Yurdumuzu digər ölkələrdə öz uğurları ilə təmsil edən həmyerlilərimizin sayı günbəgün artmaqdadır. Həmin şəxslərdən biri, həmçinin, jurnalımızın "Uğur hekayəsi" bölməsinin budəfəki müsahibi, "Almaniyanın ən güclü yaddaşı", Hasfurt şəhərində keçirilən Yaddaş üzrə XL Açıq Almaniya Çempionatının qalibi Orxan İbadovdur. Üstəlik, bu, Orxanın ilk uğuru deyil. Bundan əvvəl o, Türkiyənin İstanbul şəhərində Memoriad 2017: Açıq Yaddaş, Mental Riyaziyyat və Sürətli Oxuma Çempionatında 8 ölkədən 102 beyin idmançısının iştirak etdiyi yarışda qalib olub. O cümlədən, Filippinin paytaxtı Manila şəhərində V Filippin Beynəlxalq Açıq Yaddaş Çempionatında 7 ölkənin 70-ə yaxın beyin atletinin iştirak etdiyi turnirdə bürünc medala layiq görülüb.
- Orxan İbadov kimdir?
- 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. Hazırda Barselonada elekron ticarət fəaliyyəti ilə məşğulam. Bundan başqa, müxtəlif şirkətlərə, həmçinin fərdlərə yaddaş texnikası, sürətli öyrənmə, məhsuldarlığın artırılması və elektron ticarət üzrə təlimlər verirəm.
- Necə oldu ki, xaricə köçmək qərarına gəldiniz? Bir azərbaycanlı kimi xaricdə işləmək çətindirmi?
- 2014-cü ilə kimi Bakıda onlayn marketinq sahəsində işləyirdim. Həmin ərəfələrdə işlədiyim şirkətlərdən biri məni Barselonaya dəvət etdi. Həmin vaxta qədər başqa ölkələrdən də çoxlu təkliflər alırdım. Barselonadan təklif alanda birinci "yox" dedim. Lakin bir həftəlik istirahətə gedəndən sonra Barselona xoşuma gəldi və qalmaq qərarına gəldim. Onu da qeyd edim ki, bir azərbaycanlı kimi Barselonada işləmək elə də çətin deyil, çünki tez-tez Bakıya gəlirəm. Ümumiyyətlə, Barselona gözəl şəhərdir, oranın insanları da, təbiəti də Bakıya çox yaxındır.
- Bəs ilk dəfə "yox" deməyinizin səbəbi nə idi?
- Çünki Bakıya çox bağlıyam. Heç vaxt Bakıdan kənara çıxmaq istəməmişəm. Ümumiyyətlə, xaricə getməyi sevən, gəzməyə meyilli olan insan deyiləm, öz daxilimə bağlı insanam. Ona görə də, birinci "yox" dedim, amma gedib bir həftə qalandan sonra çox bəyəndim və köçmək qərarına gəldim. Amma yenə də ilin ən azı 4 ayı Bakıda, 8 ayı isə Barselonada oluram.
- Bəs təhsil aldığınız sahədə işləməməyinizin səbəbi nədir?
- Hüquqşünaslıq elə bir sahədir ki, onun limitləri bəllidir. Tutaq ki, siz hər hansı bir qanunu bilirsiniz və məhkəməyə çıxırsınız. Orada bəzi məqamları düz bilsəniz, artıq bir hüquqşünas kimi uğurlu ola bilərsiniz. Yəni, hüquqşünaslıqda yaradıcılığa ehtiyac yoxdur. Mən həmişə çalışmışam ki, təbiət elmlərinə meyil göstərim. Fəlsəfəyə, riyaziyyata həmişə xüsusi marağım olub. Bu səbəbdən hüquqşünaslıq mənə dar gəldi. Çünki insan beyninin potensialını araşdırdım və nə qədər böyük potensiala malik olduğunu gördüm. O zaman başa düşdüm ki, bir sahə mənə kifayət deyil. Ona görə də, paralel olaraq iki sahə ilə məşğul olmağı qərara aldım. Həm hüquqşünaslıqla, həm də onlayn marketinqlə. Amma zaman keçdikdən sonra sərbəst həyat tərzi öz sözünü dedi. Ona görə də, hüquqşünaslığı uzun illər əvvəl tərk etdim.
- Bildiyimiz kimi, bu yaxınlarda Almaniyada Yaddaş Çempionatının qalibi olmusunuz. Yarışa dair təəssüratlarınızı bölüşmənizi istərdik...
