Rəvan Məmmədov 
 

İkinci Dünya müharibəsinin başlamasından sonra tərəf dövlətlər arasında bu müharibənin qazanılması üçün qızğın müzakirələr gedirdi. Hər biri qalib gəlmək üçün öz fikirlərini söyləyir, müxtəlif metodlar təklif edirdilər. Bu metodlardan ən amansızı 1944-cü ilin sentyabrında ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniya baş naziri Vinston Çörçill arasında keçən danışıqlarda qeydə alınır. Dövlət başçıları Hayd-parkda bağlanmış razılaşmada Yaponiyaya qarşı atom bombasının tətbiqini nəzərdən keçirirlər. Həmin tarixdə müharibənin başlamasından artıq 4 ildən çox vaxt keçmişdi. Bu müddət ərzində ABŞ döyüşlərdə 200 mindən çox hərbçisini itirmişdi. Eləcə də, qarşı tərəflərdə çox sayda itki var idi. Yaponiyada həlak olan təkcə dinc sakinlərin sayı 100 mini aşmışdı.

Los-Alamosda ABŞ və tərəfdaşlarının 10-11 may 1945-ci ildə ikinci iclası baş tutur. Orada artıq atomun atılması barədə qərarın hansı şəhərlərdə tətbiqi məsələsi müzakirə edilir. Hədəfləri seçərkən psixoloji faktorlara böyük əhəmiyyət verildiyi qeyd olunur. Elə bir şəhər və vaxt seçmək barədə qərara gəlirlər ki, təsiri daha çox, gücü daha yüksək olsun. Bu istiqamətdə fikir mübadiləsi aparılır.

Bəzi mənbələrin yaydığı məlumata görə, atom atılarkən yaponların küçələrdə ən çox olduğu vaxt seçilmişdi. Üstəlik, insanların əksəriyyəti bu şəhərin vurulmayacağını güman edirdi. Ona görə də, əhalinin çox hissəsi həmin şəhərə getmişdi. İnsanlar küçələrdə rahat gəzirdilər. Müharibədən əvvəl şəhər əhalisinin sayı 340 min nəfərdən çox idi. Müharibə vaxtı isə bu rəqəm 400 minə yaxınlaşmışdı. Bu da əvvəlcədən daha çox insanın ölməsinin planlaşdırıldığını göstərir. Digər tərəfdən, nüvə silahının ilk dəfə tətbiqi beynəlxalq səviyyədə həmin silahın nə qədər təhlükəli olduğunu ortaya qoymalı idi.

Nəhayət, 16 iyul tarixində Nyu-Meksiko ştatında yerləşən poliqonda dünyada ilk dəfə atom silahının uğurlu sınağı keçirilir.

Partlayışın gücü təqribən 21 kilotona bərabər idi. Həmin tarixdə isə ABŞ Prezidenti Franklin Ruzvelti Harri Trumen əvəz etmişdi. 25 iyul tarixində Trumen 3 avqustdan başlayaraq aşağıdakı hədəflərdən birini bombalamağa başlamaq əmrini verir. Həmin hədəflər Xirosima, Kokura, Niiqata və ya Naqasaki olmalı idi. 26 iyul tarixində ABŞ, Böyük Britaniya və Çin hökumətləri Potsdam bəyannaməsini imzaladılar. Bu sənəddə Yaponiyanın qeyd-şərtsiz kapitulyasiyası tələbi qeyd olunur, Yaponiya isə bununla razılaşmırdı. ABŞ və tərəfdaş ölkələr artıq atom bombasını atılmaq üçün hazır vəziyyətə gətirmişdi. Uzun müzakirələrdən sonra ilk atom hədəfi kimi Xirosima şəhəri seçilir. Şəhər 81 körpü vasitəsilə 6 adanın birləşdiyi dəniz səviyyəsindən hündürdə, hamar ərazidə yerləşirdi. Xirosima Yaponiyanın yeddinci ən böyük şəhəri idi. Şəhərdə Beşinci Diviziya və feldmarşal Syunruku Xatanın İkinci Əsas Ordusunun qərargahları yerləşirdi. Xirosima Yaponiya ordusunun vacib bazası idi. Üstəlik, şəhərin ətrafında fabriklər yerləşirdi.

