O, bir ziyalı idi. Xalqının işıqlı günlərdə yaşamasını istəyirdi. Həm dini, həm də Avropa təhsili almışdı. Əksər ziyalılar kimi o da bildiklərini qələmi ilə xalqına çatdırırdı. Publisist yazılar yazır, hekayələr qələmə alır, bu yolla xalqına xidmət edirdi. O da sovet hakimiyyətinin xalqlara azadlıq, abadlıq gətirəcəyinə inananlardan idi. 1920-ci illərdə müxtəlif vəzifələrdə işlədi, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ilk azərbaycanlı rektoru oldu, səhiyyə nazirinin müavini kimi xalqına xidmət göstərdi və başqa mühüm vəzifələr tutdu. Yazdığı hekayələrdə sovet hakimiyyətindən əvvəlki dövrü az qala "fəlakət əsri" kimi göstərirdi. Amma o məşhur məsəldə deyildiyi kimi, "Sən saydığını say..." Elə o inandığı, ümid bəslədiyi bu yeni quruluş 15 dəqiqəlik məhkəmə ilə ona "xalq düşməni" damğasını vurdu və ölümə məhkum etdi. Hələ bu yetməzmiş kimi, ömür-gün yoldaşını da həbsə atdı. Söhbət Tağı Şahbazi Simurqdan gedir, rektor, yazıçı, həkim və ictimai xadimdən, amma bütün hallarda bir Azərbaycan ziyalısından...
Tağı Abbas oğlu Şahbazi 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini "Üsuli-ətiq" adlı dini məktəbdə alıb. 1902-1905-ci illərdə təhsilini İçərişəhərdə 9 saylı məktəbdə, 1905-1912-ci illərdə isə Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 1913-cü ildə Ukraynanın Xarkov Universitetinin tibb şöbəsinə daxil olur. Tələbəlik həyatı gərgin inqilabi hadisələr şəraitində keçir.
"Hümmət" təşkilatının üzvü olan Tağı Şahbazi 1919-cu ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında "Hümmət" müsəlman bürosuna sədrlik edir. Eyni zamanda Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəaliyyət göstərir.
Sovetləşmədən sonra ümidli bir gələcəyə inanan T. Şahbazini SSRİ Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinə katib təyin edirlər. O, həmçinin Azərbaycan SSR Xalq Maarif Komissarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, respublika Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-cı ildən 1929-cu ilədək isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) ilk azərbaycanlı rektoru kimi tarixə düşür. Məhz, Tağı Şahbazinin dövründə ADU-da dərslər Azərbaycan dilində keçirilməyə başlayır. O, eyni zamanda aspiranturanı bitirən Azərbaycandilli tələbələrin universitetdə qalmasına çalışır və xaricdə yaşayan azərbaycanlıları universitetə gətirməyə cəhd göstərirdi. Bununla da T. Şahbazi ADU-nun tarixində özünün ayrıca bir səhifəsini açır. Sonra o, Tibb İnstitutunda müəllim, 1930-1937- ci illərdə isə Xalq Səhiyyə Komissarının müavini vəzifəsində işləyir və bu onun son iş yeri olur.
Tağı Şahbazi fəaliyyəti dövründə bir sıra taleyüklü qərarların qəbul olunmasına nail olur. Belə ki, 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə iki yerə bölünən Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsində (bir hissəsi Ermənistana verilir) inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlir. İndiki Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alınır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan T. Şahbazi təşəbbüs göstərərək inzibati əraziyə Laçın adını təklif edir və 1930-cu ildə Laçına rayon statusu verilir.
Tağı Şahbazi fəal ictimai-pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığı ilə də dövrün ədəbi mənzərəsində görünməyə başlayır, publisistik yazıları ilə mətbuatda çıxış edir. O, bədii yaradıcılığa gənc yaşlarından başlayır. "Simurq" təxəllüsü ilə yazdığı hekayələrində dini fanatizm və mənəviyyat problemlərini təsvir edir. Onun sovet dövründəki əsərlərində yeni həyat quruculuğu mövzusu əsas yer tutur. O illərdə yazıçının "Ağanın kənizi" (1926), "Aldanmış ümid" (1926), "Əzab qorxusu" (1926), "Yox! (Məşədi Qədimin evində bədbəxtlik)" (1926), "Azadlıq üçün cinayət" (1928) və s. kitabları işıq üzü görür. Ədibin 1960-cı ildə nəşr olunan "Seçilmiş əsərləri"ndə isə "İki qəm" (1914), "Şəkərəli çoban" (1915), "Kənddə, yaxud əcəl" (1916) əsərləri yer alır.
Müasirləri kimi T. Şahbazi də hekayələrində qadın azadlığı məsələsinə xüsusi yer ayırır. "İki qəm", "Şəkərəli çoban", "Südçü qız" hekayələri cəhalətin, qaranlıq həyatın, haqsızlığın qurbanı olan qadınların müsibətli həyatından bəhs edir.