- Almaniya çempionatı açıq bir çempionatdır. Yarışda Avropanın ən güclü idmançıları iştirak edirlər. Reytinqim yüksək olduğu üçün bu çempionata məni də dəvət etdilər. Əslində, uzaq olduğu üçün əvvəlcə getmək istəmədim. Ancaq son anda gücümü sınamağı qərara aldım. Ümumiyyətlə, bütün yaddaş yarışlarında 10 kateqoriya var. Onlardan beşində birincilik əldə etdim. Digər kateqoriyalarda isə artıq yorğun olduğum üçün son kateqoriyadan əvvəl italyan Emanuele Renyani məni keçdi. Ancaq son kateqoriyada 32 saniyədə 52 oyun kartını yadda saxlayaraq fərqi sıfırladım və rəqibimi arxada qoydum. 15 dəqiqədə 912 rəqəmi sıra ilə yadda saxladım. Bunlardan 909-u düz çıxdı, 3-də texniki səhvə yol verdim. 10 dəqiqə ərzində hərəsində 52 ədəd olmaqla 7 qutu oyun kartını sıra ilə yadda saxladım. Və hamısı da doğru çıxdı. 5 dəqiqə ərzində 0 və 1 rəqəmlərinin qarışığından ibarət 909 rəqəmi sıra ilə yadda saxladım. Onun 3-də səhv etdim, qalanları isə düz çıxdı. 5 dəqiqə ərzində 103 Azərbaycan sözünü sıra ilə yadda saxladım. Bunların da hamısı doğru çıxdı, lakin bəzi sözlərdə tələffüz səhvi oldu. Digər kateqoriyalarda da nəticələrim yaxşı oldu.
- Bundan əlavə, yaddaş üzrə müxtəlif ölkələrdə keçirilən yarışlarda da uğur qazanmısınız. Bəs bu uğurlara səbəb olan xüsusiyyətinizi necə kəşf etdiniz?
- Uzun illər əvvəl insanın öz beyninin cəmi 1 faizindən istifadə etdiyinə dair bir məqalə oxumuşdum. Araşdırmalar göstərir ki, Aristotel kimi dahilər öz beyninin 3 faizindən, biz isə 1 faizindən istifadə edirik. Lakin mən də bu 1 faizlə kifayətlənmədim. Öz beynimin potensialından dahilər kimi istifadə etmək üçün bu sahədə müxtəlif kurslara getdim və müxtəlif kitablar aldım. Təbii ki, bunların sayəsində müxtəlif texnikalarla tanış oldum. Bu texnikaların isə müxtəlif kateqoriyaları var. Yəni, yaddaş və öyrənmə texnikaları var. Daha sonra yaddaş texnikalarını araşdırarkən müxtəlif yaddaş ustalarının şoularını gördüm. Bu da mənim diqqətimi cəlb etdi və dərindən araşdırmağa başladım. 2017-ci ildə yarışlara dəvət aldım və yaddaş karyerama başladım.
- İstənilən hər kəs istifadə etdiyiniz yaddaş texnikaları ilə öz yaddaşını gücləndirə bilər? Yoxsa, bunun üçün xüsusi bir istedad lazımdır?
- Yaddaş bir elmdir, istedad deyil. Hər kəs öz yaddaşını gücləndirə bilər, lakin bunun üzərində işləmək lazımdır. Yaddaşı gücləndirməyin 4 yolu var: 1. Düzgün qidalanmaq 2. İdmanla məğul olmaq 3. Sosial-aktiv insan olmaq 4. Yaddaş texnikalarını bilmək. Xüsusi istedada gəldikdə isə demək istəyirəm ki, uşaqlıqdan mənə xüsusi istedadım olduğuna dair çox tərif deyiblər. Çünki mən 5 yaşında məktəbə getmişəm, 15 yaşında isə universitetə qəbul olmuşam. Fikrimcə, bu, yanlışdır. İstedadlı insanlarla adi insanlar arasındakı fərq maksimum 20 faiz ola bilər. Amma texnikalarla sizin yaradacağınız fərq ən azı 10 qat arta bilər. Texnika həmişə xüsusi istedada qalib gəlir. Mən, ümumiyyətlə, xüsusi istedadla limitləşməyi qəbul etməmişəm. Beynin isə, əslində, universitet kimi fakültələri var: Yaddaş, oxuma, öyrənmə, intuisiya və s. Məsələn, kimsə hər hansı insanın intuisiyası güclüdür dedikdə, mən onu heç vaxt qəbul etməmişəm. Demişəm ki, beynin intuisiya fakültəsini araşdırın və insanın intuisiyasını necə inkişaf etdirə biləcəyini görün.
- Ümumiyyətlə, yarışlara nə qədər hazırlaşırsınız? Ən çox istifadə etdiyiniz hər hansı bir metod varmı?
- Sonuncu çempionata 45 gün hazırlaşmışdım. Dünya çempionatından əvvəl 3 ay ərzində intensiv şəkildə gündə 4-6 saat, Avropa çempionatından əvvəl isə 3 ay ərzində intensiv şəkildə gündə 2-3 saat məşq edirəm. Ən çox istifadə etdiyim texnika isə "yaddaş sarayı" texnikasıdır. Bu texnika Qədim Yunanıstandan gəlir. "Yaddaş sarayı" texnikasının mahiyyəti ondan ibarətdir ki, insan beyni gördüyü bir şeyi daha yaxşı yadda saxlayır və buna insanın vizual yaddaşı deyilir. Yadda saxlamaq istədiyiniz hər hansı bir məlumatı daha effektiv yadda saxlamaq istəyirsinizsə, onu xəyali olaraq tanıdığınız yerə qoymalısınız. Əgər həyatda adi gözünüzlə gördüyünüzü xəyali gözünüzlə də görsəniz, beyniniz ona inanacaq. Çünki beyin məntiqli məlumatları yadda saxlamağı sevmir. Məsələn, küçədə gedərkən görürsünüz ki, bir it bir insana hürür. Bu hadisə sizin yadınızdan çıxa bilər. Çünki bu, normal haldır. Amma həmin hadisənin tam əksi olsa, bu, sizin heç vaxt yadınızdan çıxmaz. Çünki beyniniz artıq sizə qeyri-adi hadisə baş verdiyini siqnal verər.
