Hər birimiz bu dünyada özümüzü anlamağa çalışırıq. Bəzən özümüzü anlamadan illərimizi ötürür və beləcə, ömrümüzü başa vururuq. Niyə var olduğumuzu dərk etməyərək, ailədən və cəmiyyətdən əldə etdiyimiz vərdişləri rəhbər tutaraq həyatımıza bu şəkildə davam edirik. Zaman keçdikcə bu bizi yorur və nəticədə, motivasiyadan salır. Bəzən isə həyatımızda hansısa təkanverici bir hadisə ilə qarşılaşır və bu hadisədən sonra özümüzü kəşf edirik. Həyatda "həyat istiqamətimizi" müəyyən etmək üçün ətrafımızdakı insanların qeydinə qaldığımız kimi, öz qeydimizə də qalmalıyıq. Hətta ilk növbədə öz qeydimizə qalmalı və özümüzü inkişaf etdirməliyik ki, ətrafımızla da eyni cür davrana bilək. Mövzumuza AMEA-nın fəlsəfə elmləri üzrə doktorantı, konfliktlərin idarə olunması mütəxəssisi - idarəçi koç Roman Mamedov daha yaxından işıq tutdu...
- Özünü inkişaf nədir və bir şəxs özünü necə inkişaf etdirə bilər?
- Sualın cavabına keçməzdən əvvəl qısa bir açıqlama vermək istəyirəm. Ümumiyyətlə, insan Hər birimiz bu dünyada özümüzü anlamağa çalışırıq. Bəzən özümüzü anlamadan illərimizi ötürür və beləcə, ömrümüzü başa vururuq. Niyə var olduğumuzu dərk etməyərək, ailədən və cəmiyyətdən əldə etdiyimiz vərdişləri rəhbər tutaraq həyatımıza bu şəkildə davam edirik. Zaman keçdikcə bu bizi yorur və nəticədə, motivasiyadan salır. Bəzən isə həyatımızda hansısa təkanverici bir hadisə ilə qarşılaşır və bu hadisədən sonra özümüzü kəşf edirik. Həyatda "həyat istiqamətimizi" müəyyən etmək üçün ətrafımızdakı insanların qeydinə qaldığımız kimi, öz qeydimizə də qalmalıyıq. Hətta ilk növbədə öz qeydimizə qalmalı və özümüzü inkişaf etdirməliyik ki, ətrafımızla da eyni cür davrana bilək. Mövzumuza AMEA-nın fəlsəfə elmləri üzrə doktorantı, konfliktlərin idarə olunması mütəxəssisi - idarəçi koç Roman Mamedov daha yaxından işıq tutdu... biopsixospiritual bir varlıqdır. Yəni, insanda həm bioloji, həm psixoloji, həm də ruhi cəhətlər bir bütövlük təşkil edir. Əgər insan özünü bu cəhətlərdən ancaq biri ilə ifadə etsə, onda bir parçanı bir bütövün yerinə qoymuş olar ki, bu da bizi həm səhv, həm də natamam dəyərləndirməyə aparıb çıxarar. Bu baxımdan, özünü inkişafı olduğumuz yerdən olmaq istədiyimiz yerə gəlmək kimi də ifadə etmək olar. Bu isə özünü əsasən iki formada göstərir. Həm maddi (fizioloji), həm də mənəvi (psixoloji). Mən isə əsasən mənəvi, yəni psixoloji inkişafın üzərində dayanmaq istəyirəm. Psixikamızın potensial olaraq güclü, zəif və riskli cəhətləri var. İlk növbədə, hər kəs özünün bu cəhətlərini düzgün müəyyənləşdirməlidir. Güclü cəhətlərindən istifadə edərək riskli cəhətlərinə nəzarət edə bilən insanlar zəif cəhətlərini də gücləndirmiş olarlar. Özünü inkişaf dedikdə ağlımıza daha çox artırmaq, çoxaltmaq, əlavə etmək, genişləndirmək, böyütmək və s. kimi məfhumlar gəlir. Halbuki bəzən sıxılmaq, kiçilmək, artıqlardan təmizlənmək, əlavə yüklərdən (istər maddi, istərsə də mənəvi) azad olmaq, neqativ hisslərdən (məsələn, qəzəb, kin, həsəd və s. kimi) qurtulmaq da müəyyən mənada özünü inkişafa gətirib çıxara bilər.