Ədəbiyyat tariximizdə satirik hekayələr ustası kimi tanınan ədibin bir çox nümunələrində bədii təqdimetmə əsasdır. İdeya-bədii nəticə hadisənin özündən doğur. 1923-1924-cü illər nəsrində ("Haqsızlıq dünyasında", "Ağanın kənizi", "Son dərd" və s.) ədib ata evində hüquqsuz, ər evində qul, kəniz kimi təhqir edilən, alçaldılan qadınların acınacaqlı həyatını təsvir edir. 20-ci ilə qədərki hekayələrinin qadın obrazları ilə müqayisədə Gülsabah, Gülcamal ("Məşədi Qədimin evində bədbəxtlik"), Dilşad ("Gözlənilməyən bir nəticə"), Cəvahir xanım ("Azadlıq üçün cinayət"), Zərifə ("Zərifə"), Dilşad ("Küləkli bir axşam") obrazları daha mübariz və fəal təsir bağışlayır. Bu hekayələrdə yazıçı lirik bir təmasla insanların gözü qarşısından köhnə həyatın qəflət pərdəsini qaldırır, ictimai ədalətsizliklər ucbatından hüquqları tapdanan, alınıb-satılan qız-gəlinlərimizin faciələrini təsvir edir. Hekayələrdəki səhnələr reallığı və təsirliliyi ilə diqqəti cəlb edir. Onların ağır həyatı yumoristik dillə tənqid olunsa da, müəllifin təbəssümünün arxasındakı ürək ağrısını görməmək olmur.
Yığcam, realist, satirik hekayələr müəllifi T. Şahbazi 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra da bir-birinin ardınca dövrünün ən aktual məsələlərinə həsr olunmuş "Aldanmış ümid" (1923), "Qayçı" (1928), "Hacı Salman" (1928), "Mirzə Badımcan" (1930), "Siyasət adamı" (1932) və s. kimi aktual mövzularda hekayələr yazır. Bu hekayələrdə ədib mənfı qəhrəmanına sarsıdıcı zərbə vurmaq məqsədi ilə kinayəli ləqəblərdən istifadə edir. Bu ləqəblər təkcə personajı ifşa etmək məqsədi güdmür, həm də tipin daxili eybəcərliyini, mənəviyyatsızlığını təsdiq etməkdə mühüm əhəmiyyət kəsb edir.
1920-ci ilə qədər yazdığı hekayələri göstərir ki, nasir kimi o ədəbiyyat tariximizdə özünəməxsus mövqeyi olan yazıçılardan biridir. Bir nasir kimi o mollanəsrəddinçilərə də yaxın olmuş, onların realist satirik nəsr təcrübəsindən öyrənmiş, bu tipli hekayələr yazmağa nail olmuşdur.
Yaradıcılığı ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan yazıçının "Quşlar kimi azadə", "Südçü qız", "Aclar", "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində real həyat hadisələri qələmə alınır. Müəllif xalqın dünyagörüşünün formalaşması, həmçinin maariflənməsi problemlərini özündə əks etdirən bu nümunələri sadə dildə oxuculara təqdim edir. Dilinin həm axıcılığı, həm də təsirliliyi ilə seçilən yazıçı təsvir etdiyi mənzərələri o qədər aydın, o qədər canlı göstərir ki, oxucu oxuduqlarına sanki bir filmə baxırmış kimi tamaşa edə bilir.
Ancaq yazıçının bu həyat yolu, yaradıcılıq fəaliyyəti uzun sürmür, "37"-nin qara qorxulu tufanı onu da ağuşuna alır. 1937-ci il martın 4-də "gizli milli təmayülçülər" qrupuna məxsus olmaqda, əksinqilabi millətçi çıxışlar etməkdə günahlandırılaraq partiya sıralarından xaric edilir. Dörd ay sonra, iyulun 11-də isə onu həbs edirlər.
Araşdırmalarda qeyd olunur ki, istintaqın ilk dörd ayında müstəntiq ondan heç bir özünü "ifşa edən", "günahlarını səmimi etiraf edən" ifadələr ala bilmir. 1937-ci il noyabrın 13-də isə istintaq başa çatır. Ağır, məşəqqətli və dözülməz günlərdən sonra, 1938-ci il yanvarın 2-də N. T. Nikiteçenko, B. İ. İevleva və P. E. İşenkonun sədrliyi ilə Hərbi Kollegiyanın qapalı məhkəmə iclası keçirilir. Belə ki, Tağı Şahbazinin 15.30- da başlanan bu məhkəməsi saat 15.45-də bitir. Cəmi 15 dəqiqə çəkən məhkəmədə T. Şahbazi ən ağır cəzaya - güllələnməyə məhkum edilir və hökm həmin gün yerinə yetirilir.
O, həbs olunandan sonra həyat yoldaşı Mariya Kirilovna Paşina-Şahbazi də həbs edilir və "vətən xaini"nin ailə üzvü kimi 8 illik həbs cəzası ilə Sibirə göndərilir. Sibirdən qayıdandan sonra isə ədibin həyat yoldaşı aidiyyəti təşkilatlara ərizə ilə müraciət edir. Uzun yazışmalardan sonra, 1956-cı il sentyabrın 25-də Tağı Şahbaziyə bəraət verilir.