Durğu işarələrindən 3 nöqtə (...) cümlədə fikir bitmədikdə, yarımçıq qaldıqda işlənir. Bu gün haqqında danışacağım kitabda ən çox diqqətimi çəkən də məhz bu 3 nöqtələr idi. Əsərdə yarımçıq qalan tək fikir deyil, yarımçıq qalan uşaqlıq, yarımçıq qalan gənclik, yarımçıq qalan insan həyatıdır. Bəzən bu 3 nöqtə müəllifin və onun qəhrəmanlarının boğazına ilişən düyünlərin, zülmün, qəhərin, carəsizliyin ifadəsidir. Xocalının, Ağdamın, Füzulinin, Şuşanın ifadəsidir. Söhbət Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" kitabından gedir. Kitab "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının dəstəyi ilə nəşr edilmişdir.
Kitab müəllifin 32 ay görüşdüyü, erməni əsirliyindən xilas olmuş, sağ qalmış insanların danışdığı, yaddaşlara güllə kimi sancılan 9 hekayədən ibarətdir. Əsəri oxuduqca onun qəhrəmanları kimi siz də özünüzü əsir düşərgəsində hiss edəcəksiniz. Nə qədər ağır olsa da, bunu etməyə borcluyuq, borclusunuz.
Kitabda yer alan 9 hekayə - "Alça ağacının altındakı məzar", "Qarın qanatdığı yaddaş", "Ölümə alışmalıyıq", "Burada saat lazım olmur", "Əcələ iməkləmək", "De ki, atam tez qayıdacaq", "125 günə qocalmaq", "Qızımı görmədinizmi?", "Ən kədərli vidalaşma" - hətta adı ilə belə çox şey deyir. Hər hekayənin qəhrəmanlarının portreti eynidir: ayaqyalın, başıaçıq, şaxtadan don vurmuş, döyülmüş, işgəncə görmüş, ac, susuz, çarəsiz... Kimdir bu qəhrəmanlar? Öz əli ilə övladını dəfn edən atalar, düşmən əlinə keçməsin deyə bacısını güllələyən qardaşlar, övladı şikəst edilərək qucağına verilən analar, ata-anasına edilən işgəncələrə şahid olan uşaqlar, Murov dağını ayaqyalın aşan qocalar, özlərinə ölüm arzulayan qız-gəlinlər... Müəllifin də qeyd etdiyi kimi, həqiqət o qədər ağırdır ki, bizim onun üzünə baxmağa gücümüz çatacaqmı?!
Erməni əsirliyindən dəyişdirilərək xilas olan, sağ qalan qəhrəmanlar haqqında oxuduqda bunun necə "sağ qalmaq" olduğunu anlayacaqsınız. İlk hekayənin qəhrəmanı Xəqani Əliyev Ağdamda erməni gülləsinə tuş gələn 8 yaşlı oğlu Nicatı bir vaxtlar onun üçün yüyürük asdığı alça ağacının altında öz əllərilə dəfn edir. Özü və kiçik oğlu Şövqi girov götürülür. Min cür işgəncələrə məruz qalan Xəqaninin bütün girovlar kimi qızıl dişləri kəlbətinlə çıxarılır. Bu bir qaydadır, bütün girovları döyməyə yaralarından təpikləyərək başlayırlar. Oğlu Şövqi isə uşaqlığını qoluna bağlanmış İlizarov aparatı ilə oynamaqla keçirir. Şövqi kiçilmiş sol qolunda bu yaranı ömürlük daşıyacaq...
Azyaşlı girovlardan biri də Sirac Əliməmmədovdur. Atası Yaşar onun gözləri qarşısında ölümcül halda döyülmüş, işgəncələrə məruz qalmışdır. Sirac atasının zarıma səsi ilə həyatda qalır: "Sirac xoşbəxt idi. İndi onun atası tövlədəki bütün uşaqların atası kimi zarıyırdı".
Girovlar içərisində 1993-cü ildə Milli Ordu sıralarına yazılan türkiyəli kəşfiyyatçı Atilla Yumak da var. 2 il 40 gün girovluqda qalan Yumak azad olandan sonra da gördüyü işgəncələrə görə uzun müddət xəstəxanada yatır, ailəsi pərən-pərən olur.
O vaxt ordumuzda döyüşən Türkiyə vətəndaşı təkcə Atilla Yumak deyildi. Türkü heç kimə əzdirməmək üçün, vətən, millət üçün 100-dən çox könüllü Türkiyənin müxtəlif yerlərindən gələrək Qarabağ müharibəsində iştirak edirdi. İki dövlət bir millət olduğumuzu göstərən daha bir məqam. Və girovların dilindən eşidirik ki, ermənilər bizi "türk" deyə adlandırırlar, onlar da bizi bir millət olaraq görürlər.
Bizim qəhrəmanlarla tanış olduq, indi isə erməni "qəhrəman"- larının ümumiləşdirilmiş siması ilə tanış olaq. "Ermənistan anası" adlandırılan, "Hərbi xidmətlərə görə", "İgidliyə görə" medalları ilə təltif edilən Aida Sergeyevna Serobyan... Bəs, bu "igidlik" nədən ibarətdir? Aida Serebyan onlarla yeni doğulmuş körpəni ömürlük şikəst edən, yaralı girovlara qarşı amansızlığı ilə seçilən, onları narkozsuz amputasiya edən və bundan böyük zövq alan İblis xislətli qadındır. Və Ermənistanın da "qəhrəman"ı ancaq bu qədər ola bilərdi...
Vüsalə Məmmədovanın danışdırdığı və ya danışdıra bilmədiyi girovların hekayəsindən başqa yüzlərlə bilmədiyimiz başqa hekayələr də var. Adı indiyədək erməni girovluğunda olan 21 uşağın, 1 vertolyot qız-gəlinin, itkin düşən nə qədər insanımızın taleyi hələ də bəlli deyil...
Kitabı oxuyarkən tez-tez hansısa cümlədə, hansısa adda tutulub qalırdım. Üç nöqtələr qarşımı kəsir, boğazımı qurudurdu. Bu adlardan biri də Xocalıdan olan girovlara su paylayan, heç kəsin onun gözünün içinə baxmağa cəsarəti çatmayan Dürdanə idi:
- Sən də mənim qızım, elə et ki...
- Neyləyim?!
- Bilmirəm bala, bilmirəm nə elə, amma elə et ki, səni dəyişsinlər... Özü də tez dəyişsinlər...
Kitabı ordumuzun böyük zəfərindən sonra oxumuş olmağıma çox şükür etdim. Yoxsa, yazılanları həzm etmək, qəbul etmək min qat daha çətin olardı. Ancaq nə qədər çətin olsa da, "Əsir düşərgəsi"ni hər bir azərbaycanlı oxumalıdır. Unutmamaq üçün, yaddaşımızı təzələmək üçün, gələcək nəslə danışmaq üçün...
Əziz oxucu, "Əsir düşərgəsi"ni, soydaşlarımızın nalələrini, hıçqırıqlarını, fəryadlarını sənə də çox tövsiyə edirəm. Bunu bir vəzifə olaraq düşün.
Üç nöqtə ilə başlayan məqaləmə nöqtə qoymaq vaxtıdır.