Mahmud Adəmoğlu 
 

2 avqust - Azərbaycan kinosunun ad günüdür. Səssiz, ağ-qara, əsasən neft sənayesinin qurulmasından bəhs edən filmlərimiz 1898-ci ildə lentə alınmışdır.

Kino - bir xalqın öz mədəniyyətini, öz dünyagörüşünü həm özünə, həm də dünyaya təqdimatıdır. Xalqın keçdiyi tarixi mərhələlər istər-istəməz lentlərə hoparaq tarixə çevrilir. Təbii ki, bütün digər sahələr kimi kinoda da o dövrün hakim ideologiyasının təsir gücü görünür, ancaq bəzən elə olur ki, film hər cür ideologiyadan sıyrılır və az qala xəyali bir cəmiyyət "formalaşdıraraq" dünyaya fərqli bir təqdimat ortaya qoyur. Amma bir həqiqət də var ki, tarix unudulur, yazılan, lentə alınan əsərlər isə qalır.

Kino sənəti haqqında bu qısa ekskursdan sonra Azərbaycan kinosunun yaranma tarixinə, kinomuzun hazırkı vəziyyətinə nəzər salaq. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf, rejissor, ssenarist, operator və naşir Aleksandr Mişon tərəfindən çəkilmiş xroniki süjetlərdən ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları nümayiş etdirildi. 1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında idi.

Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkildi. Bununla da kino salnaməmizdə yeni səhifə açıldı - bədii film çəkilişinin əsası qoyuldu. Daha sonra 1919- cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə əlaqədar "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film çəkilərək nümayiş etdirildi.

Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə "Mavi dənizin sahilində" bədii filmi ilə başlandı. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişləndi. 1936-cı ildə görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi "Çapayev" filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyuldu.

Kinomuzun inkişaf mərhələsi keçmiş Sovet İttifaqına aid olduğumuz dövrə düşsə də, çəkilən filmlərdə (əsasən də, bədii filmlərdə) qədim milli mədəniyyətimizin ənənələri, həmçinin, xalqımızın mənəviyyatına və xarakterinə xas olan əlamətlər bariz bır şəkildə öz əksini tapdı. Beləliklə də, müxtəlif dövrü əhatə edən tarixi hadisələr xronikal lentlərə həkk olunaraq tarixin salnaməsinə çevrildi. Respublikada baş verən hadisələr, ictimai-siyasi, mədəni proseslər sənədli, elmi-kütləvi, bədii filmlərə həkk olundu.

Azərbaycan kinosunun keçdiyi yol heç də asan olmadı. Kinomuz dövrlərin reallığından irəli gələn səbəblərdən müxtəlif illərdə çətin sınaqlar qarşısında qaldı. Lakin zaman keçdikcə əzmkar və vətənpərvər kino xadimlərimizin səyi, bacarığı, kinoya olan böyük sevgisi nəticəsində texniki və bədii keyfiyyət baxımından özünü doğruldan bir çox filmlərimiz ölkədə və ölkədən kənarda çoxsaylı tamaşaçı auditoriyasının, kinosevərlərin rəğbətini qazandı.

Azərbaycan kinosunun təşəkkül tapmasında, inkişafında mütərəqqi düşüncəli yaradıcı insanların, görkəmli incəsənət xadimlərinin rolu böyükdür.

Müxtəlif illərdə mərhələli şəkildə kinoya gələn yerli mütəxəssislər bilik və bacarıqlarını, işıqlı düşüncələrini çəkdikləri ibrətamiz ekran əsərləri vasitəsilə tamaşaçılara sevdirməyə müvəffəq oldular. Azərbaycanın tarixi keçmişi, həmçinin, müasir həyatı, insanların gündəlik fəaliyyətləri, qayğıları, düşüncə və intellektləri, əmək fəaliyyətləri kino dilinə çevrilərək bədii filmlərdə geniş şəkildə əks olundu.

İllər ötdükcə nəsillər bir-birini əvəz etdi. Yaşlı nəsil peşə təcrübəsini gənc nəslə ötürərək milli kino tariximizi zənginləşdirən baxımlı, uğurlu ekran əsərləri yaratdılar.

Adı tarixə düşən, fərdi təfəkkürünə, istedad və bacarığına görə Azərbaycan kinosuna töhfələr verən kino xadimlərimizdən gələcək nəslə yüzlərlə bədii, animasiya, sənədli və elmi-kütləvi filmlər yadigar qaldı. Bu filmlər xalqımızın milli sərvəti kimi bu gün Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılmaqdadır. Hazırda Dövlət Film Fondunda 67 min saxlama vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplomlar, prizlər və s.) qorunub saxlanılır.

Yuxarıda qeyd etdiyimiz kimi, hər filmdə çəkildiyi dövrün hakim ideologiyasının təsiri var. Xüsusilə də, Sovet dövründə ədəbiyyat, mədəniyyət hakim ideologiyanın kölgəsinə girdiyi üçün bədii filmlərimizin əksəriyyətində sosialist realizmi hakimdir. Ancaq dahi Üzeyir bəyin hər cür ideologiyadan uzaq qələmə aldığı "O olmasın, bu olsun", "Arşın mal alan" kimi filmləri bütün dövrlər, bütün cəmiyyətlər üçün doğmadır, yaxındır. Xalqımızın mental dəyərlərinin təqdimatı baxımından "O olmasın, bu olsun" filmi kino sənətimizin incisi sayıla bilər.

Azərbaycan kino sənətinin inkişafında böyük işlər görmüş rejissorlar, operatorlar, ssenaristlər var. Həsən Seyidbəyli, İmran Qasımov, Hüseyn Seyidzadə, Adil İsgəndərov, Lətif Səfərov, Tofiq Tağızadə, Arif Babayev, Rasim Ocaqov, Anar, Rüstəm İbrahimbəyov kino sənətimizin inkişafında müstəsna xidməti olan sənətkarlardır. Aktyorlardan isə Ələsgər Ələkbərovun, Nəsibə Zeynalovanın, Süleyman Ələsgərovun, Rasim Balayevin, Həsənağa Turabovun, Şahmar Ələkbərovun, Həsən Məmmədovun, Şəfiqə Məmmədovanın, Amaliya Pənahovanın, Səfurə İbrahimovanın, Fuad Poladovun, Səməndər Rzayevin, Yaşar Nurinin, Hacıbaba Bağırovun, Tofiq Mirzəyevin, Fəxrəddin Manafovun, Hamlet Xanızadənin, Yusif Vəliyevin, Ənvər Həsənovun, Muxtar Maniyevin və s. adlarını qürurla çəkə bilərik.

Bu gün mədəniyyət xadimlərinin, xüsusilə də, kino mütəxəssislərinin qarşısında böyük vəzifələr durur. Ordumuzun əldə etdiyi tarixi qələbənin istər bədii, istərsə də sənədli filmlər kimi lentə alınması kino xadimlərimizin qarşısında duran ən mühüm vəzifədir. İnanırıq ki, yaxın gələcəkdə bu mövzuda çox qiymətli əsərlər ortaya qoyulacaq.

Kinomuzun 124-cü ildönümü münasibəti ilə bütün kino xadimlərimizi təbrik edir, hər birinə uğurlar arzulayırıq.