Təhsil Nazirliyi Azərbaycanda bir çox məktəblərdə bu layihəni tətbiq edir. İngilis dilində "Science" (Elm), "Technology" (Texnologiya), "Engineering" (Mühəndislik), "Art" (İncəsənət), və "Math" (Riyaziyyat) sözlərinin baş hərfləridir. Layihənin start götürdüyü il isə 2019-cu ildir. Layihənin tətbiqində əsas məqsəd inkişaf etmiş ölkələrdə tətbiq olunmağa başlayan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Həmçinin, şagirdlərdə tənqidi düşüncə, kreativlik, əməkdaşlıq, praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiq edilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq edərək müasir İKT avadanlıqlarından istifadə olunması və sair kimi 21-ci əsr bacarıqlarını formalaşdırmaqdır.
STEAM təhsili şagirdlərə beş sahənin, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulur. Bu layihənin kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Hədəflənən əsas yol ənənəvi metodlardan uzaqlaşmaq, yeni qaydalarla həmin sahələri şagirdlərə sevdirmək, onların uğur qazanmasına səbəb olmaqdır.
Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili şagirdlərə təkcə praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini göstərmir, həm də şagirdlərə mühəndislik səriştələri aşılayaraq, onların real həyatda problemlərin həlli zamanı tətbiqini öyrədir. Bir sözlə, STEAM təhsili hansı peşəni seçməsindən asılı olmayaraq şagirdləri həyata hazırlayır.
Layihənin tətbiq edildiyi məktəbləri Təhsil Nazirliyi lazım olan təlim avadanlığı və inventarlarla təmin edir. STEAM təhsilinin tədrisi məqsədi ilə müəllimlər xarici ölkələrdə təlimlərdə iştirak edirlər. Onlar daha sonra həmin informasiyalarla şagirdlərin STEAM layihəsi üzrə yetişdirilməsində iştirak edirlər. Həmçinin, onların 21-ci əsrdə müasir elm və texnologiyalarla daha yaxşı şəkildə davranmaları təmin edilir.
Layihənin əhatə olunduğu ümumtəhsil məktəblərində dərslər "3D çap", "Mikrobitlə proqramlaşdırma", "Elektrik mühəndisliyi", "Biotexnologiya", "Nanotexnologiya", "Robototexnika", "Gen mühəndisliyi", "CNC lazer kəsiciləri", "Pilotsuz uçuş aparatları (və ya başqa sözlə, təhsil dronları)", "Sahibkarlıq" modulları istiqamətində hazırlanmış kurikuluma uyğun şəkildə tədris olunur.
Qeyd etmək lazımdır ki, 21-ci əsr müasir texnologiyaların, yeni elmi hadisələrin, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən yeni nəsil şagirdlər müasir tələblərə cavab verən sahələri yaxşı bilməlidirlər. STEAM layihəsinin də əsas hədəflərindən biri budur. Ortaya qoyulan hədəf olduqca uğurlu görünür, ancaq burada əsas məsələ həmin metodların şagirdlərə sevdirilməsi, aşılanmasıdır. Misal üçün hər şagird müasir texnologiyalardan sayılan mobil telefonu sevir və orada müxtəlif proqramlar vasitəsilə videoların montaj edilməsi, şəkillərin dizayn olunması, səslər üzərində iş və sair kimi prosesləri sevərək yerinə yetirir. Eyni ilə şagirdin paralel müasir texnologiyaları da sevməsi (və bilməsi) həyata keçirilməlidir. Burada diqqət olunmalı əsas hədəf tətbiq metodudur. Əks halda, bütün layihələr mükəmməlliyindən asılı olmayaraq içi boş bir prosesə çevirlər.
STEAM üzrə qurulan dövlət saytlarında yerləşdirilən məlumatlarda bildirilir ki, şagirdlərdə düşüncə və təfəkkürü daha da dərindən formalaşdırmaq layihənin başqa bir məqsədidir. Hədəflərdən biri də şagirdlərdə istehsal təfəkkürünün formalaşmasıdır. Yəni, şagird qarşısındakı alətin necə hazırlandığını, hansı materiallardan istifadə olunduğunu düşünərək, sual verərək öyrənmək bacarığına malik olmalıdır. Şagirdlər birgə işlədiyi vaxt verilən alətlərlə prototiplər hazırlaya bilirlər. Sonra şagirdlər bunu konveyer üsulu ilə bazarda necə hazırlamaq mümkün olduğunu düşünürlər. Bütün bunlar təbii ki, çox müsbət haldır. Amma bu sahəyə maddi dəstək ayırmaq, nəticə əldə olunana qədər bu dəstəyi davam etdirmək labüddür. Çünki təkcə əldə olunan cüzi imkanlarla kifayətlənmək və nəticədə, bundan böyük işlər gözləmək də anormal bir hal olar və ölkəni də, elmi də uçuruma aparar. Belə vəziyyətdə biz aramızdakı "texnologiya aşiqlərini" də itirərik. Beləcə, onlar daha yaxşı imkanların verildiyi ölkələrə üz tutarlar.
Məlumat üçün deyək ki, STEAM təhsili dünya təhsil sistemində keyfiyyətin yüksəldilməsi ilə bağlı bir çox ölkələrin diqqətini cəlb edir. Buna misal olaraq göstərə bilərik ki, ABŞ təhsil sistemində məktəbəqədər yaş qrupundan başlayaraq, XII sinifə qədər bütün səviyyələrdə inteqrasiya olunmuş STEAM proqramı tətbiq olunur. Bundan əlavə, ABŞ, Sinqapur, İsrail, Türkiyə və sair kimi dövlətlərdə xüsusi STEAM məktəbləri, STEAM mərkəzləri var.
STEAM və komanda şəklində iş
Bəhs etdiyimiz layihənin ən üstün cəhətlərindən biri də şagirdlərin bir sahə üzrə komanda şəklində işləyə bilməsidir. Misal üçün riyaziyyatı daha yaxşı bilən şagird istehsalın riyazi tərəflərini analiz edirsə, rəsm bacarığı olan digər şagird isə onun dizayn işini görür. Beləliklə, komanda şəklində görülən iş sayəsində daha yaxşı nəticə əldə olunur. Bu, eyni zamanda fənlərarası inteqrasiyanı da ön plana çıxarır.