Hər uşağın söz dinləmə qabiliyyəti fərqlidir. Uşağınız bəlkə də yetkinlik dövrünə qədər sizdən çəkindiyi üçün "Onu et, bunu et" formasındakı əmrlərinizi yerinə yetirə bilər. Ancaq yetkinlik dövründən sonra (xüsusilə də, 15 yaşında) sizə qarşı etirazlarının artma ehtimalını da unutmaq olmaz. Ona görə də, uşaqdan bir şey istədikdə bunu ona dəqiq şəkildə ifadə etməli, hətta lazim gəlsə, ona variantlar təklif etməli, həmçinin, ona kifayət qədər vaxt verməlisiniz. Əslində, burada işin 99 faizi valideynin üzərinə düşür. Valideyn nə qədər yaxşı ünsiyyət dilindən istifadə etsə və uşağın o vəziyyətdəki psixologiyasını nə qədər yaxşı dərk etsə, uşaqla ünsiyyəti də o qədər yaxşı olar. Dolayısı ilə uşağınızın sözünüzə qulaq asmasını istəyirsinizsə, hansı və ya necə cümlələrdən istifadə etdiyinizi bir daha nəzərdən keçirməlisiniz.
Əsasən, valideynlər hər hansı bir məsələ ilə razı olmadıqlarını ifadə etmək üçün uzun-uzadı analizlər aparır, bəzən ittihamedici cümlələrdən istifadə edir, hətta bəzən istehza etməkdən də çəkinmirlər. Ən təhlükəlisi isə onlar bütün bunları dolaylı bir şəkildə ifadə edir və bununla da uşağa bəzi mesajlar verməyə çalışırlar. Beləliklə də, onlar öz fikirlərini ifadə edərkən, əslində bir çox lazım olmayan cümlələr qurmuş və nəticə etibarı ilə uşaqla aralarında ziddiyyət zəmini yaratmış olurlar.
Məsələn, uşaq qonaq otağındakı mizin üstündə yemək yeyir və yediyi bulaşıqları orada qoyaraq bir tərəfdə oynamağa başlayır. Ana da təbii olaraq, onun özündən sonra qoyduğu bu səliqəsizliyi aradan qaldırmağı tələb edir. Təbii ki, bu halda uşağa qarşı iki fərqli yanaşma ola bilər: biri mənfi, digəri isə müsbət. Birinci yanaşma: Ana otağa daxil olur və otağın səliqəsiz olduğunu görərək, "Aman Allahım, bu uşaq niyə belə səliqəsizdir!" - deyir. İkinci yanaşma: Ana otağa daxil olur və otağın səliqəsiz olduğunu görərək, "Oğlum, oyununu bitirər-bitirməz mizin üstünü yığışdır!" - deyir. Birinci cümlə uşağın təkcə səliqəsiz olduğunu ifadə etmir, həm də onun pis uşaq olduğunu vurğulayır. İkinci cümlə isə uşaqdan nə tələb olunduğunu ifadə edir və eyni zamanda onun psixologiyasını bu prosesə hazırlayır: "Oyununu bitirər-bitirməz"...
Çünki oyun oynayan bir uşağın bu "işdən" ayrılması üçün onun buna həm fiziki, həm də psixoloji cəhətdən hazır olması şərtdir. Digər tərəfdən, uşaq oyun oynamaq istədiyi halda ondan başqa bir iş görməyi tələb etmək onunla özünüz arasında ziddiyyət zəmini yaratmaq deməkdir. Bu halda uşaq sizin dediyinizi etsə belə, bunu istədiyi üçün yox, sizdən çəkindiyi üçün edəcək. Uşağın bu vəziyyətini nəzərə alan ana ikinci yanaşmada şüurlu olaraq "oyununu bitirər-bitirməz"... ifadəsini əlavə edir və beləliklə də, uşaqla arasındakı ziddiyyət ehtimalını sıfıra endirir. Təbii ki, buna başqa misallar da vermək olar, ancaq bu məsələdə ən çox istifadə etdiyimiz ifadələr bunlardır: "Oynamazadan əvvəl kitablarını yığışdırsan, yaxşı olar!" "Yaxşı olar ki, oynamazdan əvvəl tapşırıqlarını yerinə yetirəsən". Halbuki uşağınız "Oynamazdan əvvəl kitablarını yığışdır!" və ya "Oynamazdan əvvəl tapşırıqlarını yerinə yetir!" kimi dəqiq ifadələrlə fikrinizi daha düzgün başa düşə bilər.
