Azərbaycanda kino sənətinin yaranmasından artıq 124 il ötür. 1898-ci il 2 avqust tarixində bünövrəsi qoyulmuş bu sənətin xalqımızın mədəni və mənəvi həyatında oynadığı mühüm rol danılmazdır. Elə bu əlamətdar gün münasibətilə də jurnalımızın yeni sayında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, sevimli aktyorumuz, xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. Müsahibimizlə həm sənətdəki, həm də cəmiyyətdəki problemlərdən danışdıq...
- Xoş gəlmisiniz, Rasim bəy? Necəsiniz?
- Xoş gördük, babatam. Mənim tay-tuşlarım məndən necə olduğumu soruşanda çox vaxt babat olduğumu deyirəm. Onlar isə deyirlər ki, babat əvəzinə yaxşı olduğumu deyim. Axı necə? Fikrimcə, elə babat sözünün özü bizim yaşda olan şəxslər üçün yaxşı deməkdir. Təbii ki, yaş dövründən asılı olaraq müəyyən xəstəliklər və problemlər ortaya çıxır. Amma mən həmişə özüm də daxil hər kəs üçün, "Ey böyük Allah, dərd verəndə dərmanını da ver" - deyirəm. Elə bu sözləri deyə bilməyimin özü də mənim üçün babatdır.
- Əvvəla, sizi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməyiniz münasibətilə təbrik edirəm. Ancaq siz seçiləndə bir sıra qalmaqallar baş verdi. Yəni, bəziləri sandı ki, sizi kinostudiyaya sədr təyin ediblər. Bu hadisə ilə bağlı bəs siz nə düşünürsünüz?
- Çox təəssüf edirəm ki, hələ də kinostudiya ilə telestudiyanı səhv salan insanlar var. İstəyirsinizsə, ilk olaraq sizə necə sədr seçilməyimdən danışım. Deməli, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov vəfat etdi. Allah rəhmət eləsin. Onun vəfatından bir müddət sonra məni dəvət etdilər, lakin mən "Ac qulağım, dinc qulağım" fikri ilə işləmək istəmədim. Sonra düşündüm ki, mən hər zaman insanların içində olmuşam və fikrimcə, birdən- birə illərlə evdə oturmaq adamı depressiyaya sala bilər. Həm də əgər kollektiv istəyirsə, bundan imtina etmək olmaz. Nəticə olaraq, seçki yolu ilə 170-ə yaxın insan məni sədr seçdi. Bir məsələyə də toxunmaq istəyirəm. Bəzi şəxslər mən sədr seçiləndən sonra, "Rasim gəldi, ittifaqı parçaladı" - deyə danışmağa başladılar. Halbuki mən yox, onlar parçaladılar. Ümumiyyətlə, kino ittifaqının iki hissəyə bölünməsi düzgün deyil. Bir ittifaq olmalıdır. Kinonun yox kimi olduğu bir dövrdə ölkədə iki ittifaqın olması qanunauyğun deyil, birləşdirilməlidir. Gələn il bizim ittifaqın yaranmasının artıq 60 illiyi olacaq.
- Rasim bəy, bir müddət əvvəl kinostudiyanın da sədri dəyişdi. Sizcə, bu dəyişikliklərin kino sahəsinə hər hansı bir təsiri varmı?
- Riyaziyyatı dərindən bilmirəm, amma deyirlər ki, "Toplananların yerini dəyişəndə, cəm dəyişmir". Yəni, adam dəyişməklə, bu iş alınan deyil. Bizim vaxtımızda kinematoqrafıya komitəsi var idi, bir müddət sonra onun adı dəyişib "Azərkinovideo" oldu. Bundan sonra da Mədəniyyət Nazirliyinin nəzdində 3 nəfərdən ibarət kino şöbəsi yaratdılar. Fikrimcə, Mədəniyyət Nazirliyinin nəzdində bu sahə it-bata düşürdü. Sağ olsun, Prezidentimiz yeni kino qurumu yaratdı. Ümid edirəm ki, bu quruma kino sahəsini bilənlər gələcək. Fikir vermisinizsə, Böyük Vətən müharibəsinə aid sənədli filmlər çoxluq təşkil edir. Çünki həmin dövrdə operatorları ön cəbhəyə göndərirdilər. Əllərində ağır kamera ilə çəkiliş edir, bəzən də elə ön cəbhədə ölürdülər. Digər operator isə kameranı götürüb, çəkilişə davam edirdi. Müharibə haqqında əvvəl xronika çəkirdilər, sonra bədii film çəkməyə başladılar. Ümumiyyətlə, müharibə haqqında düşünüb, sonra film