İsmayıl Əhməd
Klassik türk ədəbiyyatında belə bir beyt var:
"Nə dünyadan səfa bulduq, nə əhlindən ricamız var,
Nə dərgahi-Xudadan maəda bir ilticamız var"...
Bu beyt mənim üçün bütöv ədəbiyyat deməkdir, yəni, bütün şairlərin bütün yazdıqlarını bu iki misraya sığdırmaq olar. Beytin mənası belədir ki, biz bu dünyada səfa görmədik, daha doğrusu, dünyada səfa deyilən bir şey yoxdur, kim ki, könlünü bu dünyaya bağlayıbsa, eləsinə ölsək də, ağız açmaz, bir şey istəmərik. Allahın dərgahından savayı da nə bir umacağımız, nə bir sığınacağımız var.
Bu beyt o qədər yüksək bir səviyyədən, elə uca bir zirvədən səslənir ki, oradan baxanda ölümün o üzü bu üzündən daha aydın görünür. Bu düşüncə ilə, bu əxlaqla yaşayan insan hər addımını axirət hesabı ilə atır.
Bir alim deyir ki, insanlar iki cür olurlar: Öləndən sonra dirilib hesab verəcəyinə inananlar; hər şeyin bu dünya ilə tamamlandığına inananlar. Öləndən sonra diriləcəyinə inananların da dərəcələri var, adam var, bu həqiqəti bilir, amma çox da əhəmiyyət vermir; adam var, o həqiqəti bilir və boynuna düşən vəzifələri yerinə yetirir; adam da var ki, hələ dünyada ikən özünü o həqiqətin içində görür, dünyanı axirət həyatı kimi yaşayır. Bu beyt məhz həmin fikrin, həmin düşüncənin ifadəsidir. Bu cür insanlar heç vaxt birbaşa münasibət düşünmürlər. Bir az qəribə ifadə oldu, elə deyilmi? - Onda açıqlamağa çalışaq. Sən birinə yaxşılıq edəndə onu deyil, onun da, sənin də Rəbbini düşünürsən. Elədiyin yaxşılığı sanki Allaha (c.c.) edirsən. Burada Həzrəti Musa ilə bağlı məşhur bir söhbət yada düşür. Allah Həzrəti Musaya buyurur:
- Sizin yanınıza kasıb qiyafədə bir adam gəlmişdi, o mənim dostumdur, mən onun qəlbində idim. Siz onu doyursaydınız, məni doyurmuş kimi olardınız.
Qurani-Kərimdə "Allaha borc verin" çağırışı var. Bu da kimlərəsə qəribə görünə bilər. Çünki biz bilirik ki, Allah (c.c.) Saməddir, yəni heç bir şeyə ehtiyacı yoxdur və bütün varlıq Ona möhtacdır. Bəs elə isə Allah (c.c.) bizdən niyə borc istəsin? - Məsələ nədir, bilirsinizmi? - Allaha borc vermək odur ki, qarşı tərəfin kimliyi mühüm deyil, mühüm olan o ehtiyac sahibinə heç bir minnət qoymadan, bəlkə də heç özünü tanıtmadan Allah üçün verməkdir. Əgər bir insan verdiyi yardımı, göstərdiyi köməyi nə vaxtsa başa qaxacaqsa, demək onun əməlində Allah rizası düşüncəsi olmayıb. Allaha borc vermək həm də odur ki, sən Allahın hansısa möhtac bir quluna yardım edirsən və nə vaxtsa o adam sənə qarşı bir ədəbsizlik, haqsızlıq etsə belə, sən o yaxşılığı dilə gətirmirsən. Allaha borc vermək həm də o deməkdir ki, sənin burada verdiyini Allah qat-qat artığı ilə axirətdə özünə qaytaracaq və sən də "Kaş ki, daha çox vermiş olaydım" deyəcəksən.
Köhnə kişilər deyirlər ki, birinə bir şey verəndə Allah rizası üçün ver, alanda da Allah rizası üçün al. Əgər ağlın sənə əməlinin Allah rizasına uyğun olmadığını deyirsə, onda nə ver, nə də al.
Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) bir hədisində belə buyurur ki, siz başqalarına etdiyiniz yaxşılığı unudun, amma başqalarının sizə etdiyi yaxşılığı unutmayın.
Könlünü Allaha bağlamış insan başqalarından təmənna ummaz. Kamil insan dediyin də elə budur.
