-birinə bağlanması əsas prinsiplərdən biri olmalıdır. İnsan qulağının eşitdiyi və eşitmədiyi tezliklər var. Nomal insan qulağı 14 min hersdən yuxarı və 80 hersdən aşağı olan səsləri eşitmir. Ona görə də, yerin fırlanma səsini biz eşitmirik. Amma səs rejissorları var ki, onlar hətta 40 hersi belə eşidirlər. Buna görə də, onlar açıq bir yerdə dayananda yerin həmin uğultusunu eşidə bilirlər.

- Musiqi sizin üçün nədir?

- Musiqi mənim üçün nəfəsdir. Bizim dilimizdə musiqiyə bəzən hava deyirlər. Elə ən düzgünü də havadır. Təbii ki, bu, bizim dərk etdiyimiz mənada hava deyil. O, qəlb vasitəsilə hiss edilən bir havadır. Mənim üçün musiqi havadır, həyatdır, səadətdir. Təbii ki, əziyyətləri, iztirabları da çoxdur. Mən musiqiyə görə Allaha həmişə minnətdar olmuşam. Allahın elmi birdir. Onun elmində haçalanma yoxdur. Allahın verdiyi enerji, nur birdir. İnsanlar sonradan onu şaxələndirdilər, guya bir-birindən əlaqəsiz olduğunu deməyə çalışdılar. Amma hər bir işin ustadı, alimi o işin dərinliyinə gedəndə anlayır ki, Allahın elmində haçalanma yoxdur. Fizika da, riyaziyyat da, ədəbiyyat da hamısı bir elmin müxtəlif şaxələri, müxtəlif qollarıdır. Din də insanın bir həyat instruksiyasıdır. Əsas prinsip olaraq insan əvvəl Yaradanını tanımalı, Onun gücünü, qüdrətini dərk etməlidir. Quranda yazılır ki, "Biz istədiyimiz şəxsə hidayət verərik". Hidayət sahibi olmaq mənim fikrimcə insanın təkcə ibadətə gəlməsi deyil, ona elm verilməsidir. Allah da öz elmindən ancaq onu tanıyana, onu sevənə verər. Ona görə əvvəlcə Allahı tanımaq, sevmək lazımdır ki, onun elmindən nəsə alasan. Çünki tanımadığının, bilmədiyinin elmindən sən heç nə ala bilməzsən. Mən belə düşünürəm.

- Bildiyimizə görə, sizin ilk ali təhsiliniz musiqi sahəsi ilə bağlı deyil...

- Mən Neft Akademiyasını (indiki Neft və Sənaye Universitetini-red.) bitirmişəm. Nə anam, nə də atam tərəfdə musiqiçi olmayıb. Musiqini seviblər, ədəbiyyatı seviblər, ancaq peşəkarcasına bu işlə məşğul olmayıblar. Onlar da Neft Akademiyasını bitiriblər. Mən də onların təkidi ilə oranı bitirmişəm. Daha sonra valideynlərimə dedim ki, "mən sizin istəyinizi yerinə yetirdim, icazə verin, indi də öz istəyimi yerinə yetirim". Bakı Musiqi Akademiyasına, bəstəkarlıq sinfinə daxil oldum. İsmayıl Hacıbəyovun sinfi idi. 6 il orada təhsil aldım, 4 il bakalavr, 2 il magistr oxudum.

- "7-17" telemüsabiqəsində, eləcə də digər müsabiqələrdə bir çox peşəkar musiqiçilərin yetişməsində böyük rol oynamısınız...

- Mən, ümumiyyətlə, müsabiqə sevən bir insanam. Hansı ki, həm özüm iştirak edim, həm özüm rəhbərlik edim. Müsabiqə olmasa, orada inkişaf olmur. Müsabiqə insanın inkişafında əvəzsiz rol oynayır. Mən özüm də bir çox müsabiqələrdə iştirak etmişəm. 7-17, "Yeni ulduz", "Səs Azərbaycan" müsabiqələri kimi bir çox müsabiqələrim olub.

- Siz filmlərə də musiqi bəstələyirsiniz. Sizcə, Azərbaycanda bu sahə hazırda hansı vəziyyətdədir?

