Atmosferdəki şüaların dalğa uzunluqları uzunluğu 1000 metr olan radiodalğalarla uzunluğu 10-12 metr (yəni, metrin trilyonda biri) olan qamma şüaları arasında dəyişir. Bu şüaların hamısına birlikdə elektromaqnit spektri deyilir. Bütün şüaların sürətləri eynidir və hamısı işıq sürəti ilə (yəni, saniyədə təqribən 300.000 kilometr sürətlə) hərəkət edir. Qamma şüaları ən böyük süa enerjisinə, ən yüksək tezliyə və ən qısa dalğa uzunluğuna malik dalğalardır.

Qamma şüaları digər şüalardan daha yüksək enerjiyə malik olduqları üçün hər şeyə daha sürətlə nüfuz edir və nəticədə, daşıdıqları bu yüksək enerji səviyyəsi ilə əlaqədar hüceyrələrə ciddi zərər verir. Qamma şüalarının bu xüsusıyyətindən tibbdə xərçəng hüceyrələrini öldürmək üçün istifadə olunur.

Atmosferdeki şüaların təqribən 99,99 %-ni adi gözlə görə bilmirik. Başqa sözlə, bunları ancaq xüsusi cihazlarla müəyyən edə bilirik. Adi gözlə gördüyümüz şüalar isə elektromaqnit spektrinin çox kiçik bir hissəsini təşkil edir. Əslində, elektromaqnit spektrinin hamısını görə bilsəydik, həyat bizim üçün çox dözülməz olardı.

İşıq şüaları elektromaqnit spektrinin ilk kəşf edilən və insan gözü ilə ilk görülən yeganə hissəsidir. Çünki işıq şüaları 400-lə 700 nanometr dalğa uzunluğu intervalında spektrin ən dar hissəsini təşkil edir. Bu intervaldakı bütün dalğa uzunluqları insan gözü tərəfindən fərqli bir rəng kimi qəbul edilir. Bu baxımdan, qırmızı rəng bu intervalda ən uzun dalğa uzunluqlu şüa olduğu halda, bənövşəyi rəng ən qısa dalğa uzunluqlu şüadır.

İnsan gözündə rəngli görmə vəzifəsini yerinə yetirən reseptor hüceyrələrə (başqa sözlə, qəbuledici hüceyrələrə) konus hüceyrələri deyilir. Bu hüceyrələr həssas olduqları işıq dalğa uzunluqlarına görə üç yerə ayrılır:

1. Qırmızı işığa həssas konuslar;

2. Yaşıl işığa həssas konuslar;

3. Mavi işığa həssas konuslar.

İfadə etmək asan olsun deyə, bu konuslara ayrı-ayrılıqda "qırmızı konuslar", "yaşıl konuslar" və "mavi konuslar" deyilir. Ancaq onların mikroskopdakı rənglərinin bu rənglərlə bir əlaqəsi yoxdur.

Fərqli rəngləri necə görürük?

Hər hansı bir dalğa uzunluğundakı işıq şüası torlu qişadakı konusları müəyyən faizlərdə qıcıqlandırır. Məsələn, 580 nanometr dalğa uzunluğuna malik narıncı işıq qırmızı konusların 99 %-ni, yaşıl konusların 42 %-ni, mavi konusların isə 0 %-ni qıcıqlandırır. Elə əsas sirr də bu üç fərqli konusun qıcıqlanma faizlərində yatır. Bu baxımdan, narıncı işıq beynimizdə 99:42:0 kimi kodlaşdırılmışdır. Eyni şəkildə 450 nanometr dalga uzunluğundakı mavi işıq torlu qişadakı qırmızı və yaşıl konusları qıcıqlandırmadığı halda, mavi konusları 97 % qıcıqlandırır. Buradan çıxış edərək, mavi işığın beynimizdəki kodunun 97:0:0 olduğunu deyə bilərik. Bunun kimi 83:83:0 kodunun sarı işığı, 31:67:36 kodunun isə yaşıl işığı ifadə etdiyini demək olar.

