31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Həmrəylik geniş anlayışdır, çox geniş. Avropa Parlamentində müzakirə olunan məsələdə də həmrəy olmaq var, Darvinin təkamül nəzəriyyəsinə münasibətdə də həmrəy olmaq var, bir xalqın yaşadığı dərdləri, ağrıları ürəyindən keçırərək də həmrəy olmaq var.
Ancaq Azərbaycan həmrəyliyi fərqli anlayışdır.
Azərbaycan həmrəyliyi, əslində, həmrəylikdən böyük anlayışdır. Bir-birinə söykənmək, bir-birinə dayaq olmaqdır. "Mənə canım-qanım qədər əzizsən", "Biz birlikdə varıq, birlikdə güclüyük" deməkdir.
Azərbaycan həmrəyliyi hər şeydən əvvəl həmdərd olmaqdır.
Həmdərd olanlar həmrəy ola bilərlər, çünki dərdin yönü bir, sevincin yönü fərqli-fərqlidir.
Azərbaycan həmrəyliyinin mahiyyətini anlamaq iki yüz əvvəl ikiyə bölünmək, Kərkük həsrəti ilə yaşamaq, Dərbəndin yanğısını hiss etmək, Göyçəsiz, Zəngəzursuz qalmaq, 30 il Qarabağı itirmək qorxusu ilə qovrulmaqla mümkündür.
Ağır-ağır ellərin, uzaq-uzaq illərin o üzündən əsib üzünü oxşayan bir səhər yeli kimi duyduğun, hiss elədiyin "Ninnə yarım, ninnə" türküsü ilə kövrəlməkdir Azərbaycan həmrəyliyi.
Azərbaycan həmrəyliyi yanındakına "Yerimi dar edirsən, havama, suyuma ortaq olursan" demək deyil, "Nə yaxşı ki, yanımda sən varsan, nə yaxşı ki, sənin kimi dostum, qardaşım, həmvətənim var" deməkdir.
İnsanı sevinc ayırar, dərd birləşdirər, bizi dərd birləşdirir. Dünyanın harasında olur-olsun, hər azərbaycanlının ürəyində Qarabağ təşnəsi, Araz çatı, bütöv Azərbaycan sevdası var.
Hər kəsin "əmi" dediyi, Güney Azərbaycanda doğulub Qüzey Azərbaycanda həyata gözlərini yuman Söhrab Tahir bu ağrını, bu yanğını belə ifadə edirdi:
"İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha"...
Söhrab Tahirin könül sirdaşı, dərd ortağı Məmməd Araz da:
"Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,
Çox görmüşəm torpaq üstə ölənləri də,
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də", - deyir.
Azərbaycan həmrəyliyi məhəlli düşüncəni aşa bilmək, Məmməd Arazın dediyi kimi, eyni zamanda təbrizli, gəncəli, dərbəndli, kərküklü ola bilmək, qollarını da, ürəyini də Azərbaycan boyda aça bilməkdir.
İlk dəfə 1989-cu ildə, özü də ilin son günündə atdıq o addımı, daddıq o duyğunu. Naxçıvandan Astaraya qədər bizi bir-birimizdən ayıran tikanlı məftilləri söküb ayaqlar altına atdıq. 170 il bir-birinə həsrət qalmış insanların əlləri, baxışları qovuşdu, gözlərinin yaşı qarışdı. O dövr üçün bu, ağlasığmaz addım idi. Zarafat deyil, SSRİ kimi nəhəng bir imperiyanın, İran kimi sağına-soluna hədələr saçan bir ölkənin sərhədlərini dağıdırdıq o gün. Amma hər şeyi bir tərəfə qoyub bu acı həqiqəti, mənzərəni göz önünə gətirin ki, dağılan bu sərhədin o üzündə də, bu üzündə də bir xalqın ikiyə bölünmüş övladları üz-üzə dayanıb həsrətlə bir-birinə əl uzadır, göz yaşı tökürdülər. O gün biz bütövlük, böyüklük istiqamətində ilk addımımızı atdıq və həmin günü təqvimimizin ən parlaq günlərindən birinə çevirdik. O gün böyük Şəhriyarımızın:
"Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!" - dediyi gündür, "Gülüstan" poeması ilə imperiyalara meydan oxuyan Bəxtiyarımızın gecəni səhərə qədər fərəhdən göz yaşı tökdüyü gündür. O gün böyük bir hərəkatın başladığı, ilk addımın atıldığı gündür. O gün rus silahı da, fars inadı da iki bölünmüş Azərbaycanın qətiyyəti qarşısında susmaqdan başqa çarə tapmadı. 1989-cu ilin 31 dekabrında başlayan o hərəkat 1992-ci ildə Azərbaycan Parlamentində rəsmiləşdirildi və Dünya Azərbaycanlılarının Həmrəylik günü ünvanı ilə təqvimimizdə yerini aldı. O gün, əslində, böyük başlanğıc günüdür, ümid yolçuluğunun başlandığı gündür.
Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız hər il 31 dekabrı birlik, bərabərlik günü kimi bayram edirlər. Hansı ölkənin pasportunu daşımasından asılı olmayaraq üçrəngli bayrağımız onların evlərinin bəzəyi, Bakı hamısının paytaxtıdır.
Bu gün Azərbaycan Qarabağ uğrunda ölüm-qalım savaşındadır. Qarabağ Azərbaycanın "olmazsa-olmaz"ıdır. Azərbaycan talışı, türkü, ləzgisi, avarı, udini, inqiloyu, yəhudisi, rusu ilə bir yumruq kimi birləşərək, 30 ilə yaxın torpaqlarımızı yadelli havadarlarının himayəsi ilə işğal altında saxlayan erməniləri torpaqlarımızdan iti qovan kimi qovur.
Azərbaycanın ən böyük həmrəyliyi, doğmalığı, qardaşlığı bu gün yağı düşmənlə üz-üzə duran ordumuzun içində yaşanır. Əsgərlərimiz bir-biri üçün çəkinmədən sinəsini sipər edir, düşməni məğlub etmək üçün hər fədakarlığa qatlanırlar. Hansı rayondan, hansı ailədən gəlməyindən asılı olmayaraq bütün əsgərlərimiz təkcə həmrəy deyillər, həmsilahdırlar, həmkönüldürlər, həmürəkdirlər, can qardaşı, qan qardaşıdırlar. Bu doğmalıq sayəsində ordumuz torpaqlarımızı azad edir və inşallah yaxın günlərdə sonuncu düşməni də torpaqlarımızdan çıxarıb ölkəmizi boydan-boya bayram havasına bürüyəcək. Ordumuzun maddi baxımdan ehtiycı olmasa da, şəhər və rayonlarımızdan insanlarımız cürbəcür ləziz yeməklər hazırlayıb, corablar, əlcəklər toxuyub əsgərlərimizə göndərirlər. Məktəbli balalar əsgərlərə gedən o sovqatlarla birlikdə məktublar da yazırlar. Yazırlar ki, bizim ürəyimiz sizinlə döyünür, biz sizə minnətdarıq, sizinlə fəxr edirik, Allah sizi qorusun.
Xaricdə yaşayan soydaşlarımız hər gün, hər saat ordumuzla həmrəy olduqlarını bildirir, ordumuzun hesabına böyük maddı vəsaitlər köçürürlər.
Azərbaycan həmrəyliyi sevməkdir, bu yurdun insanına, dağına, daşına, ağacına, çiçəyinə, otuna sarılmaqdır, göydə üzən buluduna, buluddan aşağıda süzən qartalına qollarını açmaqdır, "Sən mənim tale yoldaşım, qədər ortağımsan", - deyib bağrına basmaqdır hamısını.
Azərbaycan həmrəyliyi, İsmayıl bəy Qaspıralının dediyi kimi, əldə, dildə, könüldə bir olmaqdır. Bir-birini incitmək deyil, süründürmək deyil, sevməkdir, qaldırmaqdır, uca tutmaqdır. "Birliyimiz varlığımızdır" həqiqətini yaşamaq, yaşatmaqdır Azərbaycan həmrəyliyi.
Bölünmədən, üz-üzə gəlmədən birləşməkdir, çiyin-çiyinə durmaqdır, haqlı olmaqdır, ədalətli olmaqdır bizim həmrəyliyimiz. Bu zamana qədər heç kimin bir qarış torpağına göz dikməmişik, torpağımıza göz dikənlərin də gözlərini oymaqdır bizim həmrəyliyimiz. Hər günü zəfər xəbərləri ilə şərəflənən bu günlər bizə Allahın lütfüdür və inanırıq ki, yaxın gələcəkdə biz təqvimdə ən gözəl günümüzü bayram edəcəyik. O böyük zəfərlə biz bir Azərbaycan kimi yenidən doğulmuş olacağıq. O zəfərdən sonra həyatımız yeni olacaq, sevgilərimiz yeni olacaq, bir-birimizə münasibətlərimiz yeni olacaq...
31 dekabr bizim həmrəylik günümüzdür. Allah bizə sözdə deyil, özdə bir olmağı, dünya durduqca əldə, dildə, könüldə bir yaşamağı qismət eləsin! Həmrəylik günümüz, zəfər bayramımız mübarək olsun!..
Əli Çərkəzoğlu