Rəssamlıq Akademiyasında adi bir gün idi. Rəsm otağında tələbələr müəllimin nəzarəti altında qarşılarındakı qocanın rəsmini çəkirdilər. İçəridə təqribən 20 tələbə var idi. Tələbələr rəsm çəksələr də, hərəsinin fikri bir yerdə idi. Kimisi dərsdən sonra nə edəcəyini planlaşdırır, kimisi də verə bilmədiyi imtahanlar barədə düşünürdü. Otaqda cansıxıcı bir hava var idi. Tələbələr sanki dərsin nə vaxt başa çatacağını gözləyirdilər. Birdən qocanın halı pisləşdi və ağzıaşağı yerə yıxıldı. Tələbələr ilk dəfə idi ki, belə bir mənzərə ilə qarşılaşırdılar. Odur ki, həyəcandan yerlərindəcə donub qaldılar. Bəzi tələbələr içlərini çəkir, bəziləri isə nə edəcəklərini bilmirdilər. Müəllim tez qocanın yanına gəldi və nəbzini yoxladıqdan sonra qocanın öldüyünü dedi. Bir azdan müəllim üzünü tələbələrinə tutub dedi: "Bilirəm, həyatınızda ilk dəfədir ki, belə bir şeylə qarşılaşırsınız. Ancaq, əslində, əlinizdə çox böyük bir fürsət var. Qarşınızda son nəfəsini vermiş bir adam yatır. Əgər gələcəkdə əsl sənətkar olmaq istəyirsinizsə, onun rəsmini çəkin"...

İlk həyəcanın təsirindən xilas olan tələbələr qarşılarına təmiz bir kağız qoydular və hamı bir nəfər kimi qocanın rəsmini çəkməyə başladılar. İndi tələbələr çəkdikləri rəsmdən başqa heç bir şey fikirləşmir və ölmüş qocanın bütün cizgilərini kağıza köçürməyə çalışırdılar. Təqribən bir saat sonra gənc rəssamlar rəsmlərini çəkib qurtardılar. Hamı həyatının ən gözəl rəsmini çəkdiyini düşünürdü. Ancaq otaqda hələ də böyük bir səssizlik hakim idi...

Bir azdan müəllim qocanın "cəsədinə" yaxınlaşıb: "İndi qalxa bilərsən", - dedi. Bayaqdan tələbələrin gözləri qarşısında ölü kimi yatan qoca ayağa qalxıb otaqdan çıxdı. Müəllim gülümsəyərək danışmağa başladı: "Sizə qarşı belə bir oyun oynadığım üçün üzr istəyirəm. Ancaq fikrimi sizə bundan yaxşı çatdıra biləcəyimi güman etmirəm. İnanıram ki, bu kiçik oyun işimizə yaradı"...

Müəllim fikrini əsaslandırmaq üçün həvəslə danışır və otaqda o tərəf-bu tərəfə var-gəl edirdi: "Uşaqlar, əslində, bizə verilən hər an əvəzsiz bir xəzinədir. Ancaq bəzən biz bu xəzinənin qiymətini bilmirik. Bayaq dərsin əvvəlində olduğu kimi bizə verilən o anları yaşamaq üçün qarşımıza saysız-hesabsız maneələr çıxarırıq. Halbuki, həyatımızın hər anı yaşadığımız bu anlar kimi qiymətlidir. İnanıram ki, bu kiçik həyat dərsi heç vaxt yadınızdan çıxmayacaq".