Aygün Akıfqızı 

Yəqin ki, o da hansısa şəhidin dəfn mərasimində iştirak edəndə bu misalı çəkirdı: "Şəhidlər ölməz, Vətən bölünməz". Ya da ailəsi hansısa şəhid ailəsinə ürək-dirək verəndə bu sözləri deyirdı: "Məkanı cənnət olsun. Hər kəsə şəhidlik qismət olmaz"... Amma o anda nə onun, nə də ailəsinin ağlına gəlmirdi ki, bir gün gələcək və bu sözlər onun da ünvanına səslənəcək. Yəqin ki, siz də bir anlıq ürəyinizdə söhbətin kimdən getdiyini öyrənmək istədiniz. Bəli, söhbət ondan gedir. Kadrlardan birində kameranı ştativi ilə birgə çiynində tutaraq: "Biz gedirik. Qismət olsa, qayıdacağıq", ya da "Mən çəkdiyim o kadrları 1 milyon məcburi köçkünün hissini yaşaya-yaşaya çəkirəm. Hamısına 50 milyon Azərbaycan xalqının gözü ilə baxıram. Onların görmək istədiklərini çəkirəm", - deyən şəhidimizdən... Müharibədən sonra Kəlbəcər rayonunda minaya düşərək şəhidlik zirvəsinə ucalan operatorumuzdan... Şəhid operatorumuz Sirac Abışovdan...

Sirac Abış oğlu Abışov 29 avqust 1989-cu il tarixdə Qubadlı rayonunun Dondarlı kəndində dünyaya göz açır. 1996-cı ildə Çingiz Mustafayev adına Sumqayıt şəhər 40 saylı tam orta məktəbə qəbul olur, 2007-ci ildə həmin məktəbdən məzun olur. Elə həmin il Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna daxil olur. 2009- cu ildə "Gömrük ekspertizası" ixtisası üzrə tam kursu bitirir.

Media sahəsinə olan marağı onu 2010-cu ildə Azərbaycan Dövlət Televiziyasına aparır. Daha sonra Sirac Abışov bir müddət Yurd TV-də, ardınca da 5 il APA TV-də gecə növbəsində işləyir. 2019-cu ildə isə yenidən Azərbaycan Dövlət Televiziyasına qayıdır.

Vətən Müharibəsindən sonra noyabr ayından etibarən işğaldan azad olunmuş rayonlarda yaradılmış "Xüsusi Çəkiliş Qrupu"nun tərkibində yer alır. Ordumuzun nəzarətində olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Xocalı və Xocavənd rayonlarının bütün ərazilərində dövlət əhəmiyyətli çəkilişlər edir. Növbəti çəkiliş məkanı isə özünün də dediyi kimi "əsrarəngiz təbiətə malik olan Kəlbəcər" rayonunda olur. Bir neçə gün Kəlbəcərdə işləyən qrupun növbəti çəkilişi 4 iyun 2021-ci il tarixdə Susuzluq kəndindən başlayır. Lakin kənd ərazisinə daxil olarkən heyəti aparan "Kamaz" markalı nəqliyyat vasitəsi ermənilərin tank əleyhinə basdırdığı minaya düşür. Və o, Vətən sevgisi ilə çıxdığı yoldan şəhidlik məqamı ilə qayıdır.

Sirac Abışovla yanaşı həmin hadisədə "Kamaz"ın sürücüsü Arif Əliyev və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov da şəhidlik zirvəsinə ucalır. Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni" və "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilir. Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır. Ailəlidir. Özgür adlı bir oğlu var.

Şəhidimizlə bağlı daha ətraflı məlumat almaq üçün qardaşı Şirzad Abışovla həmsöhbət olduq. O, Siracın mehribanlığından, ailəcanlığından, zarafatcıllığından danışdı: "Sirac çox mehriban, ailəcanlı, zarafatcıl bir oğlan idi. Hər kəslə dil tapırdı. Hələ bu vaxta kimi heç kim deyə bilməz ki, Sirac onun xətrinə dəyib və ya qəlbini sındırıb. Qohum, ailə məclislərində xüsusi yeri var idi. Zarafatları çox məzəli olurdu. Özü hansısa bir sözü deyir, ancaq heç gülmürdü. Bir sözlə, sözü yerində deməyi bacarırdı".

Şirzad Abışov qardaşının bu xüsusiyyəti ilə bağlı kiçik bir xatirəsini də danışdı: "Siracın şəhid olmasından 14 gün əvvəl Qubadlı rayonunun Dondarlı kəndində, yəni, öz kəndimizdə idik. Bizim dayımız da 1994-cü ildə Ağdamın Güllücə kəndində şəhid olmuşdu. Biz əvvəlcədən onun xatirə lövhəsini hazırlayıb kəndə aparmışdıq ki, dayımgilin evlərindən asaq. Uçuq evi birtəhər tapdıq. Evin divarları köhnəlmiş, keyfiyyətini itirmişdi. Ona görə də, şəkli mismarla daha möhkəm tutan yerdən vurmalı olduq. Ancaq elə oldu ki, şəkil divarda bir az əyri dayandı. Kənardan baxıb: "Qaqa, bu bir az əyri oldu axı", - dedim. Mənə: "Nə olsun əyridir, sən çalış, düz bax", - cavabını verdi. Güldüm, dedim: "Bəsdir, yenə filosofluğun tutmasın".