- Bildiyimizə görə, sürətli oxuma, həmçinin, yaddaşın və beynin inkişafı ilə bağlı da təlimlər keçirsiniz. Yaddaşını gücləndirmək istəyən oxucularımıza hansı tövsiyələri verə bilərsiniz? Qızıl qaydalar varmı?
- İnsanlar mənə yaddaşla bağlı müraciət edəndə, mən onlara ilk olaraq "ikinci beyin" təlimini keçirəm. Çünki insan beyni yaddaş üçün yox, yaradıcılıq üçündür. İnsan beynindən məlumat deposu kimi istifadə etmək yanlışdır. Məlumatı saxlamaq üçün sizin ikinci beyniniz olmalıdır. Əsas beyninizi boş saxlamalı, ikinci beyninizdən istifadə etməlisiniz. Bundan əlavə, insan beyninin ən çox qorxduğu şey natamam biliklərdir. Natamam biliklər isə müxtəlif formada olur. Siz birinci natamam fikirlərin hamısını beyninizdən çıxarmalısınız. Bu çox gözəl prosesdir. Bəzən mənim təlimimə gələn insanlar beyinlərində bir rahatlıq meydana gəldiyi üçün bunu meditasiya ilə müqayisə edirlər. Beyninizdən çıxardığınız natamam bilikləri kateqoriyalara bölməli və ikinci beyinə köçürməlisiniz. Həmin ikinci beyin sizin kompüteriniz, smartfonunuz və ya dəftəriniz ola bilər. Daha sonra ikinci mərhələ kimi yaddaş texnikalarını öyrənə bilərsiniz. Burada iki məsələni fərqləndirmək lazımdır: 1. Gündəlik həyat üçün lazım olan yaddaş; 2. Fantastik həcmdə olan informasiyanı yadda saxlamaq üçün yaddaş. Gündəlik həyatdakı yaddaş odur ki, məsələn, telefonu qoyduğunuz yer yaddan çıxır. Bu, normal haldır. Həmin məsələni həll etmək üçün sizin fokuslama qabiliyyətinizi gücləndirmək lazımdır. Ümumiyyətlə, mənim məsləhətim odur ki, insanlar əvvəla özlərinə şəxsi idarəetmə sistemi qursunlar və beyinlərindəki bütün natamamlıqları aradan qaldırsınlar.
- Bəs sürətli oxuma texnikası ilə təhsilin keyfiyyətini artırmaq olarmı?
- Ümumiyyətlə, təhsilin keyfiyyətini müxtəlif yollarla artırmaq olar. Bütün bunlar isə sürətli öyrənmə metoduna daxildir. Təkcə sürətli oxuma ilə siz təhsilin keyfiyyətini kifayət qədər artıra bilərsiniz. Amma təhsil təkcə oxumaq deyil. Təhsildə müxtəlif elementlər var. Bu baxımdan dinləmə elementindən də səmərəli istifadə etmək lazımdır. Bundan əlavə, mənim ən sevdiyim element fotoqrafik oxumadır. Bu metod sürətli oxumadan qat-qat sürətlidir. Digər sürətli oxuma metodu isə yaddaş texnikası ilə bağlıdır. Bəzən sizə məlumat kitabda gəlmir. Siz o məlumatı hər hansı mühazirədə eşidə və ya hansısa saytda oxuya bilərsiniz. Başqa bir metod isə məsafəli təkrardır. Təkrardan elmi cəhətdən əsaslandırılmış şəkildə istifadə etsəniz, sizin yadda saxlama qabiliyyətiniz ikiqat artar.
- Sizcə, uğurlu insan kimdir?
- Mənim uğurlu insan haqqında meyarlarım zaman keçdikcə dəyişdi. 22-23 yaşında olanda bir biznesmenin öz sərbəst həyat tərzi ilə maddi müstəqilliyini təmin etməsini uğurlu həyat sayırdım. Amma həmin uğuru əldə etdikdən sonra gördüm ki, bunu uğurlu insan saymaq olmaz. Mənim üçün uğurlu insan odur ki, həmin insan həm maddi, həm zehni, həm də ruhi cəhətdən özünü dərketmə yolunda olsun. Şərt deyil ki, mütləq dərk edəsən. Çünki bu dünyanı tamamilə anlamaq mümkün deyil. Amma ən azı nəyi nə qədər bilmədiyini bilmək özü bir nailiyyətdir. Bundan əlavə, fikrimcə, uğurlu insan daim öz üzərində işləməli və müxtəlif sahələrdə özünü inkişaf etdirməlidir.