Dolaylı ifadələrdən başqa, valideynlərin ən çox yol verdikləri səhv isə qeyri-müəyyən ifadələrdir. Məsələn, uşaqlar "Otağını yığışdır" sözünə çox vaxt qulaq asmırlar. Belə ki, bu halda otaq ya səliqəsiz qalır, ya da uşaq "Otağını yığışdır" sözündən "ortalıqdakı əşyaları rəflərə doldur" sözünü başa düşür. Halbuki, dəqiq ifadə ilə, "Kitablarını kitab rəfinə qoy!", "Oyuncaqlarını oyuncaq qutusuna yığ" və ya "Paltarlarını paltar şkafına as" kimi sözlərdən istifadə etməli və uşağınızdan otağındakı problemlə bağlı nələri tələb etdiyinizi dəqiq ifadə etməlisiniz.
Uşaqla daha yaxşı ünsiyyət üçün başqa bir üsul isə müəyyən bir şərt daxilində icazə vermək, ya da "ananın qaydası"nı tətbiq etməkdir. Bu ifadələrdə də ananın qurduğu cümlə forması çox vacibdir. Uşaq həyətdə oynamaq istəyir, siz isə yeməyini qurtarmasını tələb edirsiniz. Və təbii olaraq siz uşağa: "Yeməyini yeyəndən sonra həyətdə oynaya bilərsən", - deyirsiniz. Halbuki siz uşağınıza: "Yeməyini qurtarana qədər həyətə çıxa bilməzsən", - də deyə bilərdiniz və təbii olaraq, bu cümlə ilə uşaqla aranızda ziddiyyət zəmini yaratmış olardınız. Buna görə də, ən yaxşısı cümlənin sonunda qadağalar və ya əmrlər olan sözlərdən istifadə etməmək, sərbəstlik vəd edən və ya seçmək imkanı verən sözlərə yer verməkdir. Çünki uşaqlar bir qayda olaraq öz seçdikləri işi görməyə daha çox üstünlük verirlər. Və nəticədə isə hər iki tərəfin də istədiyi olur. Məsələn, pijamalarını geymək istəməyən uşağınıza yatmazdan əvvəl geydirdiyiniz pijamalarını göstərə və seçmək hüququ verərək, pijama geyməyi onun üçün daha əyləncəli edə bilərsiniz. Ancaq bir şeyi də unutmaq olmaz ki, uşağınıza seçmək hüququ verərkən hər iki variant da sizin doğru hesab etdiyiniz variant olmalıdır. Yəni, uşağınıza: "Süd istəyirsən, yoxsa şokolad?" - deyə təklif etsəniz, ona ziyanlı olmayanla ziyanlı olan iki zidd şeyi təklif etmiş olarsınız. Digər tərəfdən, beş yaş dövründən aşağı uşaqlarla yola getmək də ayrı bir sənətdir. Bu yaş dövründəki uşaqlarla bəzi əşyaları "danışdıraraq" ünsiyyət qurmaq daha təsirli ola bilər. Xüsusilə də, 1-1,5 yaş dövründəki uşaqlara paltarlarını geyindirərkən qaçmaları məlum bir həqiqətdir. Eyni hadisə ilə onların altlarını dəyişdirərkən də qarşılaşmaq olar. Bu halda uşağınızın paltarını əlinizə götürə və onu oyuncaq gəlincik kimi tutaraq uşağınızla danışdıra bilərsiniz: "Salam, mən sənin paltarınam. Sən çox yaxşı uşaqsan. Elə isə mən səni qucaqlaya bilərəm?.."
Digər tərəfdən, istər bu, istərsə də digər cümlələrə diqqətlə nəzər yetirdikdə uşaqla ünsiyyət üçün ananın nə qədər vaxt sərf etməli olduğunu görə bilərik. Halbuki xüsusilə də, müasir dövrdə bunun üçün kifayət qədər vaxt tapmaq çox ciddi bir problemdir. Bəlkə də, əksər valideynlərin ifadə etdiyimiz bu ünsiyyət problemlərini yaşamalarına səbəb də elə bu vaxt problemidir. Ancaq bu da bir həqiqətdir ki, uşaq müəyyən bir yaşa çatdıqda yuxarıda ifadə etdyimiz ünsiyyət formalarının nə qədər vacib olduğunu başa düşmək o qədər də çətin olmur. Ona görə də, uşaqla ünsiyyətdə ünsiyyət formalarının min cür üsulunu tapmaq və ən əsası bunun üçün uşağa vaxt ayırmaq şərtdir. Bunu başqa cür təsəvvür etmək isə sadəcə olaraq, mümkün deyil. (Elizabet Pentlidən)