Yasin Kərimli 
 

İstəsəydi, ailəsindən miras qalmış bir sandıq dolusu qızılla rahat, rifah içində yaşaya bilərdi, amma o, sandıq dolu qızılları da, öz qazandıqlarını da xalqı yolunda sərf elədi, milli-mədəni irsimizi, qədim əlyazmalarımızı topladı, imkanı yetdiyi qədərini çap elədi. Həbs olunanda da evindən bir yük maşını əlyazma apardılar və NKVD-nin həyətində yandırdılar.

Söhbət Salman Mümtazdan gedir, xalqının vurğunu, sözün hər mənasında böyük türk, 1937-ci il Stalin repressiyasının qurbanı, mədəniyyətimizin ən işıqlı simalarından biri Salman Mümtazdan.

Görkəmli ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mümtaz 1884-cü ildə Şəki şəhərində anadan olmuşdur. Atası Məmmədəmin Məşhədə ziyarətə gedir, geri qayıdarkən yolunu Aşqabaddan salır, xeyli torpaq alıb orada yaşamağa başlayır və qısa bir vaxtda varlanır. Məmmədəmin 32 yaşında ağ ciyər iltihabından vəfat edır və ailəsi Aşqabada köçüb onun var-dövlətinə sahib çıxır. Gənc yaşında dul qalan Zəhra xanım oğulları Salmanla Əsgərin gələcəyini düşünərək bir sandıq alır və övladları böyüyənə qədər onu qızılla doldurur.

Salman uşaq yaşlarından elmə maraq göstərir, Aşqabadda təhsil alır, ərəb və fars dillərini mükəmməl öyrənir. Salman 22 yaşınadək gecə-gündüz öz üzərində çalışır, fars, ərəb, rus, urdu dillərində mütaliələr edir, Şərq ədəbiyyatının incilərini oxuyur, bir çox şeirləri əzbərləyir. Müsəlman xalqların dillərini bilməsi onda Şərq ədəbiyyatına marağı daha da artırır. Aşqabadda yaşadığı 1908-1909-cu illərdə "Molla Nəsrəddin" də daxil olmaqla, Azərbaycanda çap olunan qəzet və jurnalları yaxından izləyir. 1910- cu ildən "Molla Nəsrəddin"də Salman Mümtazın "Xortdan bəy" imzası görünməyə başlayır.

1913-cü ildə Tiflisdə ilk kitabı "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" çap olunur. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə Abbas Səhhətlə də tanış olur, Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitabını nəşr etdirməsinə kömək göstərir. Burada Mirzə Cəlillə dostlaşan Mümtaz "Molla Nəsrəddin" jurnalını hərtərəfli maliyyələşdirir.

Salman Mümtaz 1918-ci ilə qədər Aşqabadda "Molla Nəsrəddin" jurnalında şeirlər və felyetonları ilə dini fanatizm və xurafata qarşı çıxış edir. O, "Molla Nəsrəddin" jurnalının Orta Asiya və digər bölgələrdə yayılmasına da öz köməyini göstərir.

1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdan Salman Mümtaz "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayır. Artıq bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Salman Mümtaz Azərbaycanı erməni-rus istilasından xilas etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı və Osmanlı dövlətinin hərbi naziri, siyasi xadim Ənvər Paşanı yüksək qiymətləndirirdi. 1918-ci ildə Salman Mümtaz Nuru Paşa ilə görüşərək, ona həsr etdiyi "Öyün, millət" qəzəlini söyləyir. Ənvər Paşaya isə "Ənvəriyyə" müxəmməsini həsr edir. Salman Mümtaz tədqiqata daha çox üstünlük verirdi. O, bütün gücünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiq edilməsinə və nəşr olunmasına yönəltmişdi.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra klassik ədəbi irsin toplanması, tədqiq edilməsi və nəşr olunması sahəsində fəaliyyət göstərmiş, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarmışdı. Salman Mümtaz bütün varlığı ilə Azərbaycan klassiklərinin yaradıcılığından soraqları toplamağa və araşdırmağa başlayır. Təkcə bir faktı demək kifayətdir ki, Salman Mümtaz 1920-1925-ci illərdə 200-ə qədər Azərbaycan ədəbiyyatı nümayəndələrinin irsindən soraq verən müxtəlif kitabları, kitabçaları, əlyazmaları toplamışdı. 1937-ci ildə həbs olunarkən min bir əzab-əziyyət bahasına topladığı bir yük maşını əlyazmaları yandırılaraq məhv edildi.

