Mahmud Adəmoğlu 
 

Varlılıq - çox şeyə sahib olmaq deyil, sahib olduğu nemətin fərqinə varmaqdır. Fərqinə varılmayan nemətin ləzzəti də olmaz. Fərqinə varmaq, əslində, o neməti verənə təşəkkür etməkdir. Doğru düşüncə, əslində, hər şeyin ona əmanət olaraq verildiyini, onda olan şeylərin hər kəsdə olmadığını bilməkdir. Şükür etməyi bacaran insan başqalarına verilmiş nemətlərə həsəd aparmaz. Şükür düşüncəsi həm də sahib olduğun nemətlərlə kifayətlənməkdir.

Varlılıq - süfrəsi hər cür nemətlə dolu olmaq deyil, süfrəyə qoyulan hər neməti könül dolusu yeyə bilməkdir.

Almaniyada yaşayan çox varlı bir iş adamının azyaşlı oğlu nadir bir xəstəliyə tutulur. Xəstəliyin mahiyyəti belədir ki, ağız içindəki tüpürcək vəziləri maye ifraz etmir və uşaq bir neçə kəlmə danışan kimi ağzı qanla dolur. Həmin iş adamı deyir ki, hansı həkim onun oğlunu müalicə etsə, sahib olduğu fabriki ona verəcək.

Yazının əvvəlində belə bir həyat hekayəsi danışmaq bəlkə də kimlərəsə xoş olmaya bilər, amma çoxlarına iyrənc görünən tüpürcəyin belə nə qədər böyük nemət olduğu bu hadisə ilə ortaya çıxır.

Rəbbimiz dünyaya gəldiyimiz andan öləcəyimiz ana qədər bizə dayanmadan müxtəlif gözəlliklər verir. Bir-birindən gözəl çiçəklər, bir-birindən sevimli heyvanlar, həm görünüşləri, həm ləzzətləri xoşumuza gələn yeməklər, sərinlik və təravət verən içkilər, qupquru torpağın içindən çıxan və bir-birindən fərqli formalara, rənglərə, qoxulara malik olan meyvələr və ya tərəvəzlər, hərəkətimizi asanlaşdıran minik vasitələri Allahın biz iman edən qullarına sevgisini təzahür etdirdiyi nemətlərdir.

Rəbbimiz bizim üçün o qədər çox nemət yaradır ki, onları sayıb qurtarmaq mümkün deyil. Ola bilsin ki, heç fərqinə vara bilmirik, amma əmin olaq ki, göydəki bulud da, dəryadakı balıq da Allah (c.c.) tərəfindən bizim üçün yaradılıb. Ağacın ibadəti nədir, bilirsinizmi? - Meyvə vermək. O meyvə kimin üçündür? - Əlbəttə, sənin üçün, mənim üçün, onun üçün, yəni, insan üçün... Sevgisini göstərmək üçün bizə verilən hər şeyin Allahın lütfü olduğunu görmək bizim bu nemətlərə qarşı daim minnət ruhu içində olmağımıza səbəb olur. Biz bu nemətləri əldə etmək üçün heç bir əmək sərf etmirik. Həyatımızdakı bir çox təfərrüatın bizim üçün əvəzsiz nemət olduğunu onları itirdikdə anlayırıq. Ancaq bir çox insanın ağlına bu saysız-hesabsız nemət üçün Allaha şükür etmək gəlmir. Allah "Səba" surəsinin 13-cü ayəsində, "Qullarımdan şükür edənlər azdır" deyə bildirir və iman edənləri belə bir qəflətə qarşı xəbərdar edir.

Halbuki biz fərqinə varsaq da, varmasaq da, Rəbbimiz həyatımızı davam etdirməyimiz və xoşbəxt olmağımız üçün üzərimizdəki nemətlərini anbaan, saniyəbəsaniyə davam etdirir. Ancaq buna baxmayaraq, yenə də şükür etməyi unudan bəzi insanlar var.

Əsl insan üçün sevdiyi insanların rahatlığı, sağlamlığı çox vacibdir. Hər kəs sevdikləri üçün rahatlıq yaradır, sağlam olmasına çalışır. Şübhəsiz, bunların hamısını Allah rizası üçün edir və bunun qarşılığında da sevgi umur. Bu fədakarlığa göz yumulması, biganəlik göstərilməsi insanın ruhundakı əxlaq və sevgi çatışmazlığının əlamətidir. Bizi yaradan, kainatın hər nöqtəsində sonsuz ağlı ilə təzahür edən Rəbbimizin sonsuz gözəlliklərini görməzlikdən gəlmək də Allahın qəzəbinə səbəb olacaq bir əxlaq erroziyasıdır.

