Onlar tarixin axarını dəyişdilər. Tarix onlarla yeniləndi, 150 ildən bəri davam edən zülm onların sipər köksündə parçalanıb ayaqlar altına töküldü. Bu qisası qiyamətə buraxmadılar, qurd basan arxalı köpəklərin belini qırdılar, utana-utana, əzilə-əzilə özünə yer edəndən sonra həyasızlaşıb hər şeyə sahib çıxmaq istəyən üzsüzləri iti qovan kimi qovdular.
Onlar bizim vüqarımızı, şərəfimizi, heysiyyətimizi geri aldılar və bu xalq onlarla bir daha yenidən doğuldu, ucaldı, şərəf, heysiyyət sahibi oldu. Onlarla bizim üzümüz ağardı, başımız ucaldı. Onlar bizim qürur yerimiz, dilimizin əzbəri, əzizlərimizdir. Biz bizə bu zəfər sevincini yaşadan şəhidlərimizə çox şeylər borcluyuq.
Dünya haqdan, ədalətdən nə qədər danışırsa-danışsın, kim qalxıb öz haqqını almaq üçün vuruşmasa, deyilənlər quru sözdən o yana keçmir. Bizim haqlı olduğumuzu dünya bilirdi, amma hər kəs məsələyə öz marağı ilə yanaşırdı.
XIX əsrin sonunda da, XX əsrin əvvəlində də, axırında da üstümüzə ayaq açdılar, hər dəfə də eyni mərkəzdən təlimat, dəstək aldılar.
Əlimizdə silahımız olmasa da, vuruşmağa güçümüz, qətiyyətimiz var idi, hər dəfə də minlərlə şəhid verirdik, amma həmişə olduğu kimi, yenə şimaldan uzanan zalım əli nəticəni düşmənin xeyrinə çevirirdi.
Tarix kitabları "daşnak-menşevik", "daşnak-bolşevik" ifadələri ilə doludur. İstər çar Rusiyası dövründə olsun, istərsə də sovet hakimiyyəti illərində Rusiyanın ermənilərdən bizə qarşı bir alət kimi istifadə etməsi danılmaz həqiqətdir. Yəni, ermənilər hər zaman bir vassal rolunu icra edirdilər və bunun qarşılığında ağalarından müəyyən mükafatlar alırdılar. Bu mükafatlar da əksər hallarda bizdən zorla qoparılaraq, ermənilərə verilən torpaqlar olurdu. Təsəvvür edirsinizmi, sovet hakimiyyətinin ilk illərində ermənilərin İrana çıxışını təmin edən Zəngəzur bizdən qoparılaraq onlara verilmişdi, sovetin sonuncu onilliyində də Qazax rayonu ərazisindən 5 min hektar torpaq bu acgöz, zalım qonşuların hesabına keçirilmişdi. Bütün bunlara etiraz olmurdumu, əlbəttə ki, olurdu, amma sovetin nə qədər zalım, amansız olduğu hər kəsə məlum idi. Sovet diktaturasının Macarıstanda, Çexoslovakiyada törətdiyi dəhşətli hadisələr fonunda imperiya bayrağı altında olan hər hansı respublikada nələr edəcəyini təsəvvür etmək heç də çətin deyil. Ötən əsrin 30-cu illərində kollektivləşmə siyasətinə qarşı çıxan hər kəsi ailəsi ilə birlikdə məhv edən, 1944-cü ildə kişiləri faşistlərə qarşı müharibədə olan Ahıska türklərini heyvan daşınan vaqonlara dolduraraq yurd-yuvasından didərgin salan, müharibədən sonrakı illərdə Ukraynada süni aclıq yaradaraq milyonlarla insanı məhv edən zalım bir rejimdən hansı ədaləti, hansı insanlığı gözləmək olardı? 20 Yanvar hadisələrini yada salaq. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə imperiya qoşunları tanklarla Bakıya və digər şəhərlərimizə soxuldular, kütləvi qırğınlar həyata keçirdilər. Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Moskva elə bildi ki, xalqı qorxudub susdura biləcək, amma hər şey əksinə oldu, milyondan çox insan Bakı küçələrinə axışdı, şəhid tabutları insan dəryasında Azadlıq Meydanından indiki Şəhidlər Xiyabanına doğru üzməyə başladı. Bu ünvan təsadüfən seçilməmişdi, haranı qazırdılarsa, insan skeleti çıxırdı. Məlum oldu ki, burada 1918-ci ilin mart qırğınlarında qətlə yetirilmiş soydaşlarımız dəfn olunub. Beləcə, şəhid nəvələr şəhid babaların ağuşuna əmanət edildilər. Bütün bu başımıza gələnlərdə ermənilər və onların havadarları baş rolda idilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xankəndidəki 366-cı motoatıcı alayın rus və ermənilərdən ibarət quldurları Xocalıda soyqırım həyata keçirdilər. 613 Xocalı sakini qətlə yetirildi, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin taleyi hələ də məlum deyil.
