Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakıda anadan olub. Adı Böyük Vətən müharibəsi iştirakçısı, təyyarəçi və alim Məzahir Abasovun şərəfinə qoyulub. Məzahir Rüstəmov 1977-ci ildə Nizami rayonunda yerləşən 32 saylı məktəbi bitirir və 1 il sonra, 1978-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur. 1983-cü ildə isə oranı fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində işə başlayır. 1990-cı ildə Azərbaycan Dövlət Mətbuat Komitəsində Xarici ölkələrlə kitab əlaqəsi şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Elə həmin illərdə artıq Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarına qarşı təcavüzə başlamışdı. Ölkənin müxtəlif bölgələrindən cəbhəyə könüllü yollanmaq istəyənlərin sayı get-gedə artırdı. Dinc əhaliyə qarşı törədilən qətliamlar, səbəbsiz təcavüzlər, düşmənin insanları evlərindən çıxarması, onları qətlə yetirməsi Azərbaycan xalqının hər nə olur-olsun düşünmədən cəbhəyə getməsinə səbəb olurdu. Kimisi körpəsini, kimisi də ailəsini yaxınlarına əmanət edir, müharibəyə yollanırdı.
Məzahir də 1992-ci il mart ayının 23-də könüllü olaraq Milli Orduya yazılır. Daha sonra o, Gədəbəydə yerləşən Şınıx cəbhəsinə gedir və komandir müavini vəzifəsinə təyin edilir. Həmin bölgədə əsas strateji hədəflərdən biri Mutudərə kəndi idi. Ermənilər müharibə başlayandan bəri Mutudərənin ətrafını güclü istehkama çevirmişdilər. Düşmən hündürlükdə yerləşən bu bölgədən Gədəbəyin digər bölgələrinə atəş açır, təxribatlar törədirdi. Belə hadisələrdən biri də 1990- cı il yanvarın 30-da törədilmişdi. Ermənistan silahlı qüvvələri Başkənddən keçərək, Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirmişdilər. Digər tərəfdən, düşmənin Azərbaycanın içərilərinə doğru irəliləmək planları da Mutudərədən başlayırdı. Bu səbəbdən həmin bölgə olduqca mühüm strateji yer sayılırdı. Məlumat üçün deyək ki, həmin bölgədə yerləşən Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsi 1920-ci illərdə SSRİ tərəfindən Ermənistana verilmişdi. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı.
Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen" adını qoymuşdular. Müharibə gedən dövr ərzində rayon iki hissəyə bölünmüşdü: Şınıx və Gədəbəy zonası. Şınıx zonasına gediş-gəliş mümkün olmurdu. Başkəndin adını ermənilər "Balaca Qarabağ" qoymuşdular və çoxsaylı erməni quldur birləşmələrini Başkəndə yeritmişdilər. 1992-ci il avqustun əvvəlində vəziyyət daha da gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Başkənddən və Ermənistanın Krasnoselsk rayonu tərəfdən hücuma keçərək, Gədəbəyin Şınıx bölgəsini işğal etmək və Gədəbəy torpaqlarını Ermənistana birləşdirmək qərarına gəldilər. Ermənilər bu istiqamətə 1000-ə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Ermənilərin güclü hücumu nəticəsində Şınıxın iki kəndi Mutudərə və Qasımağalı kəndləri işğal olunaraq yandırıldı.
Həmin vaxt orada komandir müavini vəzifəsində olan Baş leytenant Məzahir Rüstəmov da öz dəstəsi ilə birgə hazır dayanmışdı. O, bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi üzərinə düşən vəzifəni yerinə yetirirdi.
Məzahir döyüş yoldaşları ilə birgə düşmənə qarşı müqavimətə başlayır. Onlar dinc əhalinin kənddən çıxması üçün tədbirlər görürlər. Ermənilərə qarşı lazımi müqavimət göstərilir, ancaq əlavə dəstək gəlib çatmır. Həmin döyüşdə Məzahir Rüstəmov şəhid olur. Ancaq bu döyüşlə Mutudərədə böyük faciənin qarşısı alınır. Göstərdiyi qəhrəmanlığa görə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Həmin döyüşdən cəmi 3 gün keçəndən sonra, 8 avqustda Azərbaycan Ordusu düşmənə qarşı əks-hücuma başlayır. Həmin döyüş Başkənd əməliyyatı adlanır. Əməliyyata Azərbaycan Ordusunun polkovniki Cahangir Rüstəmov başçılıq edir. Əsas hədəf Şınıx bölgəsindəki 28 kəndimizi blokadadan çıxarmaq idi. Avqustun 8-də Başkənd azad edilir və Gədəbəyin 28 kəndi blokadadan çıxarılır. Ermənilərin sərt müqavimətinə baxmayaraq axşama yaxın Mutudərə də azad edilir, onların 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP-si və digər texnikası darmadağın olunur. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan iki kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız düşməndən geri alınır.
Ermənilərin Gədəbəyi işğal etmək planı ilə başladığı döyüşdə şəhid olan Məzahir Rüstəmov isə Şəhidlər Xiyabanında dəfn edilir. Onların müqaviməti ilə işğalçı planları məhv olan ermənilər isə bir daha həmin bölgəyə yaxınlaşa bilmirlər.
Məzahir Rüstəmov ailəli idi, Təhminə adında bir qızı var. Oxuduğu 32 saylı məktəb və Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.