Müasir dövrdə reklam sahəsinin ən vacib mərhələlərindən biri də dizayn işidir. Bu gün ölkəmizdə də kifayət qədər bu işlə məşğul olan qrafik-dizaynerlər var. Lakin qrafik-dizayn həm də bir incəsənət, rəssamlıq işidir. Yəni, bu sahə ilə məşğul olan insanlar eyni zamanda yaradıcı sənətkarlardır. Biz bunu əsasən sosial şəbəkələrdə qarşımıza çıxan qrafik-dizayn nümunələrindən də görə bilirik. Hansı ki, həmin yaradıcılıq nümunələrini diqqətlə incələyir, hətta, bəzən onlara heyran oluruq.
Əminliklə deyə bilərik ki, ölkəmizdə qrafik-dizayn dedikdə ilk ağla gələnlərdən biri də Rəsul Həsəndir. Azərbaycan dizayn sferasında öz dəst-xətti ilə seçilən Rəsul Həsənin ərsəyə gətirdiyi yaradıcı işlər sosial şəbəkələrdə hər kəs tərəfindən təqdir edilir, maraqla qarşılanır. Biz də müsahibimizi həm daha yaxından tanımaq, həm də qrafik-dizayn sahəsini daha yaxından öyrənmək üçün onunla həmsöhbət olduq.
- Qrafik-dizayn və qrafik-dizayner dilimizə yeni daxil olmuş terminlərdir. Bu sahədən ümumiyyətlə anlayışı olmayan bir insana qrafik-dizaynın nə olduğunu necə izah edərdiniz?
- Ümumiyyətlə, bu sənət görünən təsvirlə müştəri və ya tamaşaçı arasında vizual olaraq əlaqəni qurmaq üçün bir vasitədir. Bu, poster ola bilər, loqo ola bilər, məhsulun etiketi ola bilər. İnsanlarla hər hansı bir məhsul və ya xidmət arasında əlaqəni yaradır. Qrafik-dizayner isə bu vizual kommunikasiyanı ərsəyə gətirir.
- Sizdə qrafik-dizayna maraq necə yarandı?
- Mən 2004-cü ildən bu sahə ilə məşğulam. Amma mən məşğul olanda heç bilmirdim ki, dizayn nədir, qrafik-dizayner kimdir və s. Rəsmə, təsvirə, qrafikaya böyük marağım var idi. Qrafik proqramlarda eksperimentlər aparmaq xoşuma gəlirdi. Bu şəkildə özümü inkişaf etdirdim və artıq 2009-cu ildən bir reklam şirkətində dizayner olaraq işə düzəldim. 10 ildən artıqdır ki, bu sahədə işləyirəm. Gördüyüm işdən zövq alıram. Baxmayaraq ki, bu işlə çox məşğul oluram, heç vaxt yorulmuram.
- Bu gün Azərbaycanda qrafik-dizayn deyiləndə ilk ağla gələnlərdən biri sizsiniz, buna necə nail oldunuz?
- Məndən daha peşəkarları da var. Ola bilsin ki, auditoriyaya işimi daha yaxşı təqdim edirəm və işimi daha çox adam bəyənir. Təbii ki, mən daim özünü brendləşdirmə yolunda addımlar atmışam. Çalışmışam ki, özümü cəmiyyətə daha düzgün təqdim edim. Görsünlər ki, bu adam işinin peşəkarıdır. Maksimum əlimdə olan kanallar vasitəsilə - bu sosial media da ola bilər, televiziya da ola bilər - layihələr təqdim etməyə çalışmışam. Mənə görə iş təkcə müştəri və dizayner arasında olan əlaqə deyil. Yəni, adam işlədiyi sahədə yeniliklər, şəxsi təşəbbüsdən gələn layihələr etməlidir ki, özünü hərtərəfli şəkildə cəmiyyətə göstərə bilsin.
- Deyirlər, qrafik-dizayn həm də incəsənət işidir, incəsənət və ya rəssamlıq qabiliyyəti olmayan insanlar da qrafik-dizayner ola bilərmi?
