Jurnalımız artıq 2 ildir ki, sizlərə təqdim olunur. Bu vaxta kimi ancaq kişilərin uğur hekayələri ilə qarşınıza gəlmişik. Bu dəfə isə bir ilkə imza ataraq Arzu xanımı sizə təqdim edirik. Onunla özünün də istədiyi kimi birbaşa uğur hekayəsindən danışmayacağıq, bu yolda necə irəliləmək olar, ondan danışacağıq. Çünki Arzu xanım deyir ki, uğur nisbi anlayışdır və hərə uğuru bir cür təqdim edir. O düşünür ki, onun uğur hekayəsi başqası üçün uğur hekayəsi sayılmaya bilər. Ya da ki, əksinə... Arzu Ağazamanova 1990-cı il yanvarın 20-də Bakı şəhərində anadan olub. 11 il Respublika İncəsənət Gimnaziyasında təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olub. Lakin maliyyə sahəsi ilə bağlı kurslar keçərək sahəsini dəyişib. Maliyyə sahəsindən sonra Arzu xanım bir vaxtlar öz layihələri ilə xanımlarımızın həyatında böyük dəyişikliklər edən və necə deyərlər, onların bir nömrəli dostuna çevrilən "WoWoman" layihəsində işləməyə başlayıb. Burada o, layihənin CEO-su vəzifəsinə qədər yüksəlib. Sonra yenidən maliyyə sahəsinə üz tutub. Hazırda isə o, IT layihələrinin idarəsi ilə məşğuldur.
- Arzu Ağazamanovanı necə təqdim edərdiniz?
- Həyatını sevən, daim öz üzərində işləyən xoşbəxt insan. 16 yaşından işləyirəm. Səyahət etməyi çox xoşlayıram. Kitab oxumağı, səhərlər yürüş etməyi və meditasiya ilə məşğul olmağı xoşlayıram. Daha sonra mandala rəngləməyi, qızımla, ailəmlə, dostlarımla vaxt keçirməyi çox sevirəm. Bir sözlə, həm fiziki, həm mənəvi inkişafıma vaxt ayırmağa çalışıram.
- "WoWoman" kimi bir layihənin rəhbəri olmaq necə bir hiss idi? Qısa bir vaxtda məşhurlaşan və sevilən bu layihənin CEO-su olmağa necə nail oldunuz?
- Mən bu layihəyə ilk gündən qoşulmuşdum. 2015-ci il yanvar ayından intervülərə qoşulurduq, daha sonra fevral ayında ilk tədbirimiz başladı. "WoWoman"də 3 il yarım könüllü kimi fəaliyyət göstərmişəm. İstər könüllü kimi olsun, istərsə də icraçı direktor kimi, fərqi yoxdur, iş vaxtı demədən, həftəsonu demədən 7/24 işləmişəm. Könüllülükdən sonra "city director", sonra "country director", daha sonra isə CEO kimi fəaliyyət göstərmişəm. Bu layihə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda fəaliyyət göstərirdi. Xanımların inkişafına dəstək olan bir platforma idi. 7 il ərzində həyata keçirdiyim bütün layihələri sevərək və öyrənərək həyata keçirmişəm. Bununla yanaşı Azərbaycanda və Azərbaycandan kənarda onlayn və oflayn kurslarda iştirak edərək özümü inkişaf etdirirdim.
"WoWoman"in məqsədi nə idi? Əsas nəyə hədəflənmişdiniz?
- "WoWoman"in məqsədi xanımlara təhsil almalarında dəstək olmaq idi. 7 il ərzində bizim həm onlayn, həm də oflayn kurslarımızda, vebinarlarımızda, layihələrimizdə on minlərlə xanım pulsuz layihələrimizdən, kurslarımızdan faydalandılar və yeni peşələr, yeni bacarıqlar, yeni biliklər əldə etdilər. Eyni zamanda bizim qapalı feysbuk qrupumuz var idi. 2018-ci ildə biz feysbuk tərəfindən 100 ən yaxşı cəmiyyətdən biri seçilmişdik. 30 minə yaxın qapalı qrupumuzda biz hər həftə müxtəlif vebinarlar, sorğular, canlı efirlər təşkil edir, xanımların inkişafına dəstək olurduq. Sorğularda onlara hansı kitablar, hansı mövzular daha maraqlı olar deyə, kitab müzakirələrinə qədər müxtəlif sahələrə toxunurduq. Biz fərdi inkişafla yanaşı, ruhi və mənəvi inkişafa da yer ayırırdıq. Təkcə oxumağa fokuslanmırdıq, həmçinin, meditasiyalar həyata keçirirdik, sağlam qidalarla bağlı vebinarlar təşkil edirdik. Tək bir sahə ilə kifayətlənmir, xanımların ümumilikdə inkişaflarına dəstək olmağa çalışırdıq. Layihəyə dəvət etdiyimiz təlimçilərimiz də öz sahələrinin mütəxəssisləri idilər. Onlar da öz dəyərli fikirlərini, təcrübələrini xanımlarımızla bölüşərək, onların inkişaflarına böyük dəstək olurdular.
- Bundan sonra nə kimi layihələrdə iştirak etmək istərdiniz? Və ya hazırda hansı layihələrdə iştirak edirsiniz?
