Azərbaycan təkcə saysız-hesabsız təbii sərvətləri ilə yox, tarixi tikililəri ilə də məşhurdur. Qədim dövr, orta əsrlər və tarixin müxtəlif dövrlərinə aid tikililər ölkəmiz, millətimiz və tariximiz barədə bir çox səhifələrə işıq salır. Ancaq təəssüflər olsun ki, ermənilər 90-cı illərdə işğal etdikləri Azərbaycan torpaqlarında tarixi əks etdirən tikililəri, türbələri, məscidləri məhv etdilər. Bəzilərini isə erməniləşdirməyə, özləri üçün saxta tarix "yazmağa" çalışdılar. Biz bunu ordumuzun 27 sentyabrda başladığı əks-həmlə əməliyyatları ilə azad edilən torpaqlarımızda da bir daha gördük. Azad edilən yaşayış məntəqələrimizdə bir dənə də dağıdılmamış tikili yox idi. Hətta, dağıdılmış məscidlərdə donuz, iribuynuzlu, xırdabuynuzlu və başqa heyvanlar saxlamışdılar. Halbuki, bu cür hadisələrə dünyada çox nadir hallarda rast gəlmək olar. Odur ki, bunu edənlər nə millətlərə, nə dinlərə, nə də mədəniyyətlərə hörmət edənlərdir.
Rəsmi məlumatlara əsasən Qarabağ və ətraf rayonlarda tarixi-dini tikililərin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə türbələrdir. Qəbiristanlıqların sayı isə 900-dən çoxdur.
Şuşada yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Ağdamda yerləşən Cümə məscidi dağıdılmış, Laçın rayonunda yerləşən Ağoğlan, Kəlbəcər rayonunda yerləşən Xudavəng, Ağdərə rayonunda yerləşən Gəncəsər və sair məbədlər isə erməniləşdirilmiş tarixi tikililərdəndir.
Bəhs etdiyimiz rayonlar içərisində tarixi baxımdan ən zəngin olanı isə Şuşadır. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidləri, Üzeyir Hacıbəyovun və Bülbülün ev muzeyləri, Xurşidbanu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin və Zöhrabbəyovların malikanələri, Mir Möhsün Nəvvabın evi, Molla Pənah Vaqifin türbəsi də Şuşadadır və bu tikililər də erməni vandalları tərəfindən dağıdılan tikililərdəndir.
Təbii ki, ermənilərin tariximizə və mədəniyyətimizə vurduqları zərər bununla da bitmir. Ağdamda Pənah xanın imarəti, Cümə məscidi, Laçında Həmzə Sultan və Sultan Əhməd sarayları, qədim məscidlər, qəbirlər, kurqanlar, tarixi tikili olan yaşayış binaları da dağıdılan tarixi tikililər arasındadır.
Düşmən tərəfindən uçurulan və dağıdılan tarixi və dini tikililər içərisində Füzuli rayonunda yerləşən XIII əsrin sonuna aid Əhmədalılar və ya Arğalı türbəsi, 1273-cü ildə inşa edilən Babı türbəsi, Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində XVIII əsrə aid İbrahim türbəsi, Aşağı Veysəlli kəndində XII əsr qəbiristanlığı və Mir Əli türbəsi kimi tarixi tikililər də var.
Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmış, İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi tamamilə uçurulmuşdur.
Halbuki, Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dondarlı kəndindəki məscid, Dəmirçilər kəndindəki iki türbə, tağlı körpü, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisində tarixi-dini tikililərin zənginliyindən xəbər verir.
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında isə orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda isə Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il ) məzarları var.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvini isə Zəngilanın əsasının hicri tarixi ilə 15-ci, miladi tarixi ilə 636-cı ildə qoyulduğunu bildirir. Təkcə elə bu fakt Zəngilanın təqribən 1400 ilədək yaşı olduğunu deməyə əsas verir.
Onu da deyək ki, ermənilər təkcə saysız-hesabsız tarixi mədəniyyət abidələrimizi dağıtmaqşa qalmamış, bir çox maddi mədəniyyət nümunələrimizi də Ermənistana aparmışlar.
Ruslan Yusibov