Budəfəki sayımızda da dünyanın ən yaxşı universitetləri silsiləsinə davam edirik. Haqqında danışacağımız universitet isə Harvard Universitetidir. Bu günə qədər dünyanın minlərlə məşhur elm adamlarını, dövlət başçılarını və siyasətçilərini yetişdirən Harvard həm də dünyanın ən qədim universitetlərindən biridir. Orada təhsil alanların böyük əksəriyyəti gələcək karyeralarında və həyatlarında əvəzsiz uğurlar əldə edirlər. Buna səbəb Harvardda tələbələrə elmi bacarıqlarla yanaşı, liderlik xüsusiyyətlərinin də aşılanmasıdır. Amerika Birləşmiş Ştatları kimi dövlətdə yerləşən bu nüfuzlu təhsil müəssisəsi tələbələrinə onların dünyada uğur qazana bilmələri və irəliləmək istədikləri yolda hədəfə çata bilmələri üçün psixoloji kömək də göstərir.
Universitetin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq bir ərazini əhatə edir. Devizi "Həqiqət" ("Veritas"), simvolu tünd qırmızı rəngdir. Universitetin əsası müstəmləkəçilərın Amerika qitəsinə gəlişindən 16 il sonra, yəni, 8 sentyabr 1636-cı ildə Massaçusetsdə qoyulur. Beləliklə, universitetin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin qərarı ilə kollecin yaradılmasından başlayır. Nəticədə, 1637-ci ildə kollec Nyu Taun şəhərində cəmi 40 sotluq ərazidə balaca bir tikili kimi fəaliyyətə başlayır. Sonradan 1639-cu ildə bu kollec onun ilk direktoru olan Con Harvardın adını alır. Con Harvard ölümündən sonra təhsil müəssisəsinə 400 kitab və əmlakının yarısını vəsiyyət edir.
1780-ci ildə Massaçusets Konstitusiyası Harvardın universitet kimi rəsmi tanınmasını təklif edir və artıq Harvard universitet kimi böyüməyə başlayır. 1800-cü illərdə Harvard Hüquq Məktəbinin, həmçinin, Harvard İlahiyyat Məktəbinin əsası qoyulur. 1839- cu ildə isə Harvard Rəsədxanası qurulur. 1872-ci ildə İncəsənət və Elmlər üzrə Ali Məktəb təsis edilir. Orada təhsil alan tələbələrin qabiliyyət və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif metodlardan istifadə olunur.
Harvardın ilk buraxılışı 9 nəfərdən ibarət olur. Onlar cəmi bir müəllimdən, üstəlik, fəlsəfə elmlərinin çoxluq təşkil etdiyi ingilis universitetlərinin proqramına uyğun dərs alırlar. 20-ci əsrdə Harvardın aparıcı professorları universitetin əhatə dairəsini genişləndirirlər. Belə ki, bakalavr pilləsi üzrə şöbələrin sayı artırılır və beləliklə, Harvard nüfuzlu bir universitetə çevrilir.
ABŞ prezidentləri olmuş Con Adams, Con Kuinsi Adams, Teodor Ruzvelt, Franklin D. Ruzvelt, Raterford Heys, Con F. Kennedi, Corc V. Buş və Barak Obama Harvarddan məzundurlar. Harvardın məzunları arasında, həmçinin, çox sayda dünya şöhrətli şəxslər də var. Onlardan Avropa Komissiyasının keçmiş sədri və İtaliyanın keçmiş baş naziri Romano Prodinin, Meksikanın sabiq prezidentiləri Vinsent Foks və Karlos Salinasın, "Microsoft" şirkətinin qurucusu Bill Qeytsin və dünyanın bir çox məşhur şirkətlərinin rəhbərlərinin adını çəkmək olar. Yeri gəlmişkən, deyək ki, Bill Qeyts ora 1973-cü ildə daxil olmuş və 1975-ci ildə öz uşaqlıq dostu Pol Allenlə "Microsoft" şirkətini qurmaq üçün təhsilini yarımçıq qoymuşdur. Beləliklə, Bill Qeyts Harvardı düz 32 il sonra (yəni, 7 iyun 2007-ci ildə) bitirir və çoxdan arzusunda olduğu diplomunu alır. Harvard məzunları arasında 200-ə yaxın Nobel mükafatçısı, 188 milyarder və 369 məşhur alim var.
Harvard Kitabxanası isə qlobal miqyasda ən qədim və ən geniş kitabxanalardan biri sayılır. Bu kitabxana 3 milyondan çox kitabı olan 79 fərqli kitabxanadan təşkil olunur. Bu kitabxanalarda 800-dən artıq əməkdaş xidmət göstərir. Bundan başqa, universitetin bir neçə muzeyi də var. Onlardan botanika, zoologiya, geologiya və mineralogiya, arxeologiya və etnologiya muzeylərini xüsusi qeyd etmək olar. Universitetin nəinki botanika bağı, hətta şəxsi meşə massivi də var və bioloqlar burada öz tədqiqatlarını aparırlar. Muzeylərdə 28 milyondan çox sənət əsəri, əl işi, maketlər, tarixi materiallar və başqa eksponatlar var.
Məlumat üçün deyək ki, digər universitetlərlə müqayisədə Harvardda təhsil almaq daha çətindir. Buna səbəb həm də Harvard Universitetinə qəbul qaydalarının çox sərt olmasıdır. Belə ki, sənədlərini təqdim edənlərin yalnız 20 %-ə qədəri tələbə adını qazanmaq hüququ əldə edir. Qəbul imtahanları isə 2 mərhələdə - test və müsahibə mərhələsində aparılır.
Harvardda təhsil almaq nə qədər çətin olsa da, heç də əlçatmaz deyil. Orada təhsil almaq üçün iki şərt var. Ya savadınız yaxşı olmalıdır, ya da maddi vəziyyətiniz. Ancaq ödənişli əsaslarla təhsil aldığınız halda belə universiteti bitirmək üçün təhsili müəyyən səviyyədə mənimsəmək məcburiyyətindəsiniz.
Universitetdə 9 fakültə fəaliyyət göstərir. Ən məşhur fakültələr tibb, hüquq və idarəetmə fakültələridir. Hazırda universitetdə magistrant və doktorantların sayı bakalavrların sayından daha çoxdur. Universitetdə fəaliyyət göstərən müəllimlərin sayı isə təqribən 2300-dür.
Harvardda 1 il təhsil almaq orta hesabla 42 000 ABŞ dollarına başa gəlir. Ancaq təqaüd alan tələbələr də az deyil. Üstəlik, bu təqaüd tələbələrin bütün ehtiyaclarını tam ödəyir. Universitetin büdcəsi isə illik 40 milyard dollara yaxındır.
Harvard Universitetinin üç fərqli kampusu var. Əsas kampus Kembricdəki Harvard Yardda, Boston şəhərinin mərkəzindən təxminən 5 km qərbdə yerləşir. Kampusun ərazisi Harvard Meydanına qədər uzanır. Tələbə evləri bakalavrlara, dekanlara və rezident müəllimlərə xidmət göstərir. Kampus yeməkxana, kitabxana və istirahət yerlərindən ibarətdir.
Harvardda bir çox idman növlərindən ibarət komandalar da var. Onlar arasında beysbol komandası, kişi və qadınlardan ibarət basketbol komandaları, qılıncoynatma komandası, futbol komandası, avarçəkmə komandası, tennis komandası, kişi və qadınlardan ibarət voleybol komandaları, güləş komandası və sair var.
Nəticə olaraq qeyd etmək istəyirik ki, harada təhsil almasından asılı olmayaraq təhsil insanın özü üçün qoyduğu ən yaxşı kapitaldır.