Şəhərin kənar məhəllələrindən birində tənha bir qarı var idi. Yaşı doxsanı haqlasa da, əldən düşməmişdi. Qışda odununu özü doğrayır, qapı-bacasını özü təmizləyir, suyunu özü gətirir, çörəyini özü alırdı. Tənha deyəndə ki, əslində, o qarı sonsuz deyildi, iki oğul anası idi və balalarını böyüdüb böyük şəhərlərə oxumağa göndərmişdi. Oğullar da o şəhərlərdə oxuyub yüksək mənsəb sahibi olmuş, ananı unutmuşdular. Ana övladlarından heç bir şey əsirgəməmişdi, onları tay-tuş yanında gözükölgəli böyütməmişdi. Hərdən qonşulardan kimsə onun halına yanırmış kimi "İki oğullu bəxtəvər" deyə rişxənd edəndə heç kimə cavab vermir, söz-söhbətdən qaçıb evinə girirdi. Bir dəfə də bir qonşu yolunu kəsib onu qınadı ki, niyə oğullarına məktub yazıb yanına çağırmırsan? Nə vaxta qədər bir damın altında tək-tənha qalacaqsan? Ana gördü ki, artıq qaçmaq yeri deyil, dedi:
- Ay qızım, nə vaxtdan bəri burada qonşuyuq, məndən bir pislik, bir haqsızlıq gördünmü?
Qonşu:
- Yox, ay nənə, nə pislik, sən mələk kimi adamsan. Demək istədiyim odur ki, niyə sənin də nəvə-nəticən başına dolanmır, buyruğunda durmur? Sən kimdən əskiksən ki?
- Qulaq as, qızım, Allah mənə iki oğul verdi, ardınca da ərimi aldı. Mən o iki balamı böyütdüm, bilən bilir ki, pal-paltarlarını, yeyib-içməklərini, axşam yatanda nağıllarını, səhər oyananda öpüşlərini, ən əsası da analıq sevgimi əskik etmədim. Tərbiyə də verdim, nəsihət də etdim, yaşları çatanda olan-qalanımı ciblərinə qoyub oxumağa da göndərdim. Qızım, Allah mənə övlad verəndə boynuma bir analıq vəzifəsi qoymuşdu, mən o vəzifəni qüsursuz yerinə yetirməyə çalışdım. Mən övladlarıma haqqımı halal eləmişəm, mənim hesabım Allahımladır. Sabah ölüb Onun hüzuruna çıxanda övladlarımdan da şikayət etməyəcəyəm, deyəcəyəm ki, Allahım, mən sənin verdiyin vəzifəni, boynuma qoyduğun analıq borcunu qüsurlu yerinə yetirdimsə, cəzamı ver, yox əgər qüsursuz yerinə yetirdimsə, məni də, övladlarımı da bağışla. O ki, qaldı tərbiyə məsələsinə, doğru bildiyim şeyləri övladlarımdan əsirgəməmişəm, amma neyləyəsən ki, olmayanda olmur. Nuh peyğəmbərin də övladı atasına qarşı çıxdı, Lut peyğəmbərin də. Mən kiməm ki, ay qızım? Bildiyim odur ki, Allahım məni belə imtahan edir. Mən də öz borcumu yerinə yetirir, hər kəsə də haqqımı halal edirəm.
Qurani-Kərimin bizdən nə istədiyini bircə cümlə ilə ifadə etsək, belə deyə bilərik: Xeyirli insan olmaq. Bəli, Allah (c.c.) bizə Kitab, Peyğəmbər kimi bir müəllim göndərib ki, dərsimizi düzgün oxuyub xeyir verən, xeyir qazanan insan olaq. Xeyir verənlər xeyir qazanarlar. Yenə Rəsulullah (Ona Allahın salamı olsun!) dövründən bir örnək yada düşdü:
"Bir gün Rəsulullah buyurdu ki, hər kəs sədəqə versin. Səhabələrdən kimin gücü nəyə çatdısa, verdi. Amma aralarında biri var idi ki, heç bir şeyi yox idi. Oturub düşündü, düşündü və belə bir qərar verdi: Kim ona qarşı haqsızlıq edibsə, haqqını tapdayıbsa, hər kəsə haqqını halal edir. Səhəri gün Rəsulullah onu yanına çağırdı və: "Sənin sədəqən qəbul oldu", - deyə müjdələdi".
Folklorumuzda çox gözəl bir söz var: "Sən mərhəmət et, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər". Əsas məsələ də elə o "Xaliq bilər"dədir. Əlbəttə, Xaliq hər şeyi bilir, görür, eşidir. Kimin nə etdiyi, niyə etdiyi, necə etdiyi Ona məlumdur. Əsas olan sənin, mənim bu məsələyə baxışımız, inamımızdır. Nə qədər inanırıqsa, o qədər də iman edirik. İnanan inansın, inanmayan da... elə inansa yaxşıdır.