Tükəzban Məmmədli 
 

Marsı kəşf edənlər 2012-ci ildə ölümündən sonra Marsın bir hissəsinə bu yazıçının adını verirlər. NASA işçisi isə çıxışında belə deyir: "Bu bizim üçün heç də çətin qərar deyildi. Rey Bredberinin Marsın olma ehtimalını xəyal edərək yazdığı hekayələrdən bizim kimi bir çox oxucu ilham almışdır". Bəli, söhbət fantastika janrını ciddi ədəbiyyat səviyyəsinə yüksəldən Rey Bredberidən gedir. Haqqında danışacağım əsər isə R. Bredberinin elmi fantastikanın zirvəsi hesab edilən "Farengeyt 451" romanıdır. 1953-cü ildə nəşr olunan əsər beynəlxalq bestsellerdir. Təsvir edilən utopik həyat və fantastiklik baxımından əsər Corc Oruellin "1984"-ünü xatırladır. Fantastika sözü sizi qorxutmasın, əsərin elə böyük cazibə qüvvəsi var ki, oxuduqca inana bilməyəcəksiniz. O qədər maraqlı ideyalar, qiymətli fikirlər var ki, az qala oxuyarkən kitabın səhifələrinin yarısını karandaşla xətlədim (Kitabı karandaşla oxumağı sevən biri kimi hər bəyəndiyim fikrin, sözün, cümlənin altından xətt çəkirəm). Əsər məni elə həyəcanlandırdı ki, elə valeh oldum ki... İndi sizinlə də bölüşəcəyəm.

Farengeyt üzrə 451 dərəcə kağızın alovlanıb yandığı hərarətdir. Farengeyt üzrə 451 dərəcə Selsi üzrə 232,77 dərəcəyə bərabərdir. Gələk əsərin özünə... Romanda təsvir olunan cəmiyyət tam utopik bir cəmiyyətdir. İnsanlar robotlaşmış, mexanikləşmişlər.

Baş qəhrəman Monteq yanğınsöndürmə idarəsində işləyir. Lakin bu idarə yanğının qarşısını almaqla yox, yanğın törətməklə məşğuldur. Üzərlərində 451 rəqəmi yazılan nişanlar daşıyan yanğınsöndürənlərin bir şüarı var: "Yandırıb külə döndərmək, sonra hətta külün özünü də yandırmaq". Bəs yandırılan nədir? Yandırılan Dantedir, Sviftdir, Şekspirdir, Mark Avrelidir, Miltondur, "Tom dayının koması"dır, "Balaca qara Sambo"- dur, bir sözlə, kitablardır.

İnsanlar bir-birinə yadlaşmış, özgələşmişlər. Onların həyatları ağ-qaradan ibarətdir. Hər şey hakimiyyət tərəfindən idarə olunur. İnsanlar işləyir və əylənirlər, vəssalam. Bu ölkədə təhlükəli hesab edilir: kitab oxumaq, oxumağa maraq göstərmək, düşünmək, sual vermək, maraqlanmaq, sevmək, təlaşlanmaq... Hökumət təhsil sistemini elə qurub ki, uşaqlar sual verə bilmirlər. Yalnız onların beyinləri doldurulur. Fəlsəfə, tarix və dillər ləğv edilmişdir.

Öz ideyalarını mənimsətmək üçün uşaq bağçalarına qəbul az qala beşikdən başlayır. İnsanların düşünməyə vaxtı qalmasın deyə, çoxlu əyləncə yerləri mövcuddur. "Mümkün qədər daha çox idman, oyun, əyləncə... Qoy insan həmişə kütlənin içində olsun, onda ona düşünmək lazım deyil". Evlərdə insanlardan çox televizorlar danışır, bu elə bir televizordur ki, evin dörd divarını əhatə edir. Düşünməyə mane olmaq üçün artıq evlərin qarşısında artırmalar yoxdur, üstəlik, yırğalanan kürsülər də. Evində kitabı olan hər kəs təqib edilir və evlə bərabər yandırılır.