çəkmək lazımdır. Bunun üçün də ən yaxşı ssenaristlər, rejissorlar lazımdır. Mən düşünürəm ki, Azərbaycanda çox sayda bacarıqlı aktyor var. Lakin ssenari və rejissor qıtlığının olması da danılmazdır. Rejissor filmin pasportudur. Biz bir sənət adamı kimi çalışmalıyıq ki, şəhid olan igid oğlanlarımız tanınsın. Elə Şuşanın alınmasının özü böyük bir mövzudur. Xoşbəxtlikdən, bir dəfə Şuşanın alınmasında komandir olan Hikmət Mirzəyevlə görüşmüşəm. Müharibəyə dair film çəkilən zaman bu cür insanlardan məsləhət almaq olar. Ümumiyyətlə, bütün kino adamları öz töhfələrini bu mövzuda verməyə borcludurlar. Bütün gənc nəslə qazi və şəhidlərimizin gördüyü işləri təlqin etmək lazımdır. Qoy görsünlər ki, vətəni necə sevmək lazımdır. Bundan əlavə, seriallarda və filmlərdə çatışmayan cəhətlər çoxdur. Mən bir dəfə elə bir filmə çəkilməyə razılıq verdim ki, sonradan xəcalət çəkdim. Deməli, çəkilişə getdiyim zaman gördüm ki, çəkiliş meydançasında heç kim yoxdur. Təbii ki, niyəsini soruşdum. Sən demə, film geyimlərini pul olmadığı üçün götürə bilməyiblər. Nəticə olaraq, bu filmlərə maliyyə düzgün verilmədiyi üçün keyfiyyətsiz bir iş ortaya çıxır. Uzun sözün qısası, ucuz ətin şorbası olmur. Kino təsvir sənətidir, kino teatr deyil. Mətn yığcam və lokanik olmalıdır. Toy çəkən operatorlardır, gəlib film çəkirlər. İstəyirik ki, müharibəyə aid kinolar çəkilsin. Əgər toy operatorları çəkəcəklərsə, çəkməsinlər. Ucuz, layiqsiz film çəkməklərindənsə, heç çəkməsələr yaxşıdır. Bir dəfə festivalda gürcü aktyoru ilə tanış olmuşdum. Fürsətdən istifadə edərək ondan niyə Şota Rustaveli barədə film çəkmədiklərini soruşdum. O isə, "Çəkmək istəyən buyurub gəlsin", - dedi. Çünki Şota Rustaveli haqqında film çəkmək özü böyük bir məsuliyyətdir.
- Bildiyimiz kimi, müharibə iki ildir ki, bitib. Lakin hələ də həmin dövr üçün filmlərin çəkilməməyinin səbəbi nədir?
- Bir vaxt ət qıtlığı var idi və həmin vaxt uşaqlarımın ad gününə təsadüf etmişdi. Qonaqlar gələcəyinə görə 3-4 ədəd toyuq almaq üçün Biləcəriyə getdim. Həmin an satıcıdan qıtlığın səbəbini də soruşdum. Soruşdum ki, bəs niyə belə qıtlıqdır. Dedi ki, onun 40 səbəbi var. Düzü, onun nə dediyini tam anlamadım və təəccüblə üzünə baxdım. Anlamadığımı görərək söhbətə davam etdi və bir əhvalat danışmağa başladı. Deməli, bir şah var imiş. Həmin şah hansı əyalətə gedirmişsə, orada top atəşi açılırmış. Bir gün əyalətlərin birinə gedəndə orada top partlamır. Şah düşünür ki, yəqin onu həmin əyalətdə saymırlar. Sakinlərin birindən topun niyə partlamadığını soruşur. Sakin isə deyir ki, "Bunun 40 səbəbi var". Şah bu cavabdan qane olmayaraq səbəbləri soruşur. Sakin ilk səbəb olaraq barıtlarının olmadığını deyir. Digər səbəbləri də saymaq istəyəndə şah, "Başa düşdüm, artıq, o biriləri saymağa ehtiyac yoxdur", - deyır. Uzun sözün qısası, indi bizim də barıtımız yoxdur. "Babək" və ya "Koroğlu" filmi çəkiləndə zavodlar bizə qılınc, nizə düzəldirdilər. İndi hər şey texniki tərəfdən asandır. Amma geyimlər, aktyorlar yoxdur. Başımız qarışdı ermənilərlə münaqişəyə. Ancaq inanıram ki, bütün problemlər qaydaya düşəndən sonra bu filmlər çəkiləcək. Qarabağın alınması mənim həyatımda, eləcə də bütün Azərbaycan xalqının həyatında böyük bir inqilab oldu. Bu barədə gərək layiqli film çəkilsin. Bu da təktük insanların işi deyil, dövlət əhəmiyyətlidir. Tək özümüzə yox, bütün dünyaya qalibiyyətimizi, eləcə də erməni vəhşiliyini göstərməliyik.
