Yusif Zayıdov 

Rumeli Qalası - Rumeli Hisarı (Boğazkəsən Qalası kimi də tanınır. Bu adın qalaya məhz Fateh Sultan Mehmet tərəfindən verildiyi deyilir) İstanbulun Sarıyer rayonunda, Boğaziçi üzərində yerləşən bir mahaldır. Mahalın adı qalanın adı ilə eynidir. Tikintisinə İstanbulun fəthindən əvvəl Fateh Sultan Mehmet tərəfindən fərman verilmişdir. Qala Boğazın şimalından gələ biləcək hücumların qarşısının alınması üçün Anadolu yaxasındakı Anadolu Qalası ilə üzbəüz tikilmişdir. Bu, həm də Boğazın ən dar nöqtəsidir.

Qala və qala divarları öz ehtişamı ilə insanı özünə valeh etməklə qalmır, həm də insanın qəlbində qürur hissi doğurur. Daha maraqlısı isə odur ki, inşası ilə əsrlərin sınağından çıxan qala, nə az, nə çox, düz 90 gün kimi qısa bir müddətdə tikilmişdir. Belə ki, qalanın inşası 1452-ci il 15 aprel tarixində başlamış, 30 avqust tarixində isə tamamlanmışdır. Qalanın dözümlülüyünü, geniş bir ərazini əhatə etməsini və qısa müddətdə tikilməsini nəzərə alsaq və bir də yeni tikililərin ortaballıq zəlzələyə davam gətirməməsini bununla müqayisə etsək, nə demək istədiyimizi təsəvvür etmək, yəqin ki, çətin olmaz.

Qala üç böyük bürcü ilə dünyanın ən böyük qala bürclərinə malikdir. Bürclərin adları onların inşası hansı paşanın tabeliyində olmuşsa, elə o adla da adlandırılmışdır. Fateh Sultan Mehmet qalanın dəniz tərəfdən sağ bürcünün tabeliyini Saruca Paşaya, sol bürcünün tabeliyini Zağanos Paşaya, sahildəki bürcünün tabeliyini isə Xəlil Paşaya həvalə etmişdir. Qalanın dəniz tərəfə düşən hissəsinin tikintisini isə Fateh Sultan Mehmet öz üzərinə götürmüşdür.

Rumeli Qalası 30 hektar ərazini əhatə edir. Qalanın tikintisində usta, fəhlə, faytonçu, qayıqçı və digər heyət üzvləri olmaqla, 5-6 min işçinin iştirak etdiyi bildirilir. 60 min kvadratmetr sahəni əhatə edən qalanın hörgü həcmi təxminən 57 min kubmetrdir. Rumeli Qalasının adı Fateh Vəqfiyyələrində (vəqf sənədi və ya vəqf nizamnaməsi deməkdir) "Qüllei-Cədidə", Nəşri tarixində (Mehmet Nəşri - Osmanlı tarixçisidir) "Yenicə Qala", Kamal Paşazadə, Aşıq Paşazadə və Nişançı tarixində isə "Boğazkəsən Qalası" kimi xatırlanır.

Qısaca onu da deyək ki, 1451-ci ilin yayında Karaman yürüşündən qayıdan Sultan Mehmet Xan Anadolu Qalasının yanından keçərkən Boğazın vəziyyətini diqqətlə araşdırır. Fateh əvvəllər tikilmiş Anadolu Qalasının o zamankı hərbi şərtlər üçün qənaətbəxş olmadığını müəyən edir və bu qalanın tikintisinə qərar verir. Sultan qalanın tikintisinə başlamazdan əvvəl Bizans imperatoru Konstantin Draqaşa elçi göndərir. Onun məqsədi nəzakət xətrinə imperatordan icazə almaq idi. Sultan Mehmetin xahişini səfiri vasitəsilə öyrənən imperator ona belə bir cavab göndərir: "Sultanınızın qala tikdirmək istədiyi torpaqların sahibləri qalatalılardır. Qalatalılar isə bizim yox, avropalıların hakimiyyəti altındadır. Biz sizə icazə versək belə, avropalılar bunu qətiyyən qəbul etməzlər. Onların icazəsi olmadan da belə bir işə cəhd etsəniz, avropalılar bunu xoş qarşılamayacaqlar".

Rumeli Qalasının tikintisi Bizans imperatorunun xoşuna gəlmədiyi üçün belə bir cavabla Sultanı yolundan döndərmək istəyir, həmçinin, avropalıların adından ona bir növ hədə-qorxu gəlir. Sultan Mehmet imperatorun göndərdiyi cavabı öyrəndikdən sonra bu dəfə ona elçi vasitəsi ilə başqa bir xəbər göndərir: "Məqsədimiz qonşuluq haqqına hörmət əlaməti olaraq sizdən icazə almaq idi. Dediyinizə görə bu torpaqlar sizə aid deyil. Bununla qalanın tikintisinə razılıq verdiyiniz məlum olur. O ki, qaldı avropalıların razı olub-olmayacağına, narahat olmayın, biz onlara lazım olan cavabı verəcəyik. Bizim üçün fərqi yoxdur. İndi gedib dərhal əfəndinizə deyin ki, qarşısındakı hökmdar əvvəlkilər kimi deyil. Sizin imperatorunuzun xəyalları mənim gücümün çatdığı zirvələrə çata bilməz. Hələlik, sənə hüzurumdan getməyə icazə verirəm. Bundan sonra mənim işimə mane olmağa çalışan hər kəs lazım olan cəzanı alacaq!" Sultan II Mehmet həmin torpağın əvəzində qalatalılara müəyyən ödəniş edir və beləliklə, Rumeli Qalasının tikintisinə başlayır.

Rumeli Qalası 1509-cu ildə Böyük İstanbul Zəlzələsində zərər görmüş, ancaq qısa bir vaxtda bərpa edilmişdir. 1746-cı ildə baş verən yanğında isə taxta hissəsi zərər görmüşdür. Qala III Səlim (1789-1807) dövründə yenidən bərpa olunmuşdur.

Rumeli Qalası bu gün muzey və açıq hava teatrı kimi istifadə edilir. Qalada açıq muzey fəaliyyət göstərir. Toplar, mərmilər və həmçinin, o dövrə aid olan tarixi əsərlər açıq havada nümayiş etdirilir. Bu bölgəyə gələn insanların gəzib görə biləcəkləri gəzməli yerlər də, kafe və restoranlar da çoxdur. Belə ki, bölgədə gəzməli yerlər arasında Yusif Ziya Paşa Köşkü (Pərili Köşk), Aşiyan Təpəsi/Aşiyan Muzeyi, Əli Pətək Məscidi kimi bir sıra yerləri misal göstərə bilərik. Bunu da mütləq şəkildə qeyd edək ki, Türkiyənin (həmçinin, dünyanın) ən məşhur, ən reytinqli və ən yaxşı universitetləri arasında olan Boğaziçi Universiteti də bu bölgədə yerləşir.

Hər dəfə bir rayonunda olduğumuz gözəl İstanbulu gəzmək nə qədər maraqlı, nə qədər cəlbedici olsa da, biz yenə də öz fikrimizdəyik: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı"...