"Toksik insan", "toksik dost", "toksik ailə üzvü", "toksik təsir", "toksik şok sindromu" kimi ifadələr son vaxtlar sosial şəbəkələrdə və oyunlarda ən çox istifadə olunan ifadələrdəndir. Bu ifadələri psixoloqlar "psixoloji zəhər" də adlandırırlar. Davranışları və ya sözləri qarşı tərəfin motivasiyasını azaldan və mənfi enerji aşılayan insanlara toksik insanlar deyilir. Onlar adətən, mənfi və təxribat xarakterli sözlər işlədirlər. Əgər belə demək mümkünsə, bu cür şəxslərin etdiyi hərəkətlər və dediyi sözlər qarşısında susduqda onlar da bunu fürsət bilir və dozanı daha da artırırlar. Əvvəlcə onların hər sözünü sakit qarşılayan partnyorları bu "dözümlülüklərini" uzun müddət davam etdirə bilmir və nəticədə, toksik münasibətlərin meydana gəlməsinə səbəb olurlar. Toksik insanlar və ya toksik münasibətlər bizi daim aşağıya çəkir və mənfiyə kökləyir. Belə insanlar və ya münasibətlər bizə birbaşa zərər verməsə də, onlarla uzun müddət təmasda olmaq psixologiyamıza mənfi təsir göstərir. Bu tip insanlar vaxtaşırı həyatımıza girə, hətta uzun müddət həyatımızda qala bilərlər. Amma əsas məsələ müsbət enerjimizi necə saxlayacağımızı və toksik insanlarla necə davranacağımızı bilməkdir. Söhbəti çox uzatmadan birbaşa mütəxəssis məsləhətinə keçid alaq. Müsahibimiz psixoloq Rəvan Soltandır. O, "Nə üçün insanları və münasibətləri zəhərli və ya toksik adlandırırıq?" sualına cavab tapmağımıza kömək edəcək...
- Toksik insan nə deməkdir? Və ya psixologiyada toksik münasibətlər dedikdə nə başa düşürük?
- Ümumiyyətlə, psixologiyada toksikliyi müəyyən edən konkret əlamətlər yoxdur. Toksiklik ingilis mənşəli "toxic" sözündən götürülmüşdür ki, mənası "zəhərli" deməkdir. Yalnız ümumi olaraq demək olar ki, toksik insanlarla ünsiyyətdən, yaxud qısa və uzunmüddətli münasibətlərdən sonra xoşagəlməz emosional izlər qalır. Hətta bəzən bu izlər fizioloji formada da özünü göstərir. Məsələn, insanın əhvalı pozulur, başı ağrıyır və s. Amma təcrübə olaraq deyə bilərik ki, paxıllıq hissi olan insanlarla münasibətin və ünsiyyətin özü də eyni əlamətləri büruzə verir. Bu səbəbdən deyə bilərik ki, paxıl insanların özləri də toksiklik xüsusiyyətli sayıla bilərlər. Qısa olaraq desək, toksik insanlar bütün münasibətlərdə var - dostluqda, işdə, ailədə və s. Bu cür insanlar - stress çağırışçıları olmaqla yanaşı, həm də konflikt mənbəyidirlər. İnsanın əhvalına, özünəinamına, dünyagörüşünə qədər mənfi təsir göstərə bilirlər.
- Toksik insanları necə ayırd edə bilərik?
- Toksik insanlar manipulyasiya etməyi sevirlər. Beləliklə, insanlar bir növ onların planlarının bir hissəsinə çevrilirlər.
- Hər şeyi ağ-qara görürlər: insan ya çox yaxşı insandır, ya da çox pis;
- Bezdirici və ya qıcıqlandırıcıdırlar;
- Onları əsl enerji vampirləri də adlandırmaq olar;
- Hər şeyi idarə etməyə çalışırlar;
- Həddən artıq yüksək, yaxud alçaq tonda danışırlar;
- Kütləvi yerlərdə şəxsi mövzuları danışmağı sevirlər;
- Neqativ hadisələr və ya xatirələr onlar üçün prioritet sayılır;
- Zəng edəndə saata baxmırlar. Vaxt mənasında "olar-olmazlar" onlar üçün bir növ mövcud deyil;
- Özlərini əbədi qurban kimi hiss edirlər;
- Kaprizlidirlər;
- Qeybətə meyillidirlər;
- Dramatikliyi sevirlər;
- Özlərindən razıdırlar;
- Üzr istəmirlər. Çünki heç vaxt səhvlərini etiraf etmirlər. Əksinə, həmişə qarşı tərəfin özünü günahkar hiss etməsinə çalışırlar;
- Hisslərini qarşı tərəfə əks etdirirlər. Əsasən də, mənfi emosiyalarını bölüşürlər;
- Neqativ vəziyyət yaradır, ancaq daha sonra heç nə olmamış kimi davranarlar;
- Daim şikayət edirlər;
- "Yox"u cavab kimi qəbul etmirlər. Onları rədd etdikdə istədiklərini əldə etmək üçün qarşı tərəfi manipulyasiya etməyə başlayırlar.
