15 il əvvəl heç bir yerdə adı olmayan, təcrübəsiz bir yazıçı idim. Bir gün mühüm bir yazı üzərində düşünmək üçün tənha bir parka getmişdim. Bir il əvvəl nişanlandığım qızla heç cür evlənməyə cəsarət edə bilmirdim. Çünki əldə etdiyim gəlirlə ancaq özümü dolandıra bilirdim. Gələn il də bu vəziyyətdə ciddi dəyişiklik olacağına inanmırdım. Üstəlik, bu vəziyyətlə gələcək həyat yoldaşımla (əvvəlcədən də planlaşdırdığımız kimi) Avropada necə yaşayacaq, necə yazacaqdım? Elə bu vaxt bir dələnin bir ağacdan başqa bir ağaca tullanmaq istədiyini gördüm. Dələ o qədər uzaq bir budağı nişan almışdı ki, onun hər dəqiqə yerə düşəcəyindən qorxurdum. Dələ, doğrudan da, mən düşündüyüm kimi, o budağa tullana bilmədi. Ancaq az qala yerə düşəcəkdi ki, yarım metr aşağıdaki başqa bir budaqdan tutub canını qurtardı. Bundan sonra da heç bir əziyyət çəkmədən göz qoyduğu o budağa tullandı. Yanımda oturan bir qoca:
- Dələlərin belə ağacdan-ağaca tullanmalarına bəlkə yüz dəfə şahid oldum, - dedi, - Hətta yerdə onlar üçün bir təhlükə olsa belə, yenə öz cəhdlərindən əl çəkmədilər. Üstəlik, bu cəhdlərindən bir dəfə də olsun, zərər görmədilər.
Qoca bir qədər dayandı və sonra da öz fikrini bu sözlərlə bitirdi:
- Əgər dələlər bütün həyatlarını tək bir ağacda keçirmək istəmirlərsə, deməli, bir ağacdan başqa ağaca tullanmalıdırlar...
Qocanın bu sözləri mənə çox təsir etdi və öz-özümə: "Adi bir dələ belə öz gücünü sınamaqdan çəkinmir. Bəs, mən niyə adi bir dələ qədər ola bilmirəm?" - deyə düşündüm.
Bu hadisədən iki həftə sonra nişanlımla evləndik. Və yol pulumuzu tədarük edər-etməz Avropaya üz tutduq. İndi mən həmişəkindən də çox işləməyə başlamışdım. Odur ki, çox keçməmiş (hətta ilk vaxtlar çox çətinlik çəksəm belə) bütün işlərimi öz qaydasına qoydum.
Üç il sonra həyat yoldaşımla yenidən Nyu-Yorka qayıtdıq. Nyu-Yorka yenicə alışmışdıq ki, bir dostum məni xarici ölkələrlə bağlı təəssüratlarım barədə konfrans verməyə dəvət etdi. Ancaq mən:
- İncimə dostum, bilirəm ki, dinləyicilərin qarşısına çıxsam, dilim tutulacaq, - deyə onun təklifini rədd etdim.
Bunu görən həyat yoldaşım:
- Bəs, dələni nə tez unutdun? - deyə müdaxilə etdi.
Əlbəttə ki, mən onun bu sözlərlə mənə nə demək istədiyini çox yaxşı bilirdim. Ona görə də, bu sözlərin təsiri ilə sonrakı aylarda 20-dən çox konfrans verdim. Dinləyicilərin diqqətini özümə cəlb etməyi bacardığım üçün isə bu yeni təcrübədən zövq almağa başlamışdım.
O gündən məni qorxudan bir şey olsa, həmişə o dələni xatırlayıram. Təbii ki, mənə o dələnin sirrini açan o qocanı da: "Əgər dələlər bütün həyatlarını tək bir ağacda keçirmək istəmirlərsə, deməli, bir ağacdan başqa ağaca tullanmalıdırlar"...