Yusif Zayıdov 
 

Ayasofiya... Tarixlərə sinə gərmiş əsər... Neçə-neçə imperatoru yola salmış əsər... Çoxlarının gördüyü, çoxlarının görmək istədiyi əsər...

Əslində, xristian məbədi kimi fəaliyyətə başlayan, Osmanlı dövründə məscid, daha sonra muzey kimi fəaliyyət göstərən, ən sonda yenidən məscid kimi xalqın üzünə açılan əsər... Çöldən çox sadə görünən tikili içəri girən kimi insanı gözəlliyi ilə valeh edir. Həm də istər rəsmlərindəki rəng harmoniyası, istərsə də, tikintisindəki simmetriyası ilə... Bu cür tarixi tikililəri gördükdən sonra yeni tikililərin onların yanında nə qədər primitiv olduğunun fərqinə varırsan.

Bir vaxtlar yalnız imperatorların girdiyi qapıdan içəri girərkən, insanda sanki qeyri-adi bir hiss baş qaldırır. İçəri girən kimi o möhtəşəm məbəddə "İlk nəyə baxım?" deyə düşünərkən, qeyri-ixtiyari başınız yuxarı qalxır. 56 metrə yaxın hündürlüyü olan qübbəyə baxdıqca boynunuz yorulsa da, o gözəlliyi seyr etməkdən gözünüzü ayıra bilmirsiniz. Bəzi yerlərdə bəzəklərin silinməsi, Məryəm ana və köpə İsanın, eyni zamanda mələk rəsmlərinin üzünün ağ parça ilə örtülməsi belə sizi bu gözəlliyi seyr etməkdən ayıra bilmir. Məbədin hər daşına, hər sütununa, hətta hər qapısına, hər pəncərəsinə toxunaraq hiss etmək istəyirsiniz. Bir sözlə, türklərin dili ilə desək, "Ayasofya-i Kebir Cami"sinə (Ayasofiya Böyük Məscidinə) bir neçə saatlıq tamaşa etmək kifayət etmir.

Ayasofiya sözündəki "Aya" sözü "müqəddəs" mənasını verir. "Sofiya" sözü isə yunan dilindəki "müdriklik" mənasını verən "sophos" sözündən gəlir. Məscidin hündürlüyü 55,60 metr, eni 31,36 metr olan (və dövrünün möcüzəsi kimi qiymətləndirilən) qübbəsi hər birinin eni 1,1 metr olan 40 dirəyə söykənir. Ümumilikdə isə abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır. Açılan 40 pəncərə isə məscidin daha çox işıq görməsinə səbəb olur.

Tarixi

Hər şeydən əvvəl deyək ki, Bizansın "qızıl əsr"inin simvolu olan Ayasofiya eyni yerdə üç dəfə tikilib. Ona görə də, hazırkı məbəd "Üçüncü Ayasofiya" adlanır. Ayasofiyanın inşasına xristianlığı Roma İmperiyasının rəsmi dini kimi qəbul edən I Konstantinin dövründə başlanıb. İstanbulun yeddi təpəsindən birincisində bazilika üslubunda və taxta damla inşa edilən, eyni zamanda o dövrdə "Böyük kilsə" kimi tanınan bu tikilinin açılışı 360-cı ildə II Konstantinin dövründə baş verib. Ancaq 404-cü il üsyanında baş verən yanğın nəticəsində kilsə yanaraq yararsız hala düşüb. Hətta o qədər ki, kilsədən heç bir qalıq qalmayıb. 

Ancaq illər sonra İmperator II Teodosius tərəfindən İkinci Ayasofiyanın da birinci məbədin yerində tikilməsinə qərar verilir və 415-ci ildə İkinci Ayasofiya ibadət üçün xalqın üzünə açılır. Yenə bazilika üslubunda inşa edilən tikilinin dam örtüyü taxtadan olur. Bu tikili 532-ci ildə İmperator Yustinianın əleyhinə baş verən Nika üsyanında üsyançılar tərəfindən dağıdılır. Üsyandan dərhal sonra İmperator Yustinian daha böyük və daha geniş bir tikili tikməyi qərara alır. Və bu tikili ilk ikisindən də daha möhtəşəm olur.

Şərqi Romada İmperator Kilsəsi kimi istifadə edilən Ayasofiya tarix boyu tez-tez üsyanlar, müharibələr və təbii fəlakətlər nəticəsində dağılır. 1204-cü ildə 4-cü Səlib yürüşü zamanı Ayasofiya ən böyük dağıntılarından birini yaşayır. Səlibçilər bütün şəhərlə birlikdə Ayasofiyanı da talan edirlər. 1204-cü ildən 1261-ci ilə qədər İstanbulda Latın işğalı zamanı Ayasofiya Roma Katolik Kilsəsinə bağlı bir kilsəyə çevrilir.

Ciddi ziyan görən Ayasofiya Şərqi Roma hakımıyyəti tərəfindən bərpa edildikdən sonra tez-tez təmir edilir. Lakin bu təmirlər kifayət etmir və 1346- cı ildə Ayasofiyanın şərq tağı, həmçinin, günbəzinin bir hissəsi dağılır. Əslində, Ayasofiya latın istilasından İstanbulun fəthinə qədərki dövrdə özünün ən qaranlıq dövrünü yaşayır. Üç dəfə tikilən, əsrlər boyu müharibələr və üsyanlar nəticəsində dağıdılan, bəzi hissələri isə baxımsızlıq nəticəsində zərər görən Ayasofiya İstanbul Sultan Mehmet Xan tərəfindən fəth edilənədək daim dağılmaq təhlükəsi altında olur. Bundan əlavə, katolik-pravoslav məzhəb qarşıdurması ilə əlaqədar da məbəd ciddi mənada zədələnmələrə məruz qalır.

Osmanlılar fəthin nişanəsi kimi qəbul etdikləri Ayasofiyaya böyük diqqət göstərirlər. Bu səbəbdən də təmir işlərini davam etdirir, məscidin əvvəlkindən daha gözəl və daha güclü olmasına çalışırlar. Sultan Mehmet Xanın dövründən bəri bütün hökmdarlar məbədin mühafizə olunmasına xüsusi diqqət ayırırlar. Memar Sinanın Ayasofiyaya etdiyi əlavə və dəyişikliklər də bu irsin yaşadılmasında böyük rol oynayır.

Bir sözlə, məbəd Osmanlı sultanları və Türkiyə dövləti tərəfindən daim nəzarətdə saxlanılır. Fəthdən sonra məscidə çevrilən və 481 il məscid kimi fəaliyyət göstərən Ayasofiya XX əsrin 30- cu illərində bərpa işlərinin başlaması ilə ictimaiyyətin üzünə bağlanır. Daha sonra məbəd Nazirlər Şurasının 24 noyabr 1934-cü il tarixli qərarı ilə muzeyə çevrilir. 10 iyul 2020-ci il tarixdə o qərar ləğv edilir və muzey yenidən məscid kimi xalqın üzünə açılır.

Milyonların sevimlisi olan Böyük Ayasofiya Məscidi təkcə müsəlmanların deyil, eləcə də bütün dinlərdən olan insanların daim maraq dairəsindədir.