Əsərin qəhrəmanı Monteq bir gün 18 yaşlı Klarissa adlı bir qızla tanış olur. Bu qız xəyal quran, təbiəti, yaşamağı, düşünməyi sevən, həyat dolu əsl "nadir nüsxə"dir. Onunla söhbətlərdən sonra Monteq içindəki narahatlığın, boşluğun səbəbini anlayır. Yanğınsöndürən olmağından utanır. Yanaraq qara kəpənəyə çevrilən kitab səhifələrinə artıq laqeyd qala bilmir. Sən demə, o, yandırdığı evlərdən xeyli kitab oğurlamış, təqib olunmaq qorxusu ilə oxumağa cəhd etməmişdir. Oxumağa qərar verəndə isə onun sehrindən ayrıla bilmir. Bunun əvəzini öz evini əlləri ilə yandırmaqla ödəyir. Lakin artıq Monteq əvvəlki Monteq deyil. O, acgözlüklə oxumaq, dayanmadan oxumaq, daha çox şeyi yaddaşına yazmaq və gələcəyə ötürmək üçün mübarizə meydanına atılır. Keçmiş müəllim olan Faber də ona kömək edir. Sonda bu böyük şəhərdən bir ovuc insan sağ qalır və şəhər məhv edilir. Bir ovuc insan hərəsi bir kitab, bir cilddir. Biri Platonun "Respublika"sı, biri Conatan Sviftin "Qulliverin səyahəti", biri Eynşteyn, biri Tomas Cefferson, biri Bayrondur. "Biz olsa-olsa, kitabları korlanmaqdan, tozlanmaqdan qoruyan üz qabığıyıq, başqa heç nə". Bu insanlar sağ qalmağa çalışaraq, kitabları gələcək nəsillərə ötürmək üçün "ətdən üz qabığı" rolunu oynayırlar. Əsər oxumamağın nələrə gətirib çıxaracağını ən sərt formada əks etdirir.

Kitab oxumayan insan düşünməkdən, xəyal qurmaqdan, maraqlanmaqdan, mənəviyyatdan yoxsuldur. Dünyaya dar pəncərədən baxdığı üçün həmişə kimsə onu idarə edir. "1984" əsərindəki "Böyük qardaş" kimi, burada da hakimiyyətin mexaniki köpəkləri qarabaqara insanları izləyir. Klarissa kimi hələ robotlaşmayan, hakimiyyətə boyun əyməyən insanlar isə çox azdır və onlar bir səhər yuxudan ayılanda artıq mövcud olmurlar.

Yazıldığı dövrü nəzərə alsaq, görərik ki, R. Bredberi öz düşüncəsində, təxəyyülündə çox irəli getmişdir. Maşına çevrilən vertolyotlar, divar boyu şəffaf televizorlar, qoxuya, hərəkətə həssas mexaniki köpəklər, oxunan hər hansı məlumatı beyində tapıb üzə çıxaran qurğular, gizli qulaqcıqlar, insanın qoxusunu dəyişə bilən həblər və s. Bütün bu fikirlər bir çox filmlərdə istifadə edilmişdir. Elə haqqında bəhs etdiyim əsərin əsasında son illərə qədər dəfələrlə eyniadlı filmlər çəkilmişdir.

Əsərdə verilən mesajların çoxu dövrümüz üçün, dünya üçün hələ də aktualdır. Televizor qarşısında çox vaxt keçirməyin, oxumamağın, əyləncələrə həddən artıq maraq göstərməyin, uşaqların tərbiyəsi ilə məşğul olmamağın fəsadlarını hər addımda görə bilərik.

Rey Bredberi hələ uşaqlıqdan günü kitabxanada keçən əsl "kitab qurdu" olmuşdur. O, məşhur romanını yazarkən çox kasıb idi, ofis kirayələməyə maddi imkanı yox idi. Bu möhtəşəm əsər bir kitabxananın zirzəmisində, kitabların əhatəsində, 9.80 dollar qarşılığında yazılmışdır. Əsərə verilən adın tarixi də maraqlıdır. R. Bredberi Los-Ancelesdə bir yanğınsöndürmə idarəsinə zəng etmiş, kağızın yanma dərəcəsini soruşmuşdur. Aldığı cavabı da əsərinə ad kimi seçmişdir.

Ən sevdiyim 20 kitabdan biri olan bu möhtəşəm roman hər kəsin mütləq oxumalı olduğu incilərdəndir.

Yazımı Rey Bredberinin məşhur sözləri ilə bitirirəm: "Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq".