Həyata keçirmək istədiyiniz hansı fikirləriniz var? Həyatda uğur qazanan insanlara münasibətiniz necədir? Bəlkə, onlara xüsusi qabiliyyətlər verildiyini düşünürsünüz? Əgər belə düşünürsünüzsə, yanılırsınız. Təəssüf ki, əksər insanlar bu səhvə yol verirlər. Həyatda uğur qazanan insanların başqalarından fərqi onların sağlam etiqada malik olmaları, yüksəlməyə, inkişaf etməyə və daha yaxşı olmağa can atmaları, nəyin daha doğru, nəyin daha mühüm olduğunu ayırd etmələri, mövcud imkanlarından maksimum istifadə etmək bacarıqları, insanlarla ünsiyyət qurmaq qabiliyyətləridir.
Nə üçün iki insan bir hadisə qarşısında müxtəlif cür hərəkət edir? Halbuki həyatda hamımız bizi mübarizəyə sövq edən müxtəlif hadisələrlə qarşılaşırıq? Xəstəliklər, qəzalar, təzyiqlər səbrimizi, dözümümüzü, müqavimət gücümüzü sınağa çəkir. Bəziləri bu hadisələri daha kamil insan olmaq üçün bir imkan kimi qiymətləndirirlər. Bəziləri isə bu hadisələri həyatları üçün uçuruma yuvarlanmaq kimi təsəvvür edirlər. Buna görə də, gec-tez inandıqları nəticə ilə qarşılaşırlar. Unutmaq lazım deyil ki, həyatda uğur qazanan insanların problemləri uğur qazanmayan insanların problemlərindən az deyil. Burada fərq yalnız həmin problemləri qavramaq formasında və bu problemlərə qarşı reaksiyalardadır. Bəzən eyni insan oxşar hadisələr qarşısında da müxtəlif reaksiyalar göstərə bilər. Mövcud imkanlarla bəzən uğur qazanmaq, bəzən də uğursuz nəticələr göstərmək olar. Bu isə insanın vəziyyəti ilə birbaşa bağlıdır. İnsanın vəziyyətini müəyyən edən iki amil mövcuddur. Bu amillərdən birincisi inam, ikincisi isə fizioloji imkanlardır (əlbəttə kı, insanın bu fizioloji imkanlardan istifadə etmək bacarığı da nəzərə alınmaqla). İnsanın inamı və fizioloji imkanları bir-biri ilə sıx bağlıdır. Birinə təsir göstərən hər hansı amil, mexaniki olaraq o birinə də təsir göstərir. Kolorado ştatında yaşayan V Mitçell (W Mitchell) adlı bir nəfər motosikletlə qəzaya düşür. Motosikletin benzin bakı partlayır və V Mitçell gözlərini xəstəxanada açır. Çox çətinliklə nəfəs alan V Mitçell yanıqların ağrısından dayana bilmir. Bədəninin yarısından çoxunun yanmasına baxmayraq yaşamaq və həyata yenidən qayıtmaq üçün mübarizə aparır. Çox keçmir ki, bu bəla başqa bir bəla ilə əvəz olunur. V Mitçell təyyarə qəzasına düşür və beldən aşağı iflic olur. Ancaq o yenə inamını, ümidini itirmir. Amerikada bir çox tanınmış insanlarla ünsiyyət qurur. Bir müddətdən sonra o, Amerikanın ən varlı adamlarından birinə çevrilir. Amerika Konqresinə üzv olmaq üçün namizədliyini verir. Koloradonun vitse-qubernatoru olmaq üçün seçkilərə gedir. Bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, həyatda xoşbəxt bir insan kimi yaşamağı bacarır. Çünki o, başına gələn hadisələrin təsadüf olmadığını qəbul edir və bütün işlərini buna uyğun qurur. Bu, həm də onu qəm-qüssədən, ümidsizlikdən, bədbinlikdən xilas edir. Ən əhəmiyyətlisi isə o, bu hadisələri həyatını istiqamətləndirən inam və dəyərləri yenidən nəzərdən keçirmək və onları inkişaf etdirmək üçün bir fürsət kimi qiymətləndirir. Hər hansı bir hadisəni bu və ya başqa şəkildə qavramaq, nə üçün nəticəyə təsir göstərir və ya hadisələri qavramaq nə üçün bu qədər əhəmiyyətlidir? Çünki insan uğur qazanacağına inandıqda sinir sisteminə xüsusi siqnallar göndərilir. Bu siqnallar isə beynimizi qıcıqlandırır. Beləliklə, uğur qazanmaq üçün qarşımızda bütün qapılar açılır. Bir sözlə, biz necə inanırıqsa, hadisələri və imkanlarımızı necə qiymətləndiririksə, beynimiz də o səviyyədə işləyir.