- Qeyd etdiyim kimi bu günə qədər bütün layihələrimizi sevərək həyata keçirmişəm. Hazırda daha çox IT, rəqəmsallaşma, delta ilə bağlı layihələrdə işitrak edirəm və bu sahədə də böyük layihələri idarə edirəm. Özümə hədəf qoymuşam ki, 2022-ci il üçün bu sahələrdəki layihələrin idarə olunmasında peşəkarlaşım. Gələcəkdə bu sahələrdə daha çox təcrübə qazanmağı özümə hədəf qoymuşam. Hazırda da buna uyğun kurslar, özünüinkişaf proqramları və ya hər hansı başqa proqramlar olduqda həm onlayn, həm də oflayn qoşularaq özümü inkişaf etdirirəm.
- Bu gün əksər gənclər öz yaşıdlarından seçilmək istəyirlər. Heç bunun üçün sizə müraciət edən olurmu? Olursa, o gənclərimizə nə məsləhət verirsiniz?
- Öz üzərində işləməyi, əlaqələr qurmağı, maraqlı tədbirlərdə iştirak etməyi məsləhət bilirəm. Mənə bəzən bir xanımın qardaşı və ya yoldaşı zəng edir, onun tədbirlərimizdə iştirak etmək istədiyini deyirdi. Mənim isə ilk sualım o olurdu ki, niyə həmin xanım özü zəng etmir? Çünki əgər sən nəsə əldə etmək istəyirsənsə, öz komfort zonandan çıxmalısan. Əlinə telefonu alıb zəng etmək ilk addımdır. Bunu da sənin yerinə başqası edirsə, artıq komfort zonadan çıxmırsan. Və bu kimi hallar səni başqalarından seçilməyə gətirib çıxara bilməz. Mən bu gün belə kiməsə zəng edib nə isə öyrənməkdən utanmıram, eləcə də, nəyisə öyrənməkdən çəkinmirəm. Əgər bunu etməliyəmsə, dərhal o insanın nömrəsini tapıb zəng edir, ondan məsləhət alıram. Gənclər utanmaq və çəkinmək hissini məğlub etməyi və komfort zonalarından çıxmağı özlərinə hədəf qoysunlar.
- Kişilər üçün uğur hekayəsini yazmaq heç vaxt gec deyil. Hətta bəlkə ailə qurandan sonra xanımları onlara daha çox dəstək olurlar. Amma eyni şeyi xanımlar üçün demək çətindir. Bu baxımdan, ailəli xanımlara məsləhətiniz? Onlar necə etsinlər ki, həm ailədə, həm də işdə uğurlu olsunlar?
- Uğur çox nisbi anlayışdır. Mənə görə uğur sayılan hər hansı bir şey başqası üçün adi bir şey ola bilər və ya başqasına görə uğur sayılan bir şey mənə görə uğur olmaya bilər. Həyat yoldaşım mənə ilk gündən həmişə dəstək olub. İstər mən xaricə kurslara gedəndə, istər gecə saat 2-də ayılıb imtahan verəndə, istər qızımıza baxmaqla, istər ailə həyatında kömək etməklə, bir sözlə, hər addımda o, məndən dəstəyini əsirgəməyib. Amma ən əhəmiyyətlisi iş və ailə balansını itirməməkdir. Deyə bilmərəm ki, onu tapmaq asandır. Bir müddət bununla bağlı çox kitablar oxuyurdum. Podkastlar dinləyirdim. Həmin vaxt ailə və iş balansım kritik vəziyyətə gəlmişdi. Çünki işə vaxtı çox ayıranda ailəyə vaxt ayıra bilmirsən, ailəyə vaxt ayıranda da bunun əksi ilə qarşılaşırsan. Və sən iş üçün etmək istədiklərini, təhsil üçün etmək istədiklərini edə bilmirsən. Ancaq öz intuisiya və hisslərimə qapılandan sonra onda hər şey daha rahatlıqla yoluna düşür. Belə olanda isə həm işə, həm də ailəyə kifayət qədər vaxt ayıra bilirsən. Hazırda əldə etdiyim uğurlarımdan biri odur ki, mən həftəsonu kompüteri açmıram. Bu mənim üçün çox böyük irəliləyişdir. Demək olar ki, illərlə məndə belə bir şey olmamışdı. Bəzən də 6-dan sonra kompüteri açmıram. Amma bu, hər vaxt belə olmur, işin vəziyyətinə görə dəyişir. Həftəsonları isə tamamilə ailəmlə vaxt keçirir, daha çox enerji yığaraq növbəti həftəyə daha produktiv başlayıram.
- Azərbaycan xanımları nə üçün bəlkə də uşaqlıqdan arzusunda olduqları istəklərinə nail ola bilmirlər? Bu, onların öz iradələrindən asılıdır, yoxsa başqa səbəblər var?
- Bu hamıda belə olmur. Əgər insan nəyisə əldə etmək istəyirsə, inanın mənə, o öz hədəfinə çatır. Ətrafımda o qədər xanımlar var ki, hamı onlara "Səndə alınmaz", "Sən bacarmarsan" deyib, lakin onlar öz istədiklərinin arxasınca gedərək, hər kəsə əksini göstəriblər. Bu yolda çox böyük uğurlar əldə ediblər və bu gün də etməkdə davam edirlər. Bir söz var ki, əgər sən bir şeyə nail olmaq istəyirsənsə, o halda bütün kainat sənin ixtiyarına verilir və sən ona nail olursan. Həqiqətən də, bu belədir. Əgər insan nə isə etmək istəyirsə, "Vaxtım yoxdur", "İşləyirəm" və s. kimi düşüncələri özündən uzaqlaşdırır və hədəfinə doğru iri addımlarla irəliləyir.
- Sahibkar olmaq istəyən gənc xanımlarımız əsasən nəyə diqqət etməlidirlər?
- Daim inkişaf etsinlər, bilik və bacarıqları üzərində işləsinlər. Arzulardan bir an olsun vaz keçməsinlər.