- Kino və ya teatr musiqiləri tətbiqi musiqilərdir. Bir solo musiqi var ki, bu, bəstəkarın öz təxəyyülü, öz hissləri ilə qurulur. Bir də tətbiqi musiqi var ki, bu, rejissorun arzusu, istəyi ilə olur. Burada musiqi səhnədə baş verən hadisəyə uyğun olmalıdır. İstər film, istərsə də tamaşa musiqiləri çox çətin musiqilərdir. Ümumiyyətlə, musiqinin asan janrı yoxdur, ancaq film və tamaşalar üçün yazılan musiqilərin öz çətinliyi var. Mənim 200-dən çox həm yerli, həm də xarici film və seriallara musiqim var.

- Uşaqlar üçün, yoxsa böyüklər üçün musiqi bəstələmək çətindir?

- Mən Azərbaycan Dövlət Kukla Teatrının musiqi direktoruyam. Neçə illərdir, orada fəaliyyət göstərirəm. Ümumiyyətlə, uşaqlar üçün yazılan musiqi daha çətindir. Çünki böyüklər üçün yazılan musiqidə müəyyən şablonlardan istifadə etmək olar, ancaq uşaqlar üçün bunu etmək çox çətindir. Çünki uşaqlar çox təmizdirlər və onlar səndən ancaq səmimiliyi qəbul edirlər. Əgər bu iş səmimi deyilsə, uşaq onu qəbul etməyəcək. Amma sən uşağın qəlbinə yol tapırsansa, deməli, artıq böyük bir iş görürsən.

- Yazılan bayağı mahnılar, musiqilər bəzən milyonlarla izlənir, onu ortaya çıxaran şəxs də bundan yaxşı gəlir götürür. Buna dünyanın digər ölkələrində də rast gəlmək mümkündür. Ancaq ciddi bir iş bəzən eyni reaksiyanı görə bilmir...

- Əvvəlcə ondan başlayaq ki, musiqi əyləncə deyil. İndiki dövrdə insanların musiqini əyləncədən də aşağı səviyyəyə salmaları pis bir haldır. Bu, musiqinin yanlış qəbul edilməsidir. Musiqi "iqa" elmidir. Bu elm ruh və bədən arasında ən böyük bağlayıcıdır. Bu bağlayıcı ruh və bədən arasında uyğunluğun nə qədər olmasından asılıdır. İnsanın həyat tərzi, onun emosional vəziyyəti və sair bura aiddir. O zaman ki, ruhani, psixoloji hal tarazlanır və düzgün istiqamətlənir, demək olar ki, heç bir xəstəlik olmur. Misal üçün Pifaqor musiqi ilə bağlı təlimlər keçirdi və onunla insanlar sağalırdı. Bir çox xəstəliklərdən xilas olurdu. Dövrümüzdə də ultrasəs və musiqi dönmələri vasitəsilə bu tətbiq edilir. Amma bu, qısamüddətli bir xarakter daşıyır. Çünki ətrafda olan musiqilər insanlara çox pis təsir edir. Misal üçün bizim müəllimimiz İsmayıl müəllim deyirdi ki, "bir dəfə 28 May metrostansiyasının yanından keçirdim, elə bir pis musiqi qoymuşdular ki, onu eşidəndən sonra 2 ay musiqi bəstələyə bilmədim". Biz o vaxt bəlkə də bunu lazımi şəkildə dərk edə bilmirdik. Amma indi bəzən olur ki, yanımızdan avtomobilinin pəncərələri açıq, yüksək səslə musiqiyə qulaq asan insanlar keçir. Oradan heç bir mənası, heç bir məzmunu olmayan səslər, küylər gəlir. Ondan sonra inanırsınız, tez öz avtomobilimin pəncərələrini bağlayıram, ona 1 dəqiqə qulaq asmağım, bəlkə də, mənim bir neçə günümü alt-üst edir. Onda heç nə bəstələyə bilmirəm, artıq mənə o tip musiqilər virus salır. Beynimi ondan təmizləmək üçün beynimdə müxtəlif zikirlər, meditasiyalar edirəm ki, həmin vəziyyətdən xilas ola bilim. Bu, çox ciddi məsələdir. Bunu, bəlkə də, insanlar ciddi qəbul etmirlər. Ancaq bu, havanın, suyun, qidanın təmizliyi kimi vacibdir. Depressiyaların, psixoloji problemlərin əsas səbəblərindən biri də budur. Bunu mən peşəkar musiqiçi kimi tam səmimi olaraq deyirəm. Bilirsiniz, beyin əslində tənbəlliyə meyilli bir sistemdir. Beyin həmişə çalışır ki, isti bir yerdə olsun, üstünə yorğan örtsünlər və o yatsın. Amma sən beyni işləməyə məcbur edəndə o artıq inkişaf edir. Beyin inkişaf etdikcə isə zövq artır. Ancaq beyinə nə qədər ucuz, bəsit, bir sözlə, tənbəllik yaradan material versən, o onu daha tez qəbul edir. Nəticədə, bu, hətta insanı kütlə halına gətirib çıxarır və artıq ona kütlə kimi təsir etmək daha asan olur.