- Qrafik-dizayn sözünün özündə qrafika sözü var, yəni təsvir. Ona görə bu sahəyə gəlmək istəyən şəxsdə müəyyən baza bilikləri olmalıdır. Adam var ki, ümumiyyətlə nəsə çəkə bilmir. Məncə o adamlar bu sahəyə gəlməklə vaxt itirirlər. Müəyyən bir əl qabiliyyəti olmalıdır. Yoxdursa, inkişaf etdirib başlamaq daha yaxşıdır. Çünki loqo üçün, poster üçün lazım olan illüstrasiya əldə çəkilir ki, bu da əl qabiliyyəti tələb edir. Təbii ki, heç kim sizdən bu sahədə akademik rəssamlıq istəmir. Ancaq hər hansı bir şeyin eskizini çəkmək üçün müəyyən qədər bilikli olmaq vacibdir.
- Əgər bir insan qrafik-dizayner olmağa qərar verərsə, atacağı ilk addım nə olmalıdır?
- Mənim kimi təkbaşına öyrənmək də mümkündür. Universitetdə bu işin təhsilini almaq da. Amma universitetlər elə də yaxşı təhsil vermirlər. Mən universitetlərdə bu sahədə təhsil alan tələbələr tanıyıram və imkan olduqca gedib oradakı tədris prosesi ilə tanış oluram. Və görürəm ki, xarici universitetlərdə keçirilən tədrislə müqayisədə vəziyyət heç də ürəkaçan deyil. Universiteti bitirmiş tələbələr də ixtisaslarına tam yiyələnmək üçün ya onlayn öyrənirlər, ya da ki, ölkədə bu sahə üzrə fəaliyyət göstərən kurslara müraciət edirlər. Ondan əlavə müəyyən tələblər də var. İngilis, ya da rus dili biliyi olmalıdır, çünki onlayn öyrənənlər üçün məlumatlar əsasən bu dillərdədir. Təbii ki, universitetlərdə yaxşı tədris olsa, daha yaxşı olar. Çünki kurslar vasitəsilə öyrənməyə imkanı olmayanlar və ya dil biliyi olmayanlar var.
- Valideyinlər bu sahəyə marağı olan övldalarına necə dəstək ola bilərlər və ya nə etməlidirlər?
- Mən bu işi görəndə atamın böyük dəstəyi olub. Hətta, deyərdim ki, onun etdikləri olmasaydı, mən dizayner olmaz, gəlib bu günə çıxmazdım. Bu işlə maraqlanmağa başlayan zaman 12-13 yaşım var idi. Xarici dili zəif bilirdim. Rus dilində materiallar öyrənirdim və müəyyən çətinliklərim var idi. Atam oxuyurdu, özü materialları öyrənirdi və sonra mənə izah edirdi. Əgər valideyn görürsə ki, övladında dizayna maraq var, qrafik proqramları ilə işləyir, bacardığı qədər ona kömək etsin. Yeniyetmədirsə, güclü maddi dəstəyə ehtiyac yoxdur, təkcə internet xətti və kompüter kifayətdir.
- Bu işdə digərlərindən seçilmək üçün, məsələn sizin kimi, nə etmək lazımdır?
- İnsanlar hazırkı dövrdə əsasən fərqlilik axtarışındadırlar. Öz işində fərqli olmalısan. Ən vacib məqam budur. 100 nəfərin etdiyini edəcəksənsə, onda seçilməyəcəksən, axına qoşulub gedəcəksən. Bir də var ki, öz tərzini, öz fikirlərini ortaya qoyacaqsan. İndiki dövrdə sosial şəbəkələr sayəsində auditoriyaya müraciət etmək də asanlaşıb. Təkcə vizual olaraq yox, yazdığın fikirlərin də fərqliliyi, özünəməxsusluğu olmalıdır ki, səni digərlərindən fərqləndirsin. Şəxsi layihələr etmək lazımdır.
- Ölkəmizdə bu ixtisasa və onun məhsullarına ehtiyac nə dərəcədədir, sizcə lazım olan dəyəri görürmü?
- Əvvəllər tələbat çox zəif idi. Amma son 10 ildə bu tələbat xeyli artıb. İnsanlar başa düşürlər ki, dizayn vacibdir. Alıcıya məhsulu təqdim etmək, posterlə mesaj vermək, imic yaratmaq dizaynsız mümkün deyil. Müştəri artıq seçə bilir ki, bu yaxşıdır, bu pisdir. Ona görə də, hazırda bir şirkətin və ya bir xidmətin vizual təqdimat olmadan davamlı uğurlu göstərici əldə etməsi çox çətindir.