- Bəs sizcə, televiziyalarımızda vəziyyət necədir?
- Bir sözlə dəhşət. Bəlkə də, yeni nəsli elə televiziya pozdu. Bəzən televiziyaya çıxıb deyirlər ki, filankəs filankəsin toyuna 500 manat pul yazdırdı. Bu, nə deməkdir? Bunun millətə nə dəxli var? Orada musiqidən başı çıxan da, çıxmayan da var. Bir dəfə həkimimlə danışırdım və həkimim dedi ki, - "Rasim müəllim, Azərbaycan televiziyalarına çox baxmayın". Televiziyaya çıxmaq üçün mənəvi hüququ olmayanların hamısı ekrandadır. Kimin boş vaxtı varsa, çıxır televiziyaya, adını da qoyur ki, mən ekspertəm. Hamı bir-birinə ağıl verir. Mən bugünkü televiziyadan heç nə ummuram. Onlar bizim gənclərin zövqünü korlayırlar. Təbii ki, istisnalar da var. Lakin ümumi olaraq bərbad vəziyyətdədirlər. Tək bizdə yox rus, türk kanallarında da belədir. Bazar sistemi qurublar. Əvvəllər televiziya sahəsində qayda-qanun var idi, hər adamı efirə buraxmırdılar. Xüsusi şöbə var idi ki, onlar mənim hansı nəsildən olduğuma qədər yoxlayırdılar və qərar verirdilər ki, bu adamı efirə çıxarmaq olar, ya yox. Nümunəvi adamları seçərək efirə çıxarırdılar. Biz də rahatlıqla örnək götürürdük. Bəzi aparıcılara isə demək lazımdır ki, "Sən kimsən?! Televiziya rəhbərisən?! Qonağa "Mən səni efirdən çıxarıram" deyirsən". Bundan əlavə, televiziyaya ləhcə də gətiriblər. Ədəbi dil var, bu dil öyrənilməli və danışılmalıdır.
- Son vaxtlar estetik əməliyyat etdirənlərin sayı günü-gündən artır. Bu barədə düşüncələriniz nələrdir?
- Məncə bu, dini baxımdan da doğru deyil. Məgər bizi hansısa mağazadan alıblar? Bizi Allah belə yaradıb və sən gəlib Allahın yaratdığını redaktə edirsən. Sənət adamları, guya ağ saçınız olanda nə olur ki?! Bəlkə də, mənim bu sözlərimi qınayacaqlar, amma fikrimcə, Allahın yaratdığına düzəliş vermək olmaz.
- Keçmiş dövrün musiqilərini görmüş bir insan kimi müasir dövrün musiqiləri barədə nə düşünürsünüz?
- Bizdə teatr, kino, memarlıq və s. sahələr olsa da, musiqimiz həmişə birinci olub. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və bir çoxları bu sahəyə "Babək" və ya "Koroğlu" filmi çəkiləndə zavodlar bizə qılınc, nizə düzəldirdilər. İndi hər şey texniki tərəfdən asandır. Amma geyimlər, aktyorlar yoxdur. Başımız qarışdı ermənilərlə münaqişəyə. Ancaq inanıram ki, bütün problemlər qaydaya düşəndən sonra bu filmlər çəkiləcək. Qarabağın alınması mənim həyatımda, eləcə də bütün Azərbaycan xalqının həyatında böyük bir inqilab oldu. Bu barədə gərək layiqli film çəkilsin. Bu da tək-tük insanların işi deyil, dövlət əhəmiyyətlidir. AVQUST Fraza 17 MÜSAHİBƏ Fraza öz töhfələrini veriblər. İndi hər şey dəhşətdir. Bəstəkar olmayan adamın musiqisi efirə buraxılmamalıdır. Təsəvvür edin, mən birdən fitlə mahnı oxuyuram, sonra da şairlərdən birinə zəng edib deyirəm ki, mənə bir şeir yaz. Belə etmək olar? Evində və ya toyxanada get çal, oxu. Ancaq efirə buraxmaq olmaz. Mən dəhşətlərdən ancaq birini dedim. Artıq neçə ildir ki, nə roman, nə də opera yoxdur.
- Rasim bəy, yaradıcılığınızda vəziyyət necədir?
