İsmayıl Əhməd 
 

Mənim ana dilim mənim kimliyim,

Pasportum, özumə öz hakimliyim,

Mənim mənliyimin füsunkarlığı

Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı, yurdun varlığı

Sənin varlığına bağlıdır, dilim...

Yazımıza əlinə qələm aldığı ilk gündən xalqının dərdlərini, ağrılarını yazan sevimli şairimiz Bəxtiyar Vahabzadənin misraları ilə başladıq. Hələ Şəkidə yaşadığı gənclik illərində yazdığı "Gülüstan" poemasında milli faciəmizin kökünü göstərən şair ana dilini özünə sığınacaq yeri bilir, bu dili məlhəm kimi yaralarına çəkirdi. Təkcə Bəxtiyar müəllim deyil, onunla eyni dövrdə ədəbiyyata gələn söz ustalarımızın ən çox müraciət etdiyi mövzu milli varlıq, ana dili mövzusudur. Məmməd Arazda da eyni yanğı var, Fikrət Qocada da, Nəbi Xəzridə də, Söhrab Tahirdə də, Qabildə də, Nəriman Həsənzadədə də...

Dil - hər bir xalqın milli varlığını təsdiq edən ilk atribut, ilk sənəddir. Bəzən dil onu danışan xalqdan daha uzunömürlü olur. Bu gün dünya tibbində latın dili anlayışı var, amma dünyada latın adında bir xalq yoxdur.

Dil statik proses deyil, daim dəyişən, yenilənən, zənginləşən sərvətdir. Dünya ölkələri ilə əlaqələrin inkişafı danışdığımız Azərbaycan dilinin zənginləşməsinə güclü təkan verir. Bəzən heç fərqinə varmadan başqa dillərdən sözlər, ifadələr dilimizə yol tapır.

Dil - doğmalıqdır, yaxınlıqdır, bir sərvətə, bir nemətə ortaq olmaqdır. Heç təsəvvür edirsinizmi, uzaq Vaşinqtonun kənar məhəllələrindən biri ilə addımlayırsınız və bir anda qarşınızda gedən iki nəfərin doğma Azərbaycan dilində danışdığının fərqinə varırsınız. Sizcə, bu hadisəyə biganə qalmaq olarmı? - Əlbəttə, olmaz! O saat yaxınlaşıb salam verərsiniz, hal-əhval tutarsınız, qırx ilin tanışları kimi bir çay qonaqlığına dəvət edərsiniz.

Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalıb, ancaq yenə də öz varlığını qoruyub saxlayıb.

Bir həqiqəti də vurğulamağı lazım bilirik ki, kiril əlifbası özü də o imperiya siyasətinin bir parçası idi və ondan qurtulmaq xalqımızın müstəqilliyinin daha bir göstəricisidir.

Dili, ilk növbədə, onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönədönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixinə daxil olan liderlərin adı ilə sıx bağlıdır.

Azərbaycan dilinin ilk dəfə hələ Şah İsmayıl Xətai dövründə Səfəvi dövlətinin rəsmi dövlət dili elan edilməsi tarixdən məlumdur. Cümhuriyyət dövründə (1918) Azərbaycan dili rəsmi dövlət dili elan edildi, ancaq real tarixi şərait ucbatından uzunömürlü olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edildi. 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində respublikada dövlət dili kimi təsbit edildi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi. 2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin "Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında" fərman imzaladı.

Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılır, ilk dəfə XX əsrin 20-ci illərində baş verən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Bu fərmanda həm də qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrdən başlayaraq xalqımız min ildən artıq bir vaxt ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin öz mənbəyini Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasib əlifba ilə əvəz etmək ideyasını reallaşdırdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilmə yolunda atılmış ilk ciddi addım oldu. Nəticədə, 1923-cü ildən başlayaraq latın əsaslı əlifbaya keçilmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün olmadı və bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirdi.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi.

Bəli, biz bu gün öz dili, öz əlifbası olan bir dövlətin bərabərhüquqlu vətəndaşlarıyıq, amma bu da bir həqiqətdir ki, ölkəmiz Azərbaycan türk dünyasının mərkəzində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Bu gün böyük ziyalılar ortaq türk əlifbası haqqında düşünür və bu istiqamətdə uğurlu addımlar atırlar. Həqiqətən də, türk xalqlarının ortaq əlifbası günümüz üçün çox böyük məsələdir və ümid edirik ki, növbəti mərhələdə ortaq türk dili məsələsi də öz həllini tapacaq. Bir vaxtlar SSRİ məkanında, eyni imperiyanın bayrağı altında olan türk respublikalarının hamısı demək olar ki, kiril əlifbasından imtina edərək latın əlifbasına keçmişlər və ya keçməkdədirlər. Bundan sonrakı mərhələdə türk dövlətləri arasında ortaq koordinasiya şurası, ya da komissiyası quraraq ortaq əlifba məsələsini reallaşdırmaq qalır.

Bu gün ölkəmizin bir çox şəhər və kəndlərində milli dilimizin və əlifbamızın şərəfinə abidələr ucaldılmaqdadır.

Şairin də dediyi kimi, dil bizim varlığımız, dünyada pasportumuzdur. Deməli, 1 avqust bu dilin və bu əlifbanın təəssübünü çəkən, onu sevən hər bir vətəndaşımızın bayramıdır. Bayramınız mübarək olsun!