Hər bir elmin özünə xas qaydaları olduğu kimi, məntiq elminin də özünəməxsus müəyyən qaydaları, qəbul edilmiş müddəaları var. Ümumiyyətlə, məntiq elminin qurucusu, ilk dəfə bu elmin qayda və qanunlarını ortaya qoyan şəxs kimi Aristotel qəbul edilir. Məntiqdə əsas müddəalardan biri belədir: "Bir şey ya doğrudur, ya da yanlışdır". Bu müddəa elektronika sahəsindəki 1-lər və 0-lar şəklində kompüterlərin iş prinsipi olaraq qarşımıza çıxır.
Görəsən, 2000 ildən artıqdır istifadə edilən və olduqca faydalı olan bu məntiq həqiqətən də, hər bir problemin öhdəsindən gələ biləcək gücdədir? Yoxsa, Aristotel məntiqi daha geniş bir məntiq sisteminin kiçik bir hissəsi idi? Bu suala əslən azərbaycanlı olan məşhur elm adamı, Berkli Universitetinin professoru Lütfi Zadə (Lotfi Zadeh) cavab vermiş, elmdə yeni bir cığır açmışdır. Bu yeni anlayışa, ya da qeyri-səlis məntiqə görə hər şey doğru və yanlışdan ibarət deyil. Sadəcə olaraq, doğru və yanlışın dərəcələri var.
Ənənəvi görüşdə elm yalnız qətilik və dəqiqlik tələb edirdi. Yəni, bu paradiqma və görüşə görə qeyri-dəqiq və ehtimal payı olan bir şey elmin mövzusu sayıla bilməz. Ancaq fizika sahəsində XIX əsrin sonlarından etibarən molekulyar səviyyədə aparılan araşdırmalar elmdəki bu qətilik anlayışının atomaltı varlıqlar üçün keçərli olmadığını göstərdi. Fizika elmindəki bu yeni yanaşma və inkişaf əslində, çox vacib bir məfhum olan qeyri-səlis məntiqi ortaya çıxardı. Qeyri-səlis məntiq nəzəriyyəsi yalnız və yalnız bir məntiq nəzəriyyəsi deyil, eyni zamanda təklif etdiyi baxış bucağı və nəzər nöqtəsi ilə elmi paradiqmanın əsaslarını sarsıdacaq qədər güclü və alternativ bir baxışdır. Qeyri-səlis məntiq nəzəriyyəsinin gün keçdikcə əhəmiyyətinin artmasının səbəbi, məntiq, fəlsəfə və sosial məsələlərdə gerçəyə yaxın həll yolları təklif etməsi, süni intellekt texnologiyası kimi bir çox sahələrdə mühüm töhfələr verməsidir.
Qeyri-səlis məntiq nəzəriyyəsini məşhur alim, həmyerlimiz Lütfi Zadə ilk dəfə 1965-ci ildə "Information and Control" jurnalında dərc etdiyi "Fuzzy Sets" başlıqlı məqaləsində açıqladı.
Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini qurarkən riyazi bir fantaziya və ya xəyal arxasınca düşməmişdi. Eyni zamanda bir elektrik mühəndisi olan Lütfi Zadə real dünyadakı real mühəndislik problemləri üçün həll yolları axtarırdı. Misal üçün bir cihazın və ya bir qurğunun daha "ağıllı" qərarlar verə bilməsi üçün ona bir şeyin isti və ya soyuq olduğunu söyləmək kifayət deyil, ona o şeyin "nə qədər isti" və ya "nə qədər soyuq" olduğunu öyrətmək də lazımdır. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi məhz bu məqamda köməyə gəlir. Onun bu yeni yanaşmasından günümüzdə bir çox ağıllı ev alətlərinin (mikrodalğalı soba, paltaryuyan maşın, soyuducu, tozsoran), elektron avadanlıqların (televizor, kserokopiya, videokamera) və avtomobillərin istehsalında istifadə olunur.