Tarix 6 avqustu göstərirdi. Təxminən səhər saat 8 radələrində 9 km yüksəklikdə olan ABŞ-ın "B 29" təyyarəsi Xirosimaya dünyada hərbi məqsədlərlə istifadə olunan ilk atom bombasını atır. Bomba 576 metr yüksəklikdə partlayır. Partlayışın episentrinə yaxın olan insanlar elə o andaca dünyasını dəyişir. Mərkəzdən təxminən 1 kilometr məsafədə olan insanların 80 faizindən çoxu bir neçə dəqiqə sonra ölür. Havada uçan quşlar belə məhv olur. Quru, yanan materiallar isə (kağız, karton və sair) partlayışın episentrinə 2 km qala alov alır.

Partlayış dalğası 19 kilometrə qədər məsafədə yerləşən pəncərələri paramparça edir. Alov şəhərin 11 kvadrat kilometrdən çox hissəsini əhatə edir. Hadisədən sonra ən çox ölüm halı partlayış zamanı şüalanmadan zərər görənlər arasında qeydə alınır. Şüalanma nəticəsində insanların beynində bədxassəli şişlər yaranır. Bəzi zərərçəkənlərdə həmin şişlər ömrünün sonuna qədər qalır.

Xirosimadakı partlayış vaxtı ölənlərin sayı 80 minə çatır. Ümumilikdə isə həmin səbəblə 200 mindən çox insan dünyasını dəyişir, 200 mindən çox insan isə müxtəlif xəstəliklərə tutulur.

Atom bombasının Xirosimaya atılmasından sonra Yaponiya hökuməti müzakirələrə başlayır. Sülh danışıqları barədə çıxışlar olsa da, bu baş vermir.

3 gün sonra, 1945-ci il 9 avqust tarixində Yaponiyanın daha bir şəhərinə, Naqasakiyə atom bombası atılır. Şəhər iki çayın axdığı iki vadidə yerləşirdi. 90 kvadrat kilometr əraziyə malik olan şəhər təkcə dəniz limanı kimi yox, həm də sənaye mərkəzi kimi tanınırdı. Orada poladtökmə istehsalı və "Mitsubişi" şirkətinin zavod və fabrikləri yerləşirdi. Şəhərdə silahlar, gəmilər və digər döyüş texnikaları da hazırlanırdı.

9 avqust saat 10:56-da növbəti atom bombası Naqasakiyə atılır. Saat 11:02-də 500 metr yüksəklikdə güclü partlayış baş verir. Naqasakiyə atılan bombanın partlayış gücü Xirosimadakından daha böyük olsa da, dağıdıcılıq gücü daha az olur. Buna səbəb kimi isə Naqasakidə təpəliklərin çox olması göstərilir. Naqasaki prefekturasının hesabatına əsasən, episentrdən 1 kilometr məsafədə yerləşən insan və heyvanlar elə o andaca ölür. 2 kilometr radiusda yerləşən bütün evlər isə dağılır. Həmin şəhərdə yerləşən 52 min binadan 14 mini uçulur. Partlayış vaxtı ölənlərin sayı 80 minə yaxın olur. Növbəti vaxtlarda isə atom bombasının səbəb olduğu müxtəlif xəstəliklərdən ölənlərin sayı 140 mini ötür.

İkinci bombadan sonra, 1945-ci il 15 avqust tarixində Yaponiya kapitulyasiya elan edir. Baş nazir Kantaro Sudzuki, xarici işlər naziri Siqenori Toqo və hərbi nazir Koretika Anaminin hökuməti müharibəni dərhal bitirməyə məcbur olur. 1945-ci ilin 2 sentyabrında imzalanmış kapitulyasiya aktı İkinci Dünya müharibəsini rəsmi olaraq bitirir. Ancaq həmin şəhərlərə atılan atom bombalarının mənfi təsirləri faciənın üzərindən 77 il keçməsinə baxmayaraq hələ də qalmaqdadır...