- Bəzən sosial şəbəkələrdə belə bir məlumatla rastlaşırıq. Özünü inkişaf etdirmək üçün 10 qayda, 20 qayda, ya da 10 dəqiqə, 20 dəqiqə və sair. Həqiqətənmi, insan özünü belə az müddət ərzində və ya məhdud qaydalar çərçivəsində inkişaf etdirə bilər?
- Düşünürəm ki, qarşılaşdığımız bu kimi məlumatlar daha çox marketinq xarakteri daşıyır. Bilik hələ bacarıq demək deyil. Bacarığın tam formalaşması isə 6 ayla 2 il ərzində baş verir. Qısa müddət ərzində gələcəkdə bacarığa çevrilə biləcək bilik və ya məlumat əldə etmək mümkündür. Ancaq maraqlısı odur ki, özünü inkişaf etdirmək üçün deyilən bu 10 və ya 20 qayda daha çox onu deyən şəxsə xidmət edir. Halbuki insan unikal bir varlıqdır və hər bir problemin həlli üçün özünəməxsus yol tapmaq potensialına malikdir.
- Özünü inkişaf etdirməkdə motivasiyanın rolu...
- Motivasiya bizi hərəkətə gətirən bir hissdir. İstiqaməti müəyyənləşməyən bir hərəkət isə demotivasiya ilə nəticələnə bilər. Odur ki, əvvəlcə hədəf (istiqamət) aydın olmalıdır. Belə olduqda motivasiya aləti hərəkətverici bir qüvvə kimi bizim üçün faydalı ola bilər. İnsanlar fərqli temperament tiplərinə malikdirlər. Bəziləri qarşılarına hədəf qoyaraq ona çatmağa çalışır, başqa yeni hədəflər müəyyənləşdirir və rəqabətdə olmağı sevirlər. Bu cür tiplər müəyyən mənada daxili referanslı olurlar. Yəni, hərəkətə başlamaq üçün referanslarını öz daxillərindən alırlar. Bəziləri isə xarici referanslıdırlar. Bu da o deməkdir ki, başqalarının onları motivasiya etməsinə ehtiyac duyurlar. Məhz xarici referanslı insanlarda özünü inkişaf etdirmək baxımından motivasiyanın böyük əhəmiyyəti var.
- İnsan özünü inkişaf etdirməyə hansı yaşdan başlamalıdır?
- 35-40 yaş arası bu yaş arasında olan insanların şüurlu şəkildə özlərini dərk etdikləri bir dövrdür. Əslində, hər kəs hər an inkişafdadır. Müasir dövrdə hər şey çox sürətlə dəyişdiyi və inkişaf etdiyi üçün özünü inkişafın da yaşı get-gedə gəncləşir. Özünüdərk, əslində, ağlındakı suala daxilən cavab tapmaqdır. Bu baxımdan, deyə bilərik ki, özünü inkişaf etdirməyin ilk mərhələsi soruşmaqdır. Mənə elə gəlir ki, hər yaş dövrünün öz sualları və öz cavabları var. Yetər ki, doğru vaxtda doğru insana doğru sualı verə bilək.
- Gənclərin özünü inkişaf etdirməsi daha asandır, yoxsa orta yaşlı nəslin?