Bəli, bura qədər söylədiklərimiz tarixə qısa bir ekskurs idi. Allaha şükürlər olsun ki, artıq o deyilənlər hamısı keçmişdə qaldı. Biz artıq azad, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2020-ci ilə qədər azadlığımız da, müstəqilliyimiz də yarımçıq idi. Biz o azadlığa, müstəqilliyə sevinə bilmirdik, çünki Qarabağımız hələ də düşmən tapdağı altında qalmışdı. Haqlı olduğumuz halda özümüzdən kiçik, özümüzdən zəif ermənilərdən torpaqlarımızı ala bilmirdik, çünki hamiləri buna imkan vermirdilər. Amma Allah o tarixi şəraiti bizə lütf etdi, biz qardaş Türkiyənin də dəstəyini alaraq bütün gücümüzü səfərbər etdik və erməniləri qarşımızda diz çökdürdük. Bu, bizim üçün yeni tarixin, yeni eranın başlanğıcı idi. Dünənə qədər bizi zəif hesab edənlər (hətta rişxənd edənlər) 44 günlük müharibədə qazandığımız o parlaq zəfərdən sonra bizə heyrətlə baxmağa başladılar. Bəli, biz dünyanın haqsız üzünə qarşı durduq, vuruşduq və haqqımızı aldıq.
Bəli, 2020-ci ilin 27 sentyabrı bizim üçün yeni bir tarixi mərhələnin başlanğıcıdır. Həmin gün ermənilərin növbəti təxribatına cavab olaraq hücuma keçən ordumuz qısa müddət ərzində kənd və şəhərlərimizi bir-birinin ardınca azad etməyə başladılar. Hər gün irəliləyən ordumuz xalqımızı illərdən bəri həsrətində olduğu zəfər sevinci ilə müjdələyirdi. Xalqımız bir yumruq kimi birləşmişdi. Yaşından, işindən asılı olmayaraq hər bir vətəndaşımız cəbhəyə getməyə, düşməndən qisas almağa can atırdı. Ancaq ordumuzun gücü düşməni diz çökdürməyə kifayət edirdi və o gün çox da uzaq deyildi. Döyüş meydanında əlindən bir şey gəlməyən, hər cür silah-sursatla dolu səngərləri qoyub qaçan ermənilər ordumuzu dayandırmaq üçün yenə də ən alçaq yollara əl atdılar, böyük dağıdıcı gücə malik raketlərlə dinc şəhərlərimizi atəşə tutdular. Gəncə, Bərdə, Tərtər şəhərləri daha çox zərər gördülər. Gəncədəki o mənzərələr, üzü-gözü qana boynamış məsum körpələr hələ də gözlərimiz önündədir.
Noyabrın 8-də çoxlarının imkansız hesab etdiyi hadisə baş verdi. Yüngül silahlarla silahlanmiş igidlərimiz sərt qayalardan dırmaşaraq Şuşaya daxil oldular və bu tarixi şəhər uğrunda ölüm-qalım savaşına girdilər. Ermənilər dəhşətə qapılmışdılar və artıq məğlub olduqlarını anlayaraq meydandan qaçırdılar. O gün biz Şuşamızı geri ala bildik. Bu elə bir zəfər idi ki, artıq düşmənin diz çökməkdən başqa çarəsi qalmamışdı. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və əslində, bu, düşmənə vurulan son zərbə oldu.
Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini nümayiş etdirdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yerinə yetirdilər.
İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləri də öyrədiləcək. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də, qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçəneçə oğulların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq, zəfər də çala bilməzdik. Torpaq - uğrunda ölən varsa, Vətəndir. Acı da olsa, həqiqət budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu gün bütün düyna gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. 44 gündə əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığı və cəsarəti hesabına qazanıldı.
Qazandığımız bu parlaq zəfər 2783 igidimizin canı bahasına əldə edildi. 1200- dən çox yaralımız, 100-dən çox itkinimiz var. Düşmən tərəfin itkisi isə təxminən 5 dəfə artıqdır. Araşdırmalar göstərir ki, bizim əsgərlərimizin çoxu snayper, mina və minamyot yarasından şəhid oldu, yəni, düşmən bizə üz-üzə döyüşdə deyil, uzaqdan, gizlənərək, məkrli yollarla zərər verdi.
Bu tarixi zəfərdən söhbət açanda Birinci Qarabağ Müharibəsinin qəhrəmanlarını yad etməmək haqsızlıq olar. Əliyar Əliyevin, Asif Məhərrəmovun, Allahverdi Bağırovun, Mübariz Qasımovun, 2016-cı ilin aprel şəhidlərinin şəxsində o igidlərimizin hamısına Allahdan rəhmət diləyirik. Bu gün Azərbaycana bu qüruru, bu şərəfi yaşadan əsgər və zabitlərimizin çoxu onlardan təsirləndi, onlardan öyrəndilər. Təkbaşına bir erməni hərbi hissəsini dağıdan Mübariz İbrahimov, əsgərini övladı kimi sevən, adı gələndə düşmənin canına vəlvələ düşən generalımız Polad Həşimov bu zəfərin qazanılmasında böyük pay sahibləridir.
Uca kitabımız Qurani-Kərimdə buyurulur ki, Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Uca kitabımızın onlarla ayəsində şəhidlik və axirət həyatından bəhs edilir. Axirət həyatına inanmaq insanın kimliyini müəyyən edən ən mühüm faktorlardan biridir. Təbii ki, inananla inanmayan bir olmaz. Şəhidlik axirət sevdasıdır. Haqq yolunda can əmanətini sevə-sevə təslim etməkdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis olundu.
Şəhid bir evin deyil, bir elin deyil, bütöv bir xalqındır. Şəhidlərin əmanət qoyub getdikləri ailələrə, övladlara göz bəbəyi kimi baxmaq da hər bir insanımızın vətəndaşlıq borcudur.