Corc Cunius Stinni (kiçik) ABŞ-da 20-ci əsrdə ölüm hökmü çıxarılan ən gənc məhkum idi. Elektrik stulunda edam ediləndə onun cəmi 14 yaşı var idi. O, həbs edildiyi gündən öldürüləcəyi günə qədər günahsız olduğunu deyirdi. Corc 11 yaşlı Bettini (Betti Cun Binniker) və 7 yaşlı Merini (Meri Emma Temz) öldürməkdə günahlandırılırdı. Səbəb isə onun qızların öldürüldüyü yerin yaxınlığında yaşaması idi. Cinayət 23 mart 1944-cü il tarixdə Cənubi Karolinanın Alkolu şəhərində baş vermişdi.
Məhkəmədəki bütün hakimlər ağ dərili idi və məhkəmə cəmi iki saat çəkdi. Məhkəmədən cəmi 10 dəqiqə sonra isə qərar elan edildi (Üstəlik, heç bir tərəddüdə yol vermədən).
Öldürülməzdən əvvəl Corc hələ uşaqlıq dövrünü yaşayırdı. Ancaq o, həbsxanada valideynlərini görmədən 81 gün keçirdi. Çünki ona ailəsi ilə görüşmək qadağan edilmişdi. Hələ bu az imiş kimi atası işdən çıxarılmış, ailəsindən isə şəhəri tərk etmək tələb edilmişdi. Və o, yaşadığı yerdən 80 km uzaqda tək qalmışdı. Üstəlik, onu müdafiə etmək üçün bir vəkil belə təyin olunmamışdı.
Beləliklə, Corc Stinni Kolambiya şəhərindəki (Cənubi Karolina ştatı) bir həbsxanada 16 iyun 1944- cü il tarixdə edam edildi. Başına 5380 volt elektrik verildi və o, əzab içində dünyasını dəyişdi.
Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadaki bir hakim tərəfindən sübut olundu. İki qızın öldürüldüyü alət 19 kiloqramdan ağır idi və buna görə də, Corcun onu qaldırması, sadəcə olaraq, mümkün deyildi. Üstəlik, onun iki qızı öldürəcək qədər zərbə vurmağa da gücü yox idi. Bəli, uşaq tamamilə günahsız idi və yalnız qara dərili olduğu üçün bütün günahlar onun üzərinə atılmışdı. Beləcə, hələ 14 yaşında ikən Corcun həyatı əlindən alındı. Halbuki o, həyatında kim bilir nə qədər gözəlliklər yaşayacaqdı.
Stiven Kinq (Amerikalı yazıçı) Corc Stinninin hekayəsini eşidəndə çox təsirləndi və 1996-cı ildə "Yaşıl Yol" ("Green Mile") adlı məşhur romanını yazdı. Daha sonra isə hamımızın yaxşı tanıdığı eyniadlı məşhur film çəkildi.