- Yersiz və mənasız sözlər işlədə bilirlər və s.
Əksər hallarda isə bütün yuxarıda qeyd olunan keyfiyyətləri ilə öyünür, hətta özlərinə bəraət də qazandırırlar.
- Onlarla aramıza məhdudiyyətlər qoymaqla özümüzü qoruya bilərikmi?
- Toksik insanları neytrallaşdırmağın ən gözəl yolu ona "Sən problemini necə həll etmək istəyirsən?" sualını verməkdir. Bu zaman o, ya sualdan, ya cavabdan qaçacaq, ya da susacaq. Çünki o, heç vaxt çıxış yolunu axtarmağa çalışmır, etdiyi şey yalnız şikayət etməkdir. Halbuki sağlam düşüncənin bir əlaməti kimi insan problemin həllinə köklənməlidir, emosional təzyiqə yox.
- Belə insanlarla necə davranmalıyıq?
- Bu məsələdə atmalı olduğumuz ilk addım toksik insanlarla ünsiyyəti minimum səviyyəyə endirməkdir. Məsələn, həyatınızda elə insan varsa, onunla ünsiyyətdən qaçın və nömrəsini telefonda səssiz rejimə qoyun. Çünki toksik insan üçün cavab reaksiyası çox vacibdir. Əgər sizdən o reaksiyanı ala bilməsə, onda növbəti "qurban" axtarışına başlayacaq. Yəni, toksik insanlardan müdafiə üçün insanları analiz edin, əgər toksikdirlərsə, onlardan uzaq olun. Ünsiyyət qaçılmazdırsa, ünsiyyəti minimum səviyyəyə endirin və bütün məsələlərdə reaksiyalarınızı azaldın. Bir sözlə, "iqnor" edin.
- Toksik münasibətlərdən başqa necə xilas olmaq olar?
- İlk növbədə, "yox" deməyi bacarın. Təbii ki, əvvəlcə partnyorunuz buna qarşı çıxa bilər, ancaq bu, heç də öhdəsindən gələ bilməyəcəyiniz bir vəziyyət deyil. - Aradakı münasibətlərə diqqət edin. Yəni, başqalarının sizə necə davranmasını gözləyirsinizsə, toksik insanlardan da o cür davranmasını gözləyin. - Təbəssüm edin. Yəni, toksik insanla qarşıdurma baş verdikdə müqavimət göstərmək əvəzinə sadəcə olaraq, təbəssüm edin. Çünki təbəssüm həm sizi, həm də qarşı tərəfi öz təsiri altına alacaq. - Hisslərinizi yazaraq ifadə edin. Yəni, hisslərinizi qarşı tərəfə demək ünsiyyətinizə daha çox zərbə vuracaqsa, bir qeyd dəftəri tutun və hisslərinizi ora yazın. - Hadisələrə üçüncü şəxs gözü ilə baxın. Bu, hadisə ilə əlaqənizi müvəqqəti olaraq fərdiləşdirməyə və özünüzü ondan uzaqlaşdırmağa kömək edəcək. Beləcə, hadisəni daha neytral perspektivdən düşünməyə imkan tapacaqsınız. - Baş verənləri müzakirə edin. Yəni, əgər toksik münasibətdə olduğunuz insan yaxınınız və ya dostunuzdursa və o, son vaxtlar sizinlə toksik münasibətdədirsə, bütün bunları onunla müzakirə etməyə çalışın. Bu, münasibətlərinizi düzəltməyə daha çox kömək edəcək. - Sosial şəbəkələrdəki ünsiyyətinizə diqqət edin. Belə ki, toksik ünsiyyətini hiss etdiyimiz şəxs sizə çox yaxun deyilsə, onunla sosial şəbəkələrdə də ünsiyyətdən qaçın. Hazırda bir çox sosial platformalar bizə şərait yaradır ki, qarşı tərəf bilmədən biz onları izləməyək və ya onlardan gələn informasiyalara qadağa qoyaq.
- Toksik insanların ən mükəmməl xüsusiyyəti hansıdır?
Unutmayaq ki, toksik insanlar mükəmməl manipulyator olduqları üçün ünsiyyətdə olduqları şəxsləri "yox" cavabından elə mahircəsinə uzaqlaşdırırlar ki, insan heç bir şeyə etiraz edə bilmir. Sadəcə olaraq, susursan, dinləyirsən və nəticədə, bu ünsiyyətdən sonra özünü sanki mənfi bir enerji ilə yüklənmiş kimi hiss edirsən. Bu səbəbdən toksik insanlarla ünsiyyət zamanı prioritet qərarınız və sözünüz "iqnor" olmalıdır. Çünki çox nadir insanlar ünsiyyət zamanı onları susdura bilirlər. Ən aktual qurbanları isə ifrat dərəcədə anlayışlı, ürəyiyumşaq və tərbiyəli insanlar olurlar. Əgər sizdə də bu üç göstəricidən biri varsa, özünüzü hazırlayın və öz üzərinizdə çalışın.