Salman Mümtazın inadlı araşdırmalarının yarıda qalması Azərbaycan ədəbiyyatşünaslığına, mədəniyyətinə böyük zərbə oldu. Onun ərəb və fars dillərini mükəmməl bilməsi müxtəlif əlyazmaları toplamasında, araşdırmasında karına gəlirdi.

Bu gün Salman Mümtazın topladığı əlyazmaların çox az qismi əlimizdədir. Azərbaycan folkloruna dair xeyli sayda toplamaları da olduqca qiymətlidir. Bu gün Salman Mümtazın adını daşıyan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur bu elm fədaisi, xalqının vurğunu olan şəxs barədə belə deyir: "Azərbaycan latın qrafikalı əlifbaya keçdikdən sonra Salman Mümtaz sabaha qalsın deyə, ləngimədən latın əlifbasını da mükəmməl öyrəndi, topladığı soraqlardan bu əlifbaya köçürdü. Bu gün Salman Mümtazın şəxsi fondunda topladığı folklor nümunələri ilə yanaşı Azərbaycan klassik ədəbiyyatı nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və başqaları ilə bağlı topladıqlarının az bir qismi bizdədir. Salman Mümtaz ədəbiyyatımızın əsl cəfakeşi idi. Onun fədakarlığı indiki və gələcək nəsillərimiz üçün nümunədir. Salman Mümtaz eşidəndə ki, filan yerdə filankəsdə bir qiymətli əlyazma var, ləngimədən həmin yerə gedər, çoxlu pul vermək bahasına da olsa, həmin əlyazmanı alardı, nağdı pulu olmadıqda qiymətli bir əşyasını girov qoyardı. Bu, əsl yurddaşlıq, xalqın mənəvi sərvətinə təəssübkeşlik nümunəsidir."

Salman Mümtaz 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədri oldu. Həmçinin, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərə, Məhəmməd Füzuli əsərlərinin üç cildinə, "250 şair" yığmasına, "Xətai" divanına, "Səid Əhməd Xətif", "Əli Bakuvi", "Şəki savları" və s. nəşrlərinə redaktorluq etdi.

1925-1926-cı illərdə Salman Mümtaz Azərbaycan ədəbiyyatı seriyasından 24 şairin - İmadəddin Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Məhəmmədhüseyn xan Müştaq və başqalarının kitablarını çap etdirdi. Bunların bir çoxu həmin şairlərin əsərlərinin ilk toplu nəşri idi. Aşıq poeziyası nümunələrindən "El şairləri" kitabını və Sarı Aşığın bayatılarını nəşr etdirdi.

Salman Mümtaz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak etdi, iştirakçılara "Nəsimi" adlı yeni kitabını hədiyyə etdi. Qurultayda iştirak edənlər tatar ədəbiyyatçı Əziz Qubaydullin çıxış edərək Salman Mümtazın fəaliyyətini yüksək qiymətləndirdi. 1926-cı ildə Mümtazın şəxsi kitabxanası ilə tanış olan akademiklər Vasili Bartold və Sergey Oldenburq kitabxananın elmi quruluşuna, çoxsaylı tərtibatına, buradakı əlyazmaların zənginliyinə heyran qaldılar. Salman Mümtaz öz fəaliyyəti və yaradıcılığı dövründə 1925-1932-ci illərdə Azərbaycan SSR rəhbərliyinin ədəbiyyat və incəsənət sahələri üzrə fərmanlarından müəyyən dərəcədə ilhamlandı. Beləliklə, bu dövrdə Mümtaz müxtəlif əsərlər yazdı və yeni kitablar nəşr etdirdi.

