Başqalarından gizli saxlanılan, başqalarına deyilməyən, hamının bilməli olmadığı söz, iş və fellərə sirr deyilir. Sirr qarşısıalınmaz güc mənbəyi və məğlubedilməz bir ordu kimidir. Elə işlər var ki, nə qədər gizli qalır, yardım və inayət də onunla gəlir.

Sirri faş edib başqalarına yaymaq isə şərəf və ləyaqəti ayaqlar altına atmaq və ən azı ona layiq olduğu dəyəri verməməkdir. Etibarlı olmayan şəxsə bir əmanət verilməyəcəyi kimi, sirri namusu kimi qorumayana da sirr verilməməlidir. Bir sözlə, sirr veriləcək şəxs ona namus əmanət ediləcək qədər etibarlı, öz namusunu qoruyacaq qədər də həssas olmalıdır. Həmçinin, çox insana da sirr verilməməlidir. Çünki çox insana sirr verən bir şəxs bu sirlərinin qorunacağından əmin olsa da, minnət altında qalmaqdan qurtula bilməz.
Hər hansı bir şəxsə əmanət edilən sirri suyun içindəki hava qabarcığına bənzətmək olar. Hava qabarcığı var gücü ilə sudan çölə çıxmaq, xilas olmaq üçün can atır. Eynilə bunun kimi sirr sahibi də: "Necə edim ki, bundan xilas olum" deyirmişcəsinə başqa bir şəxsə bu sirrini danışmaq istəyir. Bu baxımdan sirr saxlamaq, həqiqətən, çox çətin və ağır bir işdir. Ancaq sirri faş etməyin özünə xas bir zövqü olduğunu da qəbul etməliyik. Başqalarına bilmədikləri bir məsələni xəbər verməyin ilk anda nəfsə xoş və şirin gələn bir tərəfi də var. Ancaq unutmamalıyıq ki, bu qısamüddətli şirin bir anın sonu acı bir peşmanlıqla bitə bilər.
Misal üçün sizdə bir sirr var. Öyrənəndə çox məmnun qalacağını bildiyiniz bir dostunuza həmin xəbəri çatdırmaq üçün tələsirsiniz. Onu ilk gördüyünüz yerdə bir kənara çəkərək, qulağına pıçıldayır, ya da yavaşca ona o sirri faş edirsiniz. Onun gözləri də öyrəndiyi bu yeni xəbərə görə heyrət və təəccüb qarışıq bir hisslə böyüməyə başlayır. Ancaq nə yazıq ki, ağızdan çıxan sözü artıq nə geri qaytarmaq, nə də yenidən sirr kimi saxlamaq mümkündür. Sirrini açan şəxs çox vaxt bu əməlinə görə peşman olur, ancaq sonrakı peşmanlıq bir fayda vermir.
Sirr saxlamaq və başqalarının sirrinə hörmətlə yanaşmaq tamamilə insan iradəsinin güclü olması ilə bağlı bir məsələdir. İnsanın kamilliyinə dəlalət edən və üstün bir əxlaqi keyfiyyət olan sirr saxlamaq güclü iradəli insanların işidir. İradəsi zəif şəxslərdən sirr saxlamağı gözləmək olmaz.
Əmanət edilən sirri bir neçə dəfə faş edib başqalarına yayan şəxsə yenə də sirr vermək bəsirətsiz bir addımdır və həmin şəxsin sirdaş seçməkdə acizliyini göstərir.
Qəlb sirr saxlamaq üçün sandıq, ağıl bu sandığın qıfılı, iradə isə onun açarıdır. Qıfıl və açar sağlam olduqdan sonra sandığın içindəki dəyərli "xəzinənin" başqalarının əlinə keçməsi mümkün deyil.
İnsan nəsə söz söyləməli, şərh və izah verməli olduğu yerdə lazım olan qədər danışmalıdır. Ancaq qəlbində olan bütün sirlərini, hər bildiyini boş yerə faş etməkdən uzaq durmalıdır. Əks halda, dostları utandırıb düşmənləri sevindirəcək vəziyyətlər ortaya çıxa bilər. Yaddan çıxarmaq olmaz ki, hər bildiyini hər yerdə söyləmək bir gün həm insanın özünü, həm də yaşadığı cəmiyyəti qarşısıalınmaz təhlükələrlə üz-üzə qoya bilər.
Elə sirlər var ki, təkcə bir fərdlə, elə sirlər də var ki, bir ailə və ya bir cəmiyyətlə əlaqəlidir. Bir fərdlə bağlı sirrin faş edilməsi ən azı həmin fərdin ləyaqəti ilə oynamaq deməkdir. Bir cəmiyyətə aid sirrin ifşa edilməsi isə bütün xalqın və cəmiyyətin ləyaqəti ilə oynamaq mənasına gəlir.
Sirlər nə qədər qəlblərdə qalsa, bu, onu daşıyanlar üçün bir güc-qüvvət halına gələr. Ancaq sirlər başqalarının əlinə keçsə, bu, onun əleyhinə işlədilə biləcək bir silaha çevrilər. Buna görə də, atalarımız: "Sirrin sənin əsirindir, onu faş etsən, sən onun əsiri olarsan", - deyir.
Uca dinimiz İslamda sirr saxlamaq mühüm bir məsələ olduğu kimi insanların ayıb və qüsurlarını araşdırmaq, başqalarının günahlarından agah olmağa çalışmaq da qadağan edilmişdir. Quranda keçən: "Bir-birinizin eybini, sirrini arayıb axtarmayın" (Hucurat, 49/12) ayəsi məhz bu məsələdən bəhs edir. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) bu haqda belə buyurur: "Bir şəxs mömin qardaşının ayıbını örtsə, Allah (c.c.) da dünyada və axirətdə onun ayıbını örtər" (Müslim, Zikir, 38). Başqalarının sirrini araşdıraraq ortaya çıxarmaq, sonra da onları ifşa etmək İslam əxlaqında olmayan bir davranışdır.
Sirr saxlamağın çox əhəmiyyətli olduğu elə məqamlar və işlər var ki, sirrin açığa çıxması ilə o işdə bir addım belə irəli getmək olmaz. Hətta, ticari sirlərin yayılması çox vaxt şirkətlərin ciddi risk və təhlükələr altında qalmasına səbəb olar. Həmçinin, dövlət sirlərinin düşmən əlinə keçməsi, bir ordunun hücum strategiyasının düşmən tərəfindən kəşf edilməsi o dövlətin inkişafı, o ordunun da qalib gəlməsi üçün böyük maneədir.
Daim insanların ayıb və qüsurları ilə məşğul olan, həmişə bu kimi məsələləri araşdıran insanlar bir müddət sonra əxlaqi eroziyaya məruz qalarlar. Bir insanın əxlaqı eroziyaya məruz qaldıqdan sonra onun ayıbladığı və dil uzatdığı şəxslər təkcə günahkarlardan ibarət olmaz, günahsız insanları da əhatə edər. Başqalarının sirrlərini sənə deyən bir şəxs sənin sirlərini də başqalarına deyə bilər. Ona görə də, belə şəxslərlə ehtiyatlı olmalı və ən sadə məlumatlarımızdan belə agah olmalarına imkan verməməliyik.


Nazim Mustafayev