Müsahibimiz dedi ki, qardaşını tez-tez yuxuda görür: "Mənim teztez yuxuma gəlir. Hər dəfə də yaxşı görürəm. Heç nədən narazılığı olmur. Hətta bir dəfə mənə dedi ki, narahat olmayın, hər şey yaxşıdır. Dedim, "Onda niyə gəlmirsən? Gəl evə, hamı səni gözləyir. Dedi, "Vallah, gələ bilmərəm, amma Allaha and olsun, hər şey yaxşıdır. Sizin yanınızdayam". Danışdıqlarımda pafos yoxdur, qardaşım Siracın timsalında bir daha əmin oldum ki, şəhidlik zirvəsinə seçilmişlər ucalırlar".

Yaşda özündən bir il kiçik olan Siracı qardaşı bu gün özündən böyük sayır. Deyir: "Sirac məndən yaşca bir yaş kiçik olsa da, bu gün o, məndən böyükdür. Həm də çox böyük. Bilirsiniz, niyə? Çünki Sirac mənə çox nadir hallarda nəsihət kimi nə isə deyib. Ona görə də, konkret olaraq yadımda qalmayıb. Amma elə axırıncı dəfə dayımgilin həyətində "Sən çalış, düz bax" sözünü bir nəsihət kimi nümunə gətirmək olar. Sirac məndən cəmi bir yaş kiçik idi. Ancaq Allah şahidim olsun ki, o mənim sözümdən bir dəfə də olsun, çıxmamışdı. Mənə cavab qaytarmamışdı. Hansısa xoşuna gəlməyən bir hərəkətim olsa belə, onu mənə anam vasitəsilə çatdırardı. Bu cür bir qardaşın, bir oğulun, bir şəxsiyyətin mənəvi böyüklüyünü necə dərk etməmək olar?!"

Ətrafımızda tanış olduğumuz şəhid yaxınlarının sözlərini xatırlasaq, görərik ki, bu vaxta kimi haqqında danışılan şəhidlərimizin heç biri barəsində əskik söz deyilməyib. Hamısının da bir-birindən gözəl məziyyətlərindən bəhs olunub.

Həmsöhbətimizin qardaşı ilə bağlı son sözləri isə bu oldu: "Biz Siracı heç vaxt xatırlamırıq, çünki onu heç vaxt unutmuruq. Həmişə xatirimizdədir. O gün şəhid olmağının 1 ili tamam oldu. İnanın mənə, o gündən bu günə qədər elə bir gün yoxdur ki, səhər yuxudan gözümü açanda o günə Siracın adı ilə, Siracın xatirəsi ilə başlamayım. O başqa bir oğul idi. Həqiqi qardaş dediyin məhz Sirac idi. Həm də sözün bütün mənalarında... Həyat tərzi, həyata baxışı və ən əsası, öz həyatı ilə sübut etdi ki, ona dünyadan başqa cür köçmək yaraşmazdı. Sirac şəhidlik zirvəsinə valideynlərinə olan məhəbbəti, vətəninə, torpağına, xalqına olan sevgisi ilə ucaldı. Heç kim o zirvəni heç nədən qət edə bilməz. Həqiqətən də, bu belədir".

Adətən, şəhid yaxınları şəhid olacaq şəxsə nə isə olacağını əvvəlcədən hiss edirlər. Budəfəki qəhrəmanımızın da hekayəsində eyni hadisə baş verdi və bu hissi ən birinci şəhid qardaşımızın anası yaşadı. Axı, o anadır. Balasına nə isə olacağını necə hiss etməsin? Can parçasının şəhid olacağını necə duymasın?.. Azadə ana da həmin gün çox narahat idi və heç cür özünə yer tapa bilmirdi. Sanki o, oğlundan nə isə xəbər gələcəyini hiss edirdi. Deyirlər ki, Azadə ana həmin gün bədənində bir nasazlıq hiss edir. Sanki onda bədəni doğranırmış kimi bir hiss oyanır. Və yanındakı qohumunun telefondakı şəxslə həyəcanlı danışığı ağlına ilk oğlunu gətirir. Ona görə də, tələm-tələsik: "Siraca nə isə olub?" - deyə soruşur. Qohumu: "Heç bir şey", - desə də, gəlininin ağlayaraq ona dediyi sözlərdən hər şey məlum olur...

Şəhid olan bu qrup mənə bir anlıq öz ölüm anını çəkən şəhid jurnalistimiz Çingiz Mustafayevi xatırlatdı. O şəhidlərimiz necə yaddaşımızdan silinmədisə, bu şəhidlərimiz də heç vaxt yaddaşımızdan silinməyəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!..