Yəqin sizə də məlumdur ki, əksər sistemlərdə bir mərkəz və bir də bu mərkəzə məxsus başqa bir mərkəz var. Orqanizmimizdə isə bu mərkəz rolunu yerinə yetirən əsas orqan beyindir, beynimizin mərkəzi rolunu yerinə yetirən orqan isə hipotalamus. Hətta bu mənada hipotalamusu "beynimizin beyni" də adlandırmaq olar. Hipotalamus beyinin digər "orqanları" ilə, həmçinin, bütün daxili orqanlarla sinir əlaqələri olan və bütün bu orqanlarla sinir lifləri vasitəsi ilə rabitə quran bir orqandır. Bu baxımdan, hipotalamus həm beynimizin, həm də orqanizmimizin sanki bir orkestr kimi idarə edilməsində rol oynayan əsas orqanlardan biridir. Hipotalamusdan ifraz olunan hormonlar vasitəsi ilə orqanizmimizdəki bütün daxili sekresiya vəzilərinin fəaliyyəti nəzarət altında saxlanılır. Bu xüsusiyyətinə görə hipotalamus insan orqanizmindəki həm rabitə, həm də nəzarət sistemlərinin ən mühüm mərkəzini təşkil edir. Digər tərəfdən, hipotalamus ona gələn elektrik siqnallarını kimyəvi siqnallara, kimyəvi siqnalları isə elektrik siqnallarına çevirən yeganə beyin strukturlarından biridir. Bu baxımdan hipotalamusu insan orqanizminin sinir sistemi ilə hormon sistemi arasında körpü də adlandrımaq olar. Bir sözlə, hipotalamus təkcə hormonal sistemin yox, sinir sisteminin də idarəsində əsas söz sahiblərindən biridir. Orqanizmə həm daxildən, həm də xaricdən gələn bütün siqnallar analiz edilmək üçün hipotalamusa göndərilir. Hipotalamıs isə öz növbəsində bu siqnalları analiz edərək lazım olan qərarları qəbul edir. Üstəlik, ağlımızın dərk etməkdə çətinlik çəkdiyi bu prosesləri hipotalamus saniyələr ərzində, həm də fasiləsiz yerinə yetirir. 4 qram ağırlığında olan hipotalamus 1 kiloqram 400 qramlıq beyinin mində üçünü, 70 kiloqramlıq bədənin isə yüz mində altısını təşkil edir. Ancaq bu qədər kiçik olmasına baxmayaraq, bütün başqa vəzifələri ilə yanaşı hipotalamus hipofiz vəzisini qıcıqlandıran hormonları istehsal etmək vəzifəsini də daşıyır. Bu hormonların əsas vəzifəsi isə hipofizdə müxtəlif hormonların istehsalını, həmçinin ifrazını tənzimləməkdir. Hipotalamusun vəzifələrindən bəziləri isə bunlardır:
- Temperaturun tənzimlənməsi: Ön hipotalamusda orqanizmi temperatur artımından, arxa hipotalamusda isə temperatur azalmasndan qoruyan bir mərkəz var.
- Qida qəbulunun tənzimlənməsi: Hipotalamusda mövcud olan digər mərkəzlər isə qida qəbulunu tənzimləyən aclıq və toxluq mərkəzləridir.
- Su qəbulunun tənzimlənməsi: Bu proses də qida qəbulundan demək olar ki, heç nə ilə fərqlənmir. Başqa sözlə, qida qəbulunda olduğu kimi burada da proses iki yolla həyata keçirilir. Təbii ki, hipotalamusun yerinə yetirdiyi vəzifələr bununla bitmir. Belə ki, hipotalamus fizioloji proseslərdən psixoloji proseslərə qədər onlarla və bəlkə də, yüzlərlə prosesi həyata keçirir. Hipotalamusun orqanizm üzərindəki "hakimiyyətində" əsas rol oynayan köməkçilərindən biri də hipofizdir. Hipotalamus qəbul etdiyi qərarları lazım olan yerlərə çatıdrmaq üçün bu köməkçidən istifadə edir. Hipofiz yaradılışı etibarı ilə hipotalamusun tam nəzarəti altında fəaliyyət göstərir. Belə ki, hətta hormonlar da hipofizdən hipotalamusun nəzarəti altında ifraz olunur. Təbii ki, orqanizmimizin yüz mində altısı ağırlığında olan bir toxumanın (həmçinin, bu toxumanı təşkil edən hüceyrələrin) özbaşına plan qurması və üstəlik, heç bir səhvə yol vermədən bu planı həyata keçirməsi qeyri-mümkündür. Üstəlik, bu proseslərin bu günə qədər yaşayan və bu gündən sonra da yaşayacaq milyardlarla insanın beynində istisnasız olaraq həyata keçdiyini nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğunu görə bilərik. Bir sözlə, orqanizmimizi təşkil edən bu qədər kiçik hüceyrələrə və bu hüceyrələrin istehsal etdikləri hormonlara, fermentlərə və ya protein molekullarına sonsuz ağıl və şüur tələb edən bu xüsusiyyətləri qazandıranın ağılsız təbiət qüvvələri olmadığı aşkardır.