Əgər dünyanın 80 faizi nəfəs almır desək, inanarsınızmı? Yəqin ki, inanmazdan əvvəl təəccüblənərsiniz. Bəli, səhv eşitmədiniz, dünyanın 80 faizi nəfəs almır. Təbii ki, burada söhbət nəfəs almamaqdan yox, düzgün nəfəs almamaqdan gedir. Bəli, dünyanın 80 faizi nəfəs almır və nəticədə, qorxaq, cəsarətsiz, gərgin, yorğun, sevgidən, səmimiyyətdən uzaq milyonlarla insan ortaya çıxır. Çünki düzgün nəfəs almamağın fizioloji təsirləri olduğu kimi, psixoloji təsirləri də yox deyil. Məsələyə fizioloji baxımdan yanaşsaq, əslində, hər bir insan ehtiyacı olduğu qədər nəfəs alır. Ancaq bu nəfəs tam və ya dərin olmadığı üçün orqanizmin ehtiyacı olan oksigeni ödəyə bilmir. Nəfəsin qarşısını alan ən böyük amil isə insanların yaş artdıqca qəbul etdikləri məsuliyyət və bu məsuliyyətlərlə bir yerdə "qəbul etdikləri" stresdir. Biz nəfəsimizə limit qoyduqca problemlər baş qaldırır və nəticədə, oksigen getməyən yerlərdə xəstəliklar ortaya çıxır.
Bəs, düzgün nəfəs alma texnikası nədir? Əslində, burada hamıya aid olan ümumi texnikadan danışmaq çətindir. Çünki hər insana məxsus düzgün nəfəs alma texnikası var. İdeal nəfəs alma texnikası isə körpələrin nəfəs alma texnikasıdır. Yəni, ağızdan alınan nəfəs qarından başlayır və okeandakı dalğalar kimi orqanizmin hər tərəfinə yayılır. Burada bir şeyi də unutmaq olmaz ki, hər nəfəs aldıqda və verdikdə fasilə olmamalı, həmçinin diafraqma əzələsi genişlənməlidir.
Bəs nəfəsi açmaq üçün orta hesabla neçə günə ehtiyac var? Nəfəsi açmaq üçün orta hesabla 5 günə ehtiyac var. Birinci gün 10 dəqiqəlik bir təmrinlə nəfəs analizi aparılır və beləliklə də, orqanizmdə oksigenin getmədiyi yerlər müəyyən edilir. Çünki orqanizmin oksigen getməyən yerlərində hüceyrələr ölür və beləliklə də, xəstəliklərin baş verməsi üçün münbit şərait yaranır. Nəfəs analizindən sonra isə artıq fərddən asılı olaraq səs təmrinləri, həmçinin nəfəs təmrinləri həyata keçirilir. Nəfəs təmrinlərinə isə əsasən, qırtlaq nəfəsi təmrinləri və sualtı nəfəs təmrinləri aiddir. Nəfəsi açmaq üçün həyata keçirilən təmrinlər qısa bir vaxtda öz təsirini göstərir və təmrinlərin sonunda insan artıq özündə həm fizioloji, həm də psixoloji dəyişikliklər hiss edir.
Adətən, "limitlənmiş nəfəs" uşaqlıq dövründən başlayır və tədricən stresin və gərginliyin mənbəyi olan təngnəfəsliyə çevrilir. Ancaq düzgün nəfəs alma texnikası nəticəsində bu problemlər (bu siyahıya nifrət, qorxu, həyəcan və s. kimi hissləri də əlavə etmək olar) aradan qalxır və ən başlıcası insanın özünə olan inamı qayıdır. Digər tərəfdən, düzgün nəfəs alma bəzi xəstəliklərin də qarşısını alır. Çünki xəstəliklərin 40 faizinin səbəbini əslində oksigensizlik təşkil edir. Əgər orqanizm kifayət qədər oksigen qəbul edirsə, xəstəliyə tutulmaq ehtimalı da kifayət qədər azalır. Düzgün nəfəs alma ürək, şəkər, astma, xərçəng, təzyiq və s. kimi xroniki xəstəliklərin də qarşısını alır. Üstəlik, bir nəfəs seansı 3-4 illik psixoloji seanslardan daha yaxşı təsir göstərir. Buna görə də, psixoloqların sağalda bilmədikləri xəstəlikləri çox vaxt bir nəfəs seansı ilə sağaltmaq olur.
Digər tərəfdən, iş yerimizdəki uğursuzluqlar da düzgün nəfəs almamağın əsas səbəblərindəndir. Buna görə də, düzgün nəfəs alma texnikasına malik olan insanlar iş həyatlarında daha çox uğur qazanır, həmçinin, daha sürətli analiz etmə qabiliyyətinə malik olurlar. Nəticədə, onlar gündəlik işlərində daha sürətli qərar verir və vaxtlarından daha düzgün istifadə edirlər. Bundan başqa, düzgün nəfəs alma işdə məhsuldarlığın artması, pis vərdişlərin aradan qalxması və orqanizmin daha sağlam olması deməkdir.
Düzgün nəfəs alma toksinlərin 70 faizinin nəfəslə xaric olunmasında da mühüm rol oynayır və ən başlıcası daxili orqanlara masaj təsiri göstərir. Bu isə nəticədə həmin orqanların daha da güclənməsinə gətirib çıxarır.
Əslində, düzgün nəfəs alıb-almadığımızı özümüz də müəyyən edə bilərik. Necə? Bunun üçün bir əlinizi sinənizə, o biri əlinizi isə qarnınıza qoyun. Təbii ki, sonra da nəfəs almağa başlayın. Əgər düzgün nəfəs alırsınızsa, sinənizdəki əliniz hərəkətsiz qalacaq, qarnınızdakı əliniz isə hərəkət edəcək. Bu, eyni zamanda diafraqmanızın və qabırğaarası əzələlərinizin də fəaliyyətinin yaxşı olduğunu göstərir. Digər tərəfdən, həmişə burnunuzdan nəfəs almağa çalışın. Beləliklə, siz həm yüngül nəfəs alacaq, həm də xəstəlik törədən virusların ağzınıza düşməsinə imkan verməyəcəksiniz. Yeri gəlmişkən deyək ki, bir insanın tənəffüs tezliyi yaz aylarında payız ayları ilə müqayisədə üçdə bir dəfə daha yüksəkdir.