İnam dinlərdən və ya ideologiyalardan danışarkən istifadə etdiyimiz bir anlayış olmaqla yanaşı, ümumilikdə həyata istiqamət verən etiqad, hökm və ya prinsipdir. Başqa sözlə, inam ağlın əşya və hadisələri necə dərk etdiyini göstərən bir amildir. İnam qətiyyət və müəyyənlik hissidir. Bir şeyin nə qədər aydın olduğunu hiss etsək, ona bir o qədər çox inanarıq. Şübhə isə bunun əksinə inamı zəiflədir, hətta öldürür. İnamı ağ, şübhəni isə qara rəngə bənzətmək olar. Ağ rəng qara rənglə qarışdıqda boz rəng alındığı kimi şübhə də inamla qarışdıqda inam itməyə başlayır.
İnamla bağlı mühüm məsələlərdən biri də müsbət fikirlər, müsbət hisslərdir. Müsbət fikirlər, müsbət hisslər həyatımızdakı uğurların nəticələri yox, səbəbləridir. "Uğur müsbət fikirlər, müsbət hisslər doğurur" fikri həmişə doğru deyil. Çünki uğur müsbət fikirləri, müsbət hissləri gücləndirir.
Böyük yarışlarda, olimpiadalarda qazanılan rekordlar (başqa sözlə, uğurlar) nəticədir. Bunların səbəbi isə müsbət fikirdir. Olimpiyaçılar əvvəlcə daxillərindəki inamsızlıq maneəsini aşırlar. Bundan əvvəl qazanılmış rekordlardan da böyük rekordlar qazanmaq mümkün olduğuna inanırlar. Əgər bu belə olmasa idi, biz heç vaxt yeni rekordları görə bilməzdik. Əgər insanın daxilində heç bir maneə yoxdursa, onun müəyyən imkanlar çərçivəsində bacara bilmədiyi iş yoxdur. Sadəcə olaraq, mümkün olan bir şeyin mümkün olmadığına biz hökm veririk. Mümkünsüzlük başqa bir ifadə ilə müsbət inamın yoxluğundan başqa bir şey deyil. Con Stüart Mill inamlı bir insanın gücünün 99 nəfərin gücünə bərabər olduğunu deyir. "Nəhayətsiz Güc" kitabının müəllifi Entoni Robbins isə inamın əhəmiyyətindən bəhs edərək, "İnam insana onun dərinliyindəki potensialı üzə çıxarmağa imkan verir. İnsanın hərəkətlərini istiqamətləndirən qüvvələr arasında inamdan güclüsü yoxdur. Əslində, bəşəriyyətin tarixi inamın tarixidir", - deyir.
Həkimlər də xəstəliklərlə mübarizədə inamın gücündən bəhs edirlər. Aparılan tədqiqatlar xəstələrə dərman adı ilə verilən boş dərmanların xəstələrə əsl dərman kimi təsir etdiyini göstərmişdir. Tədqiqatlardan birində alimlər xəstələri iki qrupa ayırmış, hər iki qrupa eyni dərmanları vermişlər. Alimlər birinci qrupa xəstəliyi tam müalicə edən, ikinci qrupa isə hələ təsiri məlum olmayan yeni dərman verildiyini bildirmişlər. Birinci qrupda xəstələrin 70 faizində, ikinci qrupda isə 25 faizində müsbət nəticə müşahidə olunmuşdur.
Ümumilikdə, inam hər iki halda (istər mənfi, istərsə də müsbət) güclüdür. Hər iki inam bizi uğur-uğursuzluq, pislik-yaxşılıq, xoşbəxtlik-bədbəxtlik kimi bir-birinə zidd dünyalara aparır. Elə isə əsas məsələ, nəyə inanmaq, necə inanmaq, hansı inamın bizim üçün daha yaxşı olduğunu bilməkdir.
İnamı formalaşdıran amillərdən biri də mühitdir. İnsanı əhatə edən mühitdə qətiyyətli, işlərində uğur qazanan insanlar varsa, onlardan nümunə götürmək, onlar kimi uğur qazanmaq olar. Təbii ki, bunun əksini də istisna etmək olmaz. İnamı artırmaq üçün ikinci yol isə öyrənməkdir. Oxuyaraq, təcrübədən keçirərək, müşahidə edərək, yaşayaraq öyrənmək... Həyatlarında uğur qazanan insanların, böyük dövlət xadimlərinin, alimlərin, özündən çox başqaları üçün yaşayan insanların həyatını öyrənmək bu baxımdan son dərəcə əhəmiyyətlidir.
İnamı artıran başqa bir amil isə əldə etdiyimiz uğurlardır. Buna görə də, uğurlarımızı, nəyə qadir olduğumuzu unutmamalıyıq. Bir sözlə, insanda xəyallarını və ideyalarını həyata keçirmək üçün kifayət qədər potensial və qabiliyyət var. Daha doğrusu, insan bu potensial və qabiliyyətdə yaradılmışdır. Əsas məsələ uğur qazanacağımıza inanmaqdır. İnamsız və ümidsiz insanlardan nə isə gözləmək əbəsdir.