Tarixlər 1912-ci ilin 10 aprelini göstərəndə İngiltərənin Sauthempton limanından Nyu York istiqamətində bir gəmi yola çıxdı. 17 min insanın əməyi ilə inşa edilən bu sərnişin gəmisi o dövrün ən böyük gəmisi idi. Gəmini inşa edənlər bu gəminin heç vaxt batmayacağını iddia edirdilər. Bununla da az qala hər kəsə, hər şeyə meydan oxuyurdular. Hətta onlar özlərinə o qədər inanırdılar ki, gəmiyə də böyüklük, nəhənglik ifadə edən "Titanik" adını vermişdilər. Gəminin kapitanı Edvard Smit isə bir qədər də irəli gedir və: "Heç bir qüvvə bu gəmini batıra bilməz", - deyirdi.

Mühəndislər gəmini inşa edərkən hər şeyi ən xırdalıqlarına qədər düşünmüşdülər. Hətta o qədər ki, gəminin alt hissəsində bir-birindən arakəsmələrlə ayrılan xüsusi anbarlar inşa etmişdilər. Əgər gəminin hər hansı bir hissəsi zərbə alsa idi, ancaq zərbə alan hissəyə su dolacaq və gəminin batması ən azı üç gün çəkəcəkdi. Bu qədər vaxta yardım gəlməməsi üçün isə çox az ehtimal var idi. Üstəlik, bu gəmidə dünyanın ən keyfiyyətli poladından istifadə edilmişdi. Mühəndislər gəmiyə qarşı və arxa tərəfdən gələn zərbələri hesablamışdılar, ancaq halbuki yan tərəfdən gələn zərbələri unutmuşdular. Bəli, "əzab onlara gözləmədikləri yerdən gəlmişdi". (16/26)

"Titanik" soyuq bir aprel axşamı Nyu Faundlend sularında hərəkət edirdi. Bu vaxt növbətçilər qarşıda bir aysberq gördülər. Əgər onlar aysberqi görməsəydilər və gəmi aysberqlə toqquşsaydı, təkcə qarşı tərəfdən zərbə alacaq və beləliklə, "Titanik" batmayacaqdı. Ancaq onlar aysberqi gördülər və ondan yan keçmək üçün son bir ümidlə manevr etdilər. Ancaq dünyanın ən böyük gəmisi elə ilk zərbədən xilas ola bilmədi və aysberq gəminin yan hissəsini bıçaq kimi kəsdi. Beləliklə də gəmidəki bütün anbarlar su ilə doldu. Bəli, üç günə batmalı olan "Titanik" üç saatdan sonra okeanın üç min metr dərinliyində görünməz oldu. Gəmidəki 3 min sərnişinin yarıdan çoxu isə okeanın buzlu sularında boğularaq öldü...

1992-ci ildə su altında 20 saatdan çox araşdırma aparan kanadalı alimlər "Titanik"in aysberqlə toqquşan hissəsində qəribə bir şey kəşf etdilər. Sən demə, aysberq gəmiyə elə bir yerdən toxunmuşdu ki, əgər həmin yerdən yox, başqa bir yerdən toxunsa idi (məsələn, bir az aşağıdan və ya bir az yuxarıdan), faciə bu qədər böyük olmayacaqdı. Bəli, tarix yenidən təkrar etmiş və insan oğlu bütləşdirdiyi şeylərlə cəzalandırılmışdı.

Ancaq "Titanik" bu faciəni yaşadığı bir vaxtda duaları ilə Allaha əl açanlar və Ona sığınanlar da az deyildi...

1912-ci ilin 15 aprel axşamı xanım Qreysi içində bir ağırlıq hiss etdi. Ona görə də, gecə düşməmiş yatmağı qərara aldı. Ancaq heç cür yata bilmir və yatağında o yan-bu yana çevrilirdi. Bu vaxt bir şey götürmək üçün əlini başının üstündəki masaya uzatdı. Ancaq birdən masanın üstündəki dua kitabı yerə düşdü. Kitabın açılan səhifəsində dənizdə ölüm təhlükəsi qarşısında qalanlar üçün oxunan bir dua var idi. Xanım Qreysi tez "Titanik" gəmisində səyahət edən həyat yoldaşını xatırladı. Həyat yoldaşı üçün uzun-uzadı dua etdikdən sonra içində bir rahatlıq hiss edərək yatdı.

Ertəsi gün qəzetlərdə "Titanik" gəmisinin batması ilə bağlı xəbərlər var idi. "Titanik" bir aysberqlə toqquşmuş və üç saatdan sonra da batmışdı. Ancaq xilas olanlar arasında xanım Qreysinin həyat yoldaşı da var idi. O, evə qayıdandan sonra isə hər şey daha aydın oldu. Belə ki, polkovnik Qreysi gəmi batmağa başlayanda əvvəlcə qadınların və uşaqların xilasetmə qayıqlarına minmələrinə kömək etmiş, sonra da bir küncə çəkilib Allaha dua etməyə başlamışdı. Gəmi sularda qərq olmağa başlayanda isə polkovnik Qreysi bütün gücünü toplayaraq suyun üzərinə çıxmış və yaxınlığındakı yarıbatmış qayıqdan tutmuşdu. Xanım Qreysi evdə dua edəndə isə polkovnik Qreysi artıq o biri sərnişinlərlə bir yerdə xilas olmuşdu.

P. S. "Allahın sizə lütf etdiyi şeylərlə qürrələnməyin. Çünkü Allah özünü bəyənənləri, (özü ilə) qürrələnənləri sevməz". (57/23)