Tarixlər 8 iyun 1972-ci ili göstərirdi. Bir Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Və sağ qalan uşaqlar alovlar içində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut da orada idi və ona Pulitser Mükafatını qazandıran məşhur fotoşəklini çəkdi. Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq balaça qız) Vyetnam Müharibəsinin simvoluna çevrildi. Bu şəkil həm də Amerikanı dünya ictimaiyyəti qarşısında məhkum edirdi...

1982-ci ildə hollandiyalı bir jurnalist o qızı axtarmağı qərara aldı. Və uzun axtarışlardan sonra o qızı tapdı. Bu qızın adı Kim soyadı Fuk idi. O, bütün bədəni yandığı üçün Sayqonda 14 ay xəstəxanada yatmış, bədəninin yarısından çoxunda üçüncü dərəcəli yanıq olduğu üçün həkimlər ondan ümidlərini üzmüşdülər. Kim Fuk dözülməz ağrılar çəkir, hətta bəzən bu ağrılardan huşunu itirirdi. Ən dəhşətlisi isə çənəsi ilə sinəsi bir-birinə yapışmış, sol əli isə sümüyə qədər yanmışdı.

İllər sonra Kim Fuk Kanadaya köçdü. Onda onun 34 yaşı var idi. Artıq evlənmiş və bir oğlu da olmuşdu. Astma və şəkərdən əziyyət çəkir, tez-tez miqren sancıları keçirirdi. Hələ də bədənində sağalmamış yaralar var idi...

1996-cı ildə Vaşinqtonda Vyetnam Müharibəsinin xatirəsinə bir mərasim keçirildi. Bu mərasimdə Kim Fuk da var idi. Nəhayət, söz Kim Fuka verildi. Çıxışının sonunda o: "Əgər o bombaları atan pilotla üz-üzə gəlsə idim, yəqin ki, ona, "Artıq keçmişi dəyişə bilmərik", deyərdim. Deyərdim və sonra da əlavə edərdim: "Keçmişi dəyişə bilmərik, ancaq gələcəyi dəyişə bilərik. Həm də sülhə xidmət etmək üçün..."

Kim Fuk zaldan çıxmaq istəyirdi ki, kimsə ona bir kağız verdi və əli ilə o kağızı göndərən adamı göstərdi. O, istər-istəməz kağızı göndərən adama baxdı. Adamın əli-ayağı titrəyir və dəhşətli baxışlarla Kimə baxırdı. Sonra Kim Fuk əlindəki kağızı oxudu. Kağızda: "Kim, o pilot mənəm!" sözləri yazılmışdı.

Bəli, o, 8 iyun 1972-ci ildə Vyetnamdakı məbədə napalm bombası atan təyyarənin pilotu Con Plammer idi. Müharibədən sonra uzun illər özünə gələ bilməmiş və o balaca qızın şəklini cibində gəzdirmişdi. Kim bir anlıq o pilota baxdı və sonra qollarını açaraq ona doğru qaçdı...

Sizcə, hansının yarası daha dərin idi?..