Bəzən öz arzu və istəklərimizə nail olmaq üçün müxtəlif yollara baş vururuq. Bəs lazım gəlsə, bu arzu və istəklərimizdən imtina edə bilərikmi? Ya da lazım gəlsə, bu arzu və istəklərimizi təxirə sala bilərikmi? Və nəhayət son sual, əgər biləriksə, bunun bizim üçün hansı faydaları ola bilər? Bu suallara cavab tapmaq üçün Stenford Universitetinin psixoloqu Valter Mişel bir təcrübə apardı. Bunun üçün o, universitet müəllimlərinin uşaqlarından ibarət bir qrup təşkil etdi və yaşları orta hesabla 4 olan bu uşaqlara cürbəcür şokoladlar təklif etdi. Ancaq V. Mişel şokoladları verməzdən əvvəl uşaqlara: "Əgər kim 15 dəqiqə gözləmək istəsə, onda ona iki şokolad verəcəyəm. Yox, əgər kim 15 dəqiqə gözləmək istəməsə, onda ona bir şokolad verəcəyəm", - dedi. Və V. Mişel otaqdan çıxar-çıxmaz uşaqlardan bir qrupu əllərini masaya uzatdılar və masadan bir şokolad götürdülər. Digər qrup isə oyun oynayaraq 15 dəqiqə gözlədilər və 15 dəqiqə sonra mükafat kimi iki şokolad aldılar. Beləliklə, bu təcrübənin nəticəsi kimi uşaqlar "səbirlilər" və "səbirsizlər" olmaqla iki qrupa ayrıldılar.
Əlbəttə ki, Valter Mişelin "Şokolad testi" adlandırdığı bu təcrübə burada başa çatmadı. Və o bu uşaqları uzun müddət nəzarətdə saxladı. Bu uşaqlar yetkinlik yaşına çatanda isə onların sosial mövqeləri arasında ciddi bir fərq ortaya çıxdı. Belə ki, "səbirlilər" qrupu (onlar qrupun üçdə ikisini təşkil edirdilər) sosial baxımdan daha aktiv idilər. Onlar həyatın çətinliklərindən qorxmur, həmçinin, stress vəziyyətinə düşmürdülər. Özlərinə çox inandıqları üçün həyatda daha mübariz idilər. Digər tərəfdən, "səbirlilər" təşəbbüskarlıqları ilə də o birilərindən seçilirdilər. Üstəlik, 4 yaşlarında göstərdikləri əzmkarlıq məsələsində hələ də birinci idilər. Fikirlərini daha sərbəst ifadə edir, diqqətlərini daha asan toplayırdılar. Üstəlik, bütün işlərində planla və məntiqlə hərəkət edirdilər. Digər tərəfdən, intellekt imtahanlarında əldə etdikləri intellekt faizləri də o birilərdən 20 faiz çox idi. "Səbirsizlər" qrupu isə (onlar qrupun üçdə birini təşkil edirdilər) sosial baxımdan daha passiv idilər. Sosial həyatda da özlərini doğrultmaqda çətinlik çəkirdilər. Onlar qətiyyətsiz, heç nə ilə qane olmayan, inadkar, qısqanc, əsəbi, stress qarşısında inamlarını itirən gənclər olmuşdular. İnsanlara çox çətin inanırdılar və istədiklərini əldə etməyəndə şikayət edirdilər. Üstəlik, əksəriyyəti artıq çəkidən əziyyət çəkirdilər. "Səbirlilər" qrupu fikirlərini daha dəqiq ifadə etsələr də, "səbirsizlər" qrupu bu keyfiyyətdən də məhrum idilər...
Deməli, bir məqsədə çatmaq üçün bəzən arzu və istəklərimizdən imtina etməyi, bəzən də arzu və istəklərimizi təxirə salmağı bacarmalıyıq. Çünki bu, eyni zamanda, özünənəzarət qabiliyyətimizin də inkişaf etməsi deməkdir. Üstəlik, bu, psixoloji bir qabiliyyət kimi həyatda uğur qazanmağımız üçün də çox vacibdir. Ona görə də, kiçik yaşlarımızdan bu qabiliyyəti beyinimizə qızıl hərflərlə yazmalı və bir an da olsun, bu yolda geri addım atmamalıyıq. Bir sözlə, bəzən kiçik bir hissinə hakim olmağı bacaran insan bütün həyatına da hakim olmağı bacara bilər.