1800-cü illərin ortaları idi. Rok Aylend dəmiryolu şirkəti Rok Aylendlə Davenport arasında bir körpü tikməyi qərara almışdı. O vaxtlar gəmi şirkətləri çay nəqliyyatından kifayət qədər pul qazanırdılar və dəmiryolu şirkətinin bu körpünü tikməsinin işlərini azaldacağını düşünürdülər. Nəticədə, gəmi sahibləri bu layihəyə mane olmağa başladılar və nəhayət, işi məhkəməyə qədər aparıb çıxardılar. Vəkil kimi isə gəmi sahibləri özlərinə o dövr üçün çox məşhur olan vəkil Terlou Uidi tutmuşdular.

Nəhayət, məhkəmənin keçiriləcəyi gün çatdı. Və vəkil Uid təqribən iki saat davam edən alovlu çıxış etdi. Çıxış qurtaran kimi salondakılar ayağa qalxdılar və bu alovlu çıxışı dəqiqələrlə alqışladılar. Nəhayət, çıxış etmək üçün növbə Rok Aylend şirkətinin vəkilinə çatdı. Və vəkil çıxış etmək üçün ayağa qalxdı. Ancaq hamı onun təslim olacağını düşünürdü. Çünki bu alovlu çıxışdan sonra çətin ki, nə isə etmək mümkün idi.

Ancaq bu gənc vəkil Uid kimi iki saat çıxış etmədi. Hətta bu çıxış beş dəqiqə belə davam etmədi. Dedikləri isə əsasən bunlardan ibarət idi: "İlk növbədə, əziz həmkarımı belə gözəl bir çıxış üçün təbrik edirəm. Çünki həyatımda ilk dəfə idi ki, belə gözəl bir çıxış eşidirdim. Ancaq məhkəmə heyətinin diqqətini onun əsas məsələyə o qədər də toxunmadığına cəlb etmək istəyirəm. Məncə, məhkəmə heyəti ədalətli qərar vermək üçün ilk növbədə bu suala cavab tapmalıdır: "Bir insanın ən çox nəyə haqqı var? Bir çayın üzərində aşağı-yuxarı üzməyə, yoxsa bir çayı keçməyə?.." Nəticədə, məhkəmə heyəti bu sualı nəzərə aldı və gənc vəkilin lehinə qərar verdi.

Sonradan məşhur olan bu vəkilin adı Avraam, soyadı isə Linkoln idi. Ancaq bir neçə il keçəcək və hamı onu prezident Avraam Linkoln kimi tanıyacaqdı. Həm də Amerikanın 16-cı prezidenti Avraam Linkoln kimi...