Digər tərəfdən, məlum olduğu kimi rənglərin çox sayda tonları var. Belə olduqda, kodlardakı rəqəmlər dəyişdikcə, o kodları ifadə edən rənglərin tonları da dəyişir. Başqa sözlə, fərqli kodlar beynimizdə fərqli tonlar şəklində qəbul olunur. Məsələn, 99:42:0 narıncı işığa aid olan koddursa; 98:0:0 narıncı işığın fərqli bir tonuna aid koddur. Bu şəkildə 3 rəng konusunun sıfırdan başlayaraq 100-ə qədər davam edən qıcıqlanma faizlərini dəyişmək və beyində çox sayda fərqli rəng kombinasiyaları əldə etmək olar. Hətta kəsirli qıcıqlanma faizlərini də nəzərə alsaq, beynimiz tərəfindən haradasa sonsuz sayda fərqli rəng tonları qəbul oluna bilər.

Ağ rəngi necə görürük?

Qırmızı, yaşıl və mavi konusların eyni vaxtda qıcıqlanmaları (məsələn, 12:12:12 və ya 98:98:98 kimi) insana ağ rəngi görmə hissini verir. Çünkı ağ rəng spektrdəki bütün görünən işıq dalğa uzunluqlarının kombinasiyasıdır.

Qara rəngi necə görürük?

Günəşdən və ya digər işıq mənbələrindən yayılan işıq cisimlərlə toqquşur və təbii olaraq, o cisimlərdən əks edir. Bu şəkildə cisimlərdən gələn işıq göz tərəfindən qəbul olunur. Ancaq qara bir cisimdən gözə işıq əks etmir. İşıq gəlmədiyi üçün də beyin o hissəni qara rəng kimi qəbul edir.

Daltonizm

Gözdə rəngə həssas konusların bir qrupu əskik olduqda insan bəzi rəngləri digərlərindən ayırd edə bilmir. Məsələn, yaşıl, sarı, narıncı və qırmızı rənglərin dalğa uzunluqları 525 və 675 nanometr intervalındadır və adi halda qırmızı və yaşıl konuslar tərəfindən ayırd edilir. Yəni, bu dalğa uzunluqlarının görünməsi üçün mavi konuslardan istifadə olunmur. Qırmızı və mavi konuslardan biri əskik olarsa, insan bu dörd rəngi ayırd etmək üçün artıq bu mexanizmdən istifadə edə bilmir. Xüsusilə də, insan qırmızını yaşıldan ayıra bılmir və nəticədə, qırmızı-yaşıl daltonizmi ortaya çıxır.

Qırmızı konusları olmayan insan "protanop" adlandırılır. Bu insanın görmə spektri qırmızı konusları əskik olduğu üçün uzun dalğa uzunluğunun sonunda nəzərəçarpacaq dərəcədə qısalır. Yaşıl konusları əskik olan insan isə "deyteranop" adlandırılır. Bu insan qırmızı konusları olduğu üçün uzun dalğa uzunluqlu işığı qəbul edəcək son dərəcə normal bir görmə spektrinə malikdir. Qırmızı-yaşıl rəng daltonizmi daha çox kişilərdə ortaya çıxan və qadınlardan oğlan uşaqlarına ötürülən irsi (və ya genetik) bir xəstəlikdir. Daltonizm qadınlarda demək olar kı, heç olmur. Çünki iki X xromosomundan ən azı biri demək olar ki, həmişə hər bir konus tipi üçün normal bir gen daşıyır. Ancaq kişilər yalnız bir X xromosomuna malikdir və buna görə də, əskik bir gen daltonizmə səbəb olur. Bir kişidəki X xromosomu heç vaxt atadan gəlmədiyi, həmişə anadan gəldiyi üçün daltonizm anadan oğula keçir. Bu baxımdan, qadınların təqribən yüzdə 8-i daltonizm daşıyıcısıdır.

"Mavi zəifliyi"

Mavi konuslara gəlincə, mavi konuslar nadir hallarda əskik olur. Bu da irsi (və ya genetik) olaraq ötürülən bir haldır və "mavi zəifliyi" deyilən xəstəliyin ortaya çıxmasına səbəb olur. Çox nadir hallarda müşahidə edilən bu xəstəlikdə göz mavi və sarının tonlarını daha solğun qəbul edir. Rəngli görmək ancaq Sonsuz bir elmin, qüdrətin və hikmətin ifadəsidir. Buna görə də, hər şeyi növbənöv rənglərlə bəzəyən Sonsuz Qüdrət Sahibi minlərlə pərdə içindəki bir gül qönçəsi olan kainatı ən gözəl sənəti olan insana rəngarəng bir sərgi salonu kimi təqdim edir.