- Dəhşət. Çünki az əvvəl də söhbət etdikdə dedim ki, mənim müəyyən təcrübəm, müəyyən düşüncə tərzim var. Amma uyğun ssenari yoxdur. Teleseriallarda da çəkilmək istəmirəm. Mən bir çox tarixi şəxsiyyətlərin rolunda filmlərə çəkilmişəm. Məsələn, Hüseyn Cavid, Mirzə Fətəli Axundov və s. İstərdim ki, bizim gənclik də tarixi şəxsiyyətlərimizi tanısın. Bədii cəhətdən qane etməyə bilər. Amma adam Hüseyn Cavidlə bağlı filmə baxdığı zaman onun haqqında bir çox biliklərə yiyələnir. Bu tip filmlər həm bədii, həm də maarifləndirici filmlərdir.
- Bəzi əsərlər var ki, bu əsərdəki obrazlar 16-17 yaşlı şəxslərdir, lakin teatrda həmin obrazları 40-45 yaşlı şəxslər canlandırırlar. Bu barədə düşüncələriniz nələrdir?
- Bəlkə də, teatr səhnəsi üçün bu barədə nə isə düşünmək olar, ancaq 15, 17, 19 yaşlı insan opera səhnəsində formalaşmamış oxuya bilməz. Halbuki, teatr üçün də vəziyyət bundan çox fərqli deyil. Məsələn, Hamlet də obrazda çox cavandır. Mən 17 yaşımda universitetə daxil olmuşam, 22 yaşımda da bitirmişəm. Həmin vaxt aktyor stajım yol vermirdi ki, mən Hamleti oynayam.
- Sizcə, bir cəmiyyət kimi etik qaydalara riayət edirikmi?
- Yox, o da dəhşətdir. Kim öz evində nə edirsə, öz işidir, amma teatrda bunu etmək olmaz. İndi insanların çoxuna etik qaydalar barədə dərs keçmək lazımdır. Təkcə teatrda yox, avtobusda, metroda davranış qaydalarını, bu davranış qaydaları ilə bağlı etik mövzuları insanlara təbliğ etmək lazımdır. Mən görmüşəm ki, teatrda səhnə bitənə yaxın aktyor son sözlərini deyir və sonra da tamaşaçılar aktyoru ayaq üstə alqışlayaraq onu ruhlandırır. Ancaq indi az qala heç kim səhnənin bitməsini gözləmir və pərdənin bağlanmağına az qalmış hamı tez pal-paltarını götürməyə qaçır. Bu mədəniyyətsizlikdir. Bu cür teatra gəlməkdənsə, gəlməmək daha yaxşıdır
- Sizcə, son vaxtlar intiharlar niyə bu qədər artır?
- Mənim fikrimcə, müəyyən çatışmazlıqlar var. Son vaxtlar qazilərin də intiharları geniş yayılıb. Ümumiyyətlə, insanların psixologiyası çox dəyişib. İntihara meyilli insanlar, məncə, müalicə olunmalıdırlar. Şükür Allaha biz qazilərimizin, şəhidlərimizin hesabına bu gün burada sakit oturub danışa bilirik. Onların gözü önündə birinin ayağı, birinin başı bölünüb. Biz onları başa düşməli, qayğılarına qalmalıyıq. Ancaq bəzi məmurlar var ki, qayğılarına qalmaqdansa, onları incidirlər. Bütün bunlar dəhşətdir. Arzu edirəm ki, gələn görüşümüzdə dəhşətlərin sayı azalsın və dəhşətləri möhtəşəmlərlə əvəz edək.
- Son olaraq, oxucularımıza tövsiyələriniz nələrdir?
- İlk tövsiyəm kitabdır. Çoxlu kitab oxusunlar, həm də lap çox. Hazırda gənclərin çoxu demək olar ki, heç mütaliə etmirlər. Bu, təbii ki, çox pis haldır. Çünki gələcəyimiz gənclərin əlindədir. Ümumiyyətlə, mən fikir vermişəm ki, texnika inkişaf etdikcə insanlar arasındakı səmimiyyət və ünsiyyət itir. Həmçinin, gənclərimiz də artıq vaxtlarını sosial şəbəkələrdə boş-boş işlər görməklə keçirirlər. Bu cür boş məşğuliyyətlərə vaxt sərf edən gənclərin təbii ki, kitab oxumağa da vaxtı olmayacaq. Yadımdadır ki, biz çox şeyi kitablardan oxuyub, öyrənirdik. Biz həmin dövrdə savadla lovğalanırdıq, indiki gənclər isə bahalı telefonla, maşınla lovğalanırlar. Kitab, ümumiyyətlə düzgün formalaşmaq üçün çox vacibdir. Bundan əlavə, tövsiyəm odur ki, inkişafa meyilli olsunlar, səhvi düzdən ayırmağa çalışsınlar, haqsızlığa susmasınlar və yeniliklərə daim açıq olsunlar.
- Vaxt ayırdığınız üçün təşəkkür edirik, Rasim bəy!
- Xoşdur. Mən təşəkkür edirəm.