- Azərbaycanda məktəblərdə və universitetlərdə bu ixtisas tədris olunmalıdır, yoxsa kurslar vasitəsilə tamamilə öyrənmək mümkündür?
- Kursa gedib öyrənmək mümkündür, amma kursun bir sərhəddi var. Mən özüm də qrafik-dizaynı tədris edirəm və 3 ay intensiv, yəni sürətləndirilmiş şəkildə, sırf işçi hazırlayıram. Amma dizayn böyük bir sahədir, onu 6 ayda və hətta, daha böyük zaman dilimində öyrədənlər var. Amma universitetdə təbii ki, 4 il vaxt olur və sən oradan super peşəkar olaraq çıxa bilərsən. Ona görə də, istərdim ki, Təhsil Nazirliyi bu işlə ciddi məşğul olsun. Çünki gələcək proqramlaşdırma və dizayn üstündə qurulur. Azərbaycanın maddi resurs baxımından buna böyük potensialı var. Universitetlər də təkmilləşdirilsə, istər proqramlaşdırma, istər dizayn cəhətdən burada mərkəz yaratmaq olar. Müxtəlif ölkələrdən insanlar gələr, informasiya mübadiləsi olar, sərgilər keçirilər ki, bu da bizə böyük bir üstünlük verər.
- Azərbaycanda bu peşə sahiblərinin qazancı hazırda necədir, gələcəkdə necə ola bilər?
- Ölkədə ümumi iş bazarına nəzər salsaq, düşünürəm ki, dizaynerlər yetrincə yaxşı qiymətləndirilirlər. Təbii ki, mən bunu xarici ölkələrdə bu sahənin qazancı ilə müqayisə etmirəm. Azərbaycan üçün normaldır. Kim özünü necə inkişaf etdirirsə, ona paralel olaraq da qazancı olur.
- Bəs bu sahədə insanın qarşısına qoya biləcəyi ən böyük hədəf nədir, məsələn, sizin bu sahədəki hədəfiniz nədir?
- Məqsəd fərdi bir şeydir. Əsas məqsəd yəqin ki, dünənkindən daha yaxşı olmaqdır. Məsələn, mənim qarşıma qoyduğum məqsəd budur ki, sırf öz sahəmi düzgün təbliğ edim, buradakı tədris məsələlərini aradan qaldırım. Böyük bir ədəbiyyat boşluğu var. Dizayn barədə dərsliklər və kitablar barədə işlər görmək istəyirəm. İndiyə qədər iki kitab tərcümə etmişəm, nəşriyyatdadırlar. Bir kitabım çıxıb "brendinq" barəsində. Üç ilə ərsəyə gətirdiyim daha bir kitab var ki, biz onu hazırkı hadisələrlə əlaqədar saxladıq, redaktədə idi. Bu, 100 illik Azərbaycan dizayn tarixi idi. Yəqin ki, növbəti aylarda çapdan çıxacaq. Mən öz adıma bunları edirəm. Azərbaycanda kifayət qədər yaxşı dizaynerlər var. Eyni şəkildə onlardan da belə addımlar gözləyirəm.
- Son olaraq bu sahəyə maraq göstərən gənclərə, yeniyetmələrə hansı tövsiyələri verərdiniz?
- Sevgiləri yoxdursa, sırf populyar olduğu üçün bu sahəyə üz tutmasınlar. Əgər bu sahəyə başlamağa qərar verdilərsə, işlərini sevərək görsünlər. Başladıqdan sonra alındığını gördükdə, bir yerdə dayanmasınlar. Heç vaxt özlərini məhdudlaşdırmasınlar. Maaş bir sərhəd olmasın. Bəzən pulsuz da qalmaq olur. Mən özüm pulsuz da qalmışam, amma istəmədiyim yerdə işləməmişəm. Özümü bir az da inkişaf etdirib daha yaxşı yerlərə getmişəm. Heç vaxt heç nədən qorxmasınlar. Bu qədər...
Şahmərdan Əhmədli