Mahmud Adəmoğlu 
 

Yazımıza çox məşhur bir söhbətlə başlayırıq: "Gecə dənizdə fırtına olmuş, şahə qalxan dalğalar dəniz ulduzlarını qumlu sahilə atmışdı. Səhər tezdən yaşlı bir adam sahildə dolaşaraq dəniz ulduzlarını götürüb dənizə atırdı ki, ölməsinlər. Bu zaman bir gənc ona yaxınlaşır və kilometrlərlə uzanıb gedən qumlu sahili göstərərək deyir:

- Eh qoca, yüz minlərlə dəniz ulduzu qumların üstündə ölüb gedəcək. Sən indi üç-beşini dənizə atmaqla nə dəyişəcək?

Qoca gənci mənalı-mənalı süzür:

- Mənim üçün bir şey dəyişməsə də, bunun üçün çox şey dəyişəcək, - deyir və əlindəki dəniz ulduzunu mavi suların qoynuna atır...

Əslində, bu misalda bir çox mövzu üçün çıxış nöqtəsi var, amma tam əminliklə deyə bilərik ki, hansı səmtə yönəlir-yönəlsin hamısının tək ortaq nöqtəsi insanlıq, xeyirxahlıq, başqalarına fayda vermək olacaq. Bizdə çox maraqlı, maraqlı olduğu qədər də düşündürücü bir məsəl var: "Heç kim bu dünyadan bir şey aparmayacaq". Məsələyə dünya nemətləri baxımından yanaşsaq, hər şey doğrudur, amma daha geniş aspektdən mövzuya baxsaq, vəziyyət tam fərqli görünəcək, yəni, hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq. Əslində, bizim bu dünyada gördüklərimiz görə bilmədiklərimizin zərrəsi, kölgəsi qədər belə deyil. Adı ədəbiyyat tarixinə düşməyən böyük fikir adamı Səməd Mənsur deyir ki, bu dünyada gördüyün nə varsa, hamısı rəngdir. Amma nə yazıq ki, biz çox vaxt mövzuya ən bəsit, ən gərəksiz tərəfindən baxmağa adət etmişik. İndi demək istədiyimiz odur ki, "hər kəs bu dünyadan hər şeyini özü ilə aparacaq" düşüncəsi ilə yaşayanlar heç vaxt özlərini, şəxsi mənfəətlərini düşünmürlər.

Onu da deyək ki, insan üçün ən böyük qazanc Allahı düşünərək bəndələrinə yaxşılıq etməkdir. Kim həyatı yalnız ölümə qədər görürsə, təbii ki, hər şeydə öz mənfəətini düşünəcək, ancaq kim ölümün o üzünü düşünürsə, əlbəttə, hər cür fədakarlığa qatlanacaq. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) dövründə yaşanmış bir hadisə bu mövzuda çox gözəl bir nümunədir.

Rəsulullah (s.ə.s.) səhabələrdən birinin rənginin avazıdığını gördü və səbəbini soruşdu. Səhabə də dedi ki, üç gündür oruc tutur, amma iftarda yeməyə bir şeyi yoxdur. Rəsulullah (s.ə.s.) üzünü digər səhabələrə tutdu:

- Bu axşam bu qardaşımızı kim qonaq edəcək?

Səhabələrdən biri:

- Mən qonaq edəcəyəm, ya Rəsulullah, - deyincə Sevimli Peyğəmbərimiz bu vəzifəni ona həvalə etdi.

Həmin səhabə də iftar vaxtı o oruclu səhabəni evinə apardı və xanımını bir tərəfə çəkib yeməyə nə olduğunu soruşdu. Xanımı da cavabında dedi ki, bir azca un var idi, onunla da bulama bişirib, başqa heç bir şey yoxdur. Səhabə xanımına tapşırdı ki, uşaqları o biri otaqda yatırsın, yeməyi süfrəyə gətirsin və yanacaq qurtardı deyə çırağı söndürsün. İftar olanda xanım eynən ərinin dediyi kimi etdi. Yarıqaranlıq otaqda iki səhabə yeməyə başladılar. Ev sahibi qaşığını qabın kənarına toxundurub ağzına aparıb-gətirir, qonaq da iştaha ilə yeyirdi. Növbəti gün sübh namazına gələndə Rəsulullah (s.ə.s.) üzünü səhabələrinə tutdu və belə buyurdu:

- Bu gecə sizlərdən biri öz qardaşı üçün elə bir fədakarlıq göstərdi ki, göylər lərzəyə gəldi.

Səadət Əsrində (Rəsulullahın dünyada olduğu illər nəzərdə tutulur) və sonrakı dövrdə bu cür parlaq nümunələrə tez-tez rast gəlmək mümkündür.

Axirət inancının, yəni, öləndən sonra yenidən dirildilib hesaba çəkilmək düşüncəsinin insana aşıladığı ən mühüm xarakterik cəhətlərdən biri də başqalarının xeyri üçün çalışmaqdır. Yeri gəlmişkən onu da deyək ki, biz zəfərlə deyil, səfərlə mükəlləfik. Yəni, ola bilsin ki, başladığımız işi tamamlaya bilmədik, ya istədiyimiz nəticə əldə edilmədi. Bizim üçün mühüm olan odur ki, niyyət də, isitqamət də doğru olsun, tədbiri əldən buraxmayaq. Bəzən məğlubiyyət kimi görünən hallar çox böyük zəfərlərə qapı olur.

Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görən şəxsin özünə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək. Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:

"Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!"

Uca Yaradan Ali İmran surəsinin 92-ci ayəsində isə möminləri mallarının ən yaxşısını Allah yolunda verməyə çağırır: "Sevdiyiniz şeylərdən haqq yolunda sərf etmədikcə savaba çatmazsınız".

Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və comərd olur. O, insanların səadəti naminə bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.

Ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə sədəqəsi, infaq, sədəqə, borc vermə, mömin qardaşının maddi-mənəvi bir çətinliyini aradan qaldırma, yaşlı bir insanın qoluna girib yolun qarşı tərəfinə keçirmə, dostlarına kömək etmə kimi müxtəlif formaları var. Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) bu həqiqəti bir hədisində belə bəyan edir: "Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim dara düşmüş bir adamın dadına çatsa, Allah da onu dünyəvi və üxrəvi çətinliklərindən qurtarar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər".

Başqalarının dərdini düşünmək, əliaçıqlıq və comərdlik etmək zənn edildiyi kimi insanın malını azaltmır, əksinə, mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan comərdlik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rifaha səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.

Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.

"Yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsinlər" müjdəsi, əslində, bu mövzuda bizə çox mətləblərdən xəbər verir.

O cəmiyyət abad olur ki, orada insanlar bir-birinin xeyrini düşünür, yaxşılıq üçün çalışırlar. Əmin olaq ki, biz başqalarını düşünsək, mütləq bizi də düşünən olacaq. Əsas olan bu həqiqətə inanmaq və bu düşüncədən gələn vəzifələri yerinə yetirməkdir.