Salman Mümtaz 1934-cü ildə Moskvada SSRİ yazıçılarının birinci qurultayında iştirak edir. Qurultayda iştirakçı olan Məmməd Kazım Ələkbərli çıxış edərək şair Mirzə Şəfi Vazehin mirasının və onun Azərbaycan ədəbiyyatında misilsiz xidmətlərinin öyrənilməsində Salman Mümtazın böyük rolu olduğunu qeyd edir. Salman Mümtaz Maksim Qorki ilə də yaxın dost idi.

Doğma yurdunun vurğunu olan Mümtaz Azərbaycanı kənd-kənd, oba-oba dolaşmış, şəhərlərin və kəndlərin coğrafi adlarını mənimsəmişdi. Salman Mümtaz bel çantası və çarığı ilə səyahət edirdi.

Salman Mümtaz 1929-cu ildən həbs olunduğu 1937-ci ilin iyun ayına qədər müxtəlif elmi müəssisələrdə işləyərək klassik ədəbiyyatımızın tədqiqatı sahəsində böyük işlər gördü. O, həmçinin, Azərbaycan ədəbiyyatı klassikləri əsərlərinin tərtibatı üzərində işlədi; İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Həbibinin, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, İsmayıl bəy Qutqaşınlının və başqalarının bioqrafiyasını və əsərlərini, Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin xatirələrini çap etdirdi. O, məşhur satirik şair Mirzə Ələkbər Sabirlə yaxın dost idi. Salman Mümtazın bir maraq dairəsi də Mirzə Ələkbər Sabirin əsərlərini oxumaq və həyatı haqqında yazmaq idi.

Salman Mümtaz dövri mətbuatda "Aşqabadlı", "Vasvası", "Eşşəkarısı", "Mömin çinovnik", "Mümtaz" (ərəb dilindən tərcümədə bu söz "başqalarından seçilən", "seçilmiş" mənasını verir), "Sağsağan", "Sərçə", "Sərçəqulu", "S. M.", "S. Əsgərov", "Türkməndost", "Xortdanqulu bəy", "Xortdanbəyzadə", "Çalağan" və başqa imzalar altında satirik və lirik şeirlər, məqalə və felyetonlar, nəsr əsərləri yazdı.

Hamıdan əvvəl Mirzə Ələkbər Sabir və Mirzə Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlərdən mənəvi güc alan Salman Mümtazın bədii yaradıcılığı Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Sadiq (Seyid Hüseyn), Abdulla Şaiq, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi dostları ilə ünsiyyətdə ərsəyə gəldi.

1937-ci ilin mart ayında ən yüksək nöqtəsinə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçmədi. Eyni ilin 10 iyun tarixində Salman Mümtaz Azərbaycan Yazıçılar Birliyindən azad edildi və 8 oktyabr 1937-ci il tarixində həbs olundu. Salman Mümtaz nadir əlyazmaları və kitabları toplamağa və tədqiq etməyə davam edirdi. O, uzun illər boyu əldə etdiyi qiymətli əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə" adlandırdığı öz şəxsi kitabxanasında toplayırdı. Vaxtının əsas hissəsini də bu kitabxanada keçirirdi.

Şahidlərin dediyinə görə Salman Mümtaz həbs olunanda onun evindən bir yük maşını əlyazma və kitablar aparılır. Araşdırmalar nəticəsində həmin əlyazma və kitabların NKVD-nin həyətində yandırıldığı məlum olur. 10 il həbs cəzasına məhkum edilən Salman Mümtaz 1941-ci ilin oktyabrında Rusiyanın Oryol şəhərində güllələnərək öldürülür. Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi 1996-cı ildən Salman Mümtazın adını daşıyır.