İnsan Allahın nəsib etdiyi qədər ağıla, düşüncəyə və bacarığa malik, ölümlü, aciz bir qul olduğu halda, etdiyi fədakarlıqlar qarşısında təşəkkür gözləyirsə, deməli, nəfəs almağımızdan görməyimizə, yeriməyimizdən yuxuya getməyimizə qədər saymaqla bitməyən sonsuz neməti bizə bəxş edən Allaha qarşı şükürdə də heç bir nöqsan olmamalıdır.

Bu səbəbdən hər dəfə bir nemətlə qarşılaşdıqda sözlə həmişə "Əlhamdülillah" ("Allaha şükürlər olsun") demək Allaha olan sevgimizin, minnətdarlığımızın göstəricisidir. Bu, eyni zamanda, ətrafımızdakı insanlara da bu ibadəti xatırlatmağımıza səbəb olur. 

Çünki şükür etmək fərz bir ibadət olmaqla yanaşı, həm də ruhumuza rahatlıq verən bir ibadətdir. Sözlə ifadə etməklə yanaşı, o nemətləri hər cür təhlükədən, hər cür zərərdən qoruyacaq bir dəqiqlik içində olmaq da Allahın bəyənəcəyi bir əxlaqdır.

Allahın bizə verdiyi ən dəyərli nemətlərdən biri də sağlamlığımızdır. Sağlam olduğumuz üçün şükür etməyimiz Allaha olan sevgimizin göstəricisidir. Sağlamlığımızı qorumağa çalışmağımız, sağlamlığımıza zərər verəcək şeylərdən uzaq olmağımız isə şükürün əməli göstəricisidir. Buna görə də, dilimizdəki şükrü davranışımızdakı şükürlə də möhkəmləndirmək ən gözəl iman əlamətidir.

Allaha şükür etməklə yanaşı, Ona təvəkkül etmək də Allahdan hər an razı bir ruh halını əhatə edir. Ona görə də, şükür təkcə bolluq içində deyil, yoxluq içində də heç vaxt tərk edilməməli, hətta daha çox edilməlidir.

Allahı sevən və Ondan razı olan insanlar sağlam olduqları üçün daim şükür etdikləri kimi, xəstələndikləri zaman da şükür edirlər. Allah onları daha ağır bir xəstəlikdən qoruduğu, şəfaya səbəb olan dərmanlar yaratdığı, xəstəliyin diaqnozunu təyin edən tibbi cihazları və həkimləri yaratdığı üçün Allaha minnətdarlıq edirlər. Allah hər hansı bir ağrı verdikdə, daha böyük ağrıları düşünüb, içində olduqları vəziyyətə yenə şükür edirlər. Hər cür çətinliyin, hər cür əziyyətin dünyadakı imtahanın bir hissəsi olduğunu bilirlər. Allahın razı olacağı əxlaqa yiyələnmək üçün Allahın bu imtahanları xüsusi olaraq yaratdığını düşünür və yenə sevinc içində olurlar. Söhbətimizin sonunda o həqiqəti vurğulamaq istəyirik ki, varlılıq var-dövlətdə, sərvətdə, dünya malında deyil, könüldə, hissdə, düşüncədədir. Əgər insan başqasının sərvətinə həsədlə baxırsa, milyonları da olsa, yoxsuldur.

Yeri gəlməşkən burada həsədlə qibtənin fərqini söyləmək istəyirik. Həsəd çox pis, üstəlik, çox zərərli bir hissdir. Həsədi qısa şəkildə belə ifadə edə bilərik: Məndə yoxdursa, heç kimdə olmasın. Qibtə isə tamam fərqli yanaşmadır: Hər kəsdə olsun, məndə də olsun. Həsəd yoxda bərabərlikdirsə, qibtə də varda bərabərlikdir.

Çox istərdik ki, insanlarımız həsəd bəlasından qurtulsunlar. Allah (c.c.) həsəd edən insanı sevməz. Həsəd gözəl əməllərin, xoş düşüncələrin düşmənidir. Həsədli insanın nə xoş sözü olar, nə də xoş münasibəti. İstər psixoloji, istərsə də, fizioloji olsun, bir çox xəstəliklərin səbəbi həsəd hissidir.

Biz hər birimiz varlıyıq, çox varlıyıq, amma təəssüflər olsun ki, bəzən sahib olduğumuz bu nemətlərin fərqinə varmır və ya sahib olduğumuz bu nemətlərin dəyərini bilmirik. Allah (c.c.) bizə verdiyi nemətlərin dəyərini bilmək və Ona layiqincə şükür etmək fəziləti nəsib etsin!