- Gənclərin bilik və bacarıq əldə etməsi nisbətən asandır. Bunun müxtəlif səbəbləri var. Birincisi, gənclərin günün tələblərinə daha tez adaptasıya ola bilməsi, yeni çıxan texnikadan daha səmərəli istifadə edə bilməsidir. İkincisi isə gənclərin yadda saxlama bacarıqlarının orta və yaşlı nəsillə müqayisədə daha güclü olmasıdır. Amma orta yaşlı insanların emosional cəhətdən daha balanslı olduqlarını düşünürəm. Bütün bunlara baxmayaraq, ümidsizliyə düşmək lazım deyil. Çünki hər şey vaxtında gözəldir, amma heç vaxt gec deyil. (R.M.)
- Özünü inkişaf etdirməkdə ətraf mühitin rolunu necə qiymətləndirmək olar?
- Hər bir şəxsi fərqli bir toxuma bənzətsək, ətraf mühit, ailə, təhsil o toxumun necə bir ağac olacağında mühüm rol oynayacaq, ancaq "alma" toxumunu "heyva" toxumu edə bilməyəcək. Hətta məşhur bir söz var ki, insan ünsiyyətdə olduğu beş nəfərin ortalamasıdır. Mən bu ifadə ilə razılaşıram. Ona görə də, ünsiyyətdə olduğumuz insanları elə seçməliyik ki, bizim inkişafımıza müsbət mənada təsiri olsun. Həzrəti Əli deyir ki, dostunu mənə söylə, sənə kim olduğunu deyim. Bunu belə də demək olar, olduğun mühiti mənə söylə, gələcəkdə necə insan olacağını deyim. Bu nöqteyi-nəzərdən ətraf mühit çox vacib bir faktordur.
- Bu gün bir çox NLP və nitq təlimçiləri hətta sosial şəbəkələrdə belə təlimlər verirlər. Belə bir təcrübə ilə qarşılaşmısınızmı və bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə qarşılaşıram. Hətta deyə bilərəm ki, müasir dövrümüzdə "təlimçi" inflyasiyası yaşanır. Bu da doğru seçim etməkdə çətinliklər törədir. Son dövrlərdə pandemiya ilə əlaqədar olaraq onlayn təlimlərin sayı artdı. Bəzi təlimlərdə bunu etmək mümkündür, amma məsələn, müxtəlif oyun və vörkşopların tələb etdiyi elə təlimlər var ki, onları sosial şəbəkə vasitəsilə və ya onlayn şəkildə təqdim etmək effektivliyini azaldır. Yenə də, hər hansı formada insanların inkişafında rol oynayan hər kəsi müsbət qiymətləndirirəm.
- Mövzu ilə bağlı verməli olduğumuz, amma vermədiyimiz sual oldumu?
- "Özünü inkişafa haradan başlayaq?" sualı maraqlı olardı. Yaşadığım bir təcrübəni sizinlə paylaşmaq istəyirəm. Bir neçə il bundan əvvəl Türkiyənin İstanbul şəhərinə müxtəlif təlimlərlə əlaqədar tez- tez səyahət edirdim. Səyahətlərimin birində boynumun ağrıdığını hiss etdim. Səbəbi də boynumla oturacaq arasındakı boşluq idi. Növbəti dəfə boyun yastığı aldım və problem həll olundu. Bu dəfə belimin ağrıdığını hiss etdim, çünkü belimlə oturacaq arasında da boşluq var idi. Əslində, həm boynum, həm də belim eyni vaxtda ağrıyırmış. Sadəcə olaraq, bir problem həll olunmamış digəri hiss olunmurmuş. Ona görə də, biz özünü inkişafa bizə daha faydalı ola biləcək məsələlərdən başlaya bilərik.
- Özünü inkişaf etdirmək istəyənlərə nələri tövsiyə edərdiniz?
- İnsan oğlu çox böyük bir potensiala malikdir. Bütün sualların cavabı onda gizlidir. Yetər ki, əvvəlcə bilmədiyimizin fərqinə varaq. Bu baxımdan, hər kəsi özünə fokuslanmağa və özünü tanımağa dəvət edirəm.