- Azərbaycanın və dünyanın məşhur bəstəkarları arasında kimlərin adlarını çəkərdiniz?

- Üzeyir bəy mənim nəzərimdə ən böyük Azərbaycan bəstəkarıdır. Onun əsərləri sadə insanlardan tutmuş bütün səviyyələrə qədər sevilir. Bəstəkarın böyüklüyü də əslində elə bundadır. Qara Qarayev, Fıkrət Əmirov, Niyazi də böyük bəstəkarlardır. İohann Sebastyan Bax, Volfqanq Amadeus Motsart, Lüdviq van Bethoven - Avropa bəstəkarları arasında da ən böyükləri mənim nəzərimdə bu üçüdür.

- Sizcə, hansı musiqi növü kütləviləşməməlidir?

- Mən çakral şeylərin kütləvi olmasının tərəfdarı deyiləm. Çünki zər qədrini zərgər bilər. Çox insanın qarşısına almaz parçası qoysan, onu şüşə qırıntısı hesab edəcək və onunla elə şüşə qırıntısı kimi də davranacaq. Buna görə musiqidə də çakral mövzular kütləviləşməməlidir. Misal üçün gözəl Azan veriləndə alimi də, ruhanisi də, savadlısı da, savadsızı da qəlbinin qulağı ilə onu dinləyir və qəlbini ona açır. Və ilk enerjisini ondan alır. Onun haqqında düşünmək hər insana lazım deyil. Onu sadəcə olaraq dinləmək lazımdır. İnsanın batini nə qədər zəngin olsa, bu, özünü onun zahirində də büruzə verəcək.

- İllər sonra Şuşaya getdiniz. Orada nə hisslər yaşadınız?

- Mənim atamgil Şuşalıdırlar. Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndirlər. Soyadımız da oradan gəlir. Biz əvvəllər hər yay Şuşaya gedərdik. Ora çox maraqlı bir yerdir, energetik bir məkandır. İlk dəfə Şuşada Xarıbülbül Festivalının musiqi rəhbərliyini edəndə bunu mən xüsusilə hiss elədim, hansı ki, onu dillə ifadə etmək mümkün deyil. Azərbaycan əsgərinin canı-qanı bahasına alınan bir yerdir. Orada hiss etdiklərimi, sadəcə olaraq, sözlə ifadə etmək mümkün deyil.

- Son olaraq 18 sentyabr Milli Musiqi Günüdür. Bu barədə nə deyə bilərsiniz?

- Üzeyir bəy dahi şəxsiyyətdir. İnsan var həyatında çalışır ki, özünü təsdiq etsin. Amma bir də baxırsan ki, o insan dünyasını dəyişəndən sonra unudulub gedir. Amma Üzeyir bəy peyğəmbər yaşında dünyasını dəyişdi və hətta düşmənləri belə istəmədən də olsa, onun adını ucaltdılar. Müstəqillikdən sonra da Azərbaycan xalqı onu layiq olduğu yerə gətirdi. Onun doğum gününün Milli Musiqi günü kimi qeyd olunması çox təbii və çox təqdirəlayiq bir haldır.