Bir çox ölkələrin qeyri-səlis məntiqlə maraqlanmasının, əlbəttə, haqlı səbəbləri var. Çünki qeyri-səlis məntiq hər bir elektrik alətinin əsas iş prinsipini təşkil edir. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə bir müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etdi və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəldilər. Və Lütfi Zadə nəzəriyyəsinin tətbiqi bu gündoğan ölkəyə milyardlar qazandırdı.
Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən foto və videokameraların, paltaryuyan maşınların, kimyəvi təmizləyicilərin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatla - "Honda" mükafatı ilə təltif olundu. Bu tarixdən başlayaraq, amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başladılar.
1990-cı ildən etibarən aralarında NASA-nın da olduğu ABŞ-ın və Avropanın bir çox böyük qurum və şirkətləri də bu texnologiyadan istifadə etməyə başladılar. Bu gün bu nəzəriyyə Amerikanın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
Ümumiyyətlə, Lütfi Zadə ömrü boyu bu və ya digər mürəkkəb elmi nəzəriyyələrini özü kitablaşdırmırdı. O, hər nəzəriyyə haqqında məqalə yazır, onların vasitəsilə ideyalar verirdi. Daha sonra isə həmin məqalə yüzlərlə kitabın yazılmasına səbəb olurdu. Qeyd edək ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 000-dən çox istinad edilmişdir.
Ənənəvi, ya da klassik məntiqə görə elmi bir təklif ya doğudur, ya da yanlışdır. Elmi bir təklif doğrudursa, onun dəyəri 1, yanlışdırsa, dəyəri 0-dır. Ancaq klassik məntiqin bu qədər qəti və dəqiq olması gündəlik həyatda tez-tez qarşılaşdığımız qeyri-müəyyənliklərdə ehtiyac duyulan elastikliyi təmin edə bilmir. Bu məqamda köməyə "qeyri-səlis məntiq" çatır. Qeyri-səlis məntiq məlumatın dəqiq olmadığı qeyri-müəyyən hallarda qərar vermək üçün istifadə edilir. Sahib olduğu elastik quruluşuna görə qeyri-səlis məntiq gündəlik həyatdakı problemlərdə doğruya daha yaxın həll yolları ortaya qoya bilir.
"Qətilik" və "dəqiqlik" elmin ortaya qoyduğu nəticələr olsa da, bir fəaliyyət üçün hər zaman lazım, ya da istənilən bir şey deyil. Lütfi Zadə bu haqda belə deyir: "Marinin neçə yaşı var?" deyə soruşanda adi bir halda iyirmi üç il, beş ay, yeddi gün şəklində cavab vermirik. Çünki belə bir dəqiqliyə ehtiyac da duymuruq. Burada "Gənc yaşlardadır", ya da elə "23 yaşı var" demək kifayətdir. Bu halda əsas məsələ ehtiyac olandan daha artıq "dəqiq" olmamaqdır." Qeyri-səlis məntiq nəzəriyyəsi üçün "dəqiqlik" klassik elm anlayışından fərqli olaraq bir qayə və bir məqsəd deyil, lazım olduğu qədər və yalnız bir vasitədir".
İnsan beyni Aristotel məntiqinə görə, yoxsa Lütfi Zadənin təklif etdiyi qeyri-səlis məntiqə görə düşünür? Əslində, insan məntiqi nə Aristotel, nə də Lütfi Zadə məntiqidir. Sadəcə olaraq, qətiyyətlə demək olar ki, bu məntiqlər içərisində insan məntiqinə ən yaxın olanı Lütfi Zadənin məntiqidir.
Qeyri-səlis məntiqin tətbiq sahələri o qədər çoxdur ki, hamısını göz önünə gətirəndə aydın olur ki, gündəlik həyatımıza daxil olan və ətrafımızdakı yüzlərlə, minlərlə cihaz və qurğu məhz qeyri-səlis məntiq nəzəriyyəsinin müddəaları və prinsipləri əsasında işləyir. Təbii ki, bütün bunların arxasında vətəninə və millətinə bağlı bir həmyerlimizin, yəni Lütfi Zadənin (1921-2017) olması, həmçinin, öz vəsiyyətinə görə məhz anadan olduğu Bakıda dəfn edilməsi insanı bu dahi elm adamına daha da yaxın hiss etdirir.


Nazim Mustafayev