Əli Çərkəzoğlu 

İbadətlərin mahiyyətini tam olaraq ancaq Allah (c.c.) bilir, amma bizə də bildirdiyi bəzi mühüm məqamlar var. Qurban ibadətinin mahiyyətini qısa şəkildə belə ifadə edə bilərik: Allahın əmri hər cür dünya nemətindən, zövqündən üstündür. Qurban kəsilən heyvan əl əməyinin, alın tərinin nəticəsidir. İnsan çalışaraq əldə etdiyi dünya nemətini Allah yolunda qurban kəsir və ehtiyacı olanlara paylayır və bununla da sübut edir ki, hər şeyin sahibi olan Allah üçün hər cür dünya neməti fəda edilə bilər. Ən mühüm olan odur ki, Allah səndən, sənin əməllərindən razı olsun.

- Qurban etmək - qurban olmaq istəməkdir. Hər kəs həyatını fəda etməyə hazır olduğu varlığın, ünvanın qurbanıdır. Qurban - sevgidir, sevdadır, bir istək, bir bağlılıqdır. Qurban - sədaqətdir, könül verib bağlandığın dərgahdan ayrılmadan son nəfəsini də o qapıda kəlmeyi-şəhadətlə verib can əmanətini həqiqi Sahib olan Allaha təslim etməkdir.

- Qurban - səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah (c.c.) o qurbanı qəbul buyurdu; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurban ayırdı, Allah onun qurbanını rədd etdi. Sanki qaytarıb üzünə çırpdı. Allah üçün verəcəksənsə, imkanın çatanın ən gözəlini ver. Yəni, əsas məsələ nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaqdır.

- Qurban - həqiqi Sahibi tanımaqdır. Hər şeyin Allahın mülkü olduğunu bir daha idrak etmək və bu həqiqətə inandığını nümayiş etdirməkdir. Allahın əmanət olaraq verdiyindən bir hissəni Onun rizasını qazanmaq üçün verə bilməkdir.

- Qurban - bərəkətlənməkdir, əlindəki əmanəti bərəkətləndirməkdir. Malı verən Allah onun bərəkətini də verir. Bəzən çox görünən mal az xeyirli olur, bəzən də az görünən malın bərəkəti bitib-tükənmək bilmir. Allah üçün fəda etmək üzüm tənəyini budamaq kimidir, zahirən az görünsə də, səmərəsi artıq olur. Ağıllı adam şəklə yox, səmərəyə talib olar.

- Qurban - ruhun təntənəsi, nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində, qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilirsə, Allaha yaxınlaşması da elə o nisbətdədir.

- Qurban - şahidlikdir. Allaha inanmamaq, Onun bəndələrinin dərdinə əlac etməyin bir gün mükafatlandırılacağını düşünməmək, o heyvanı Allaha yaxınlaşmaq niyyəti ilə deyil, tarixi ənənə anlayışı ilə kəsmək kəsənə bir şey qazandırmaz.

- Allah yolunda şəhid olmaq da elə Allaha qurban olmaqdır. Allah (c.c.) bəlkə elə buna görə buyurur ki, şəhidlərə ölü deməyin, onlar Allah qatında hər cür nemətə qovuşurlar. 

♦♦♦ 

- Allah buyurur ki, O, insana insanın boynunun şah damarından da yaxındır. Yəni, qurbanda nəzərdə tutulan qulun Allaha yaxınlaşmasıdır. Allah (c.c.) onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olması, hələ bəndənin Allaha yaxın olması demək deyil.

- Allah buyurur ki, əgər bəndə Allaha yaxınlaşmaq niyyəti ilə əmr olunduğundan da artıq ibadət etsə, Allah o quluna elə yaxınlaşar ki, onun görən gözü, eşidən qulağı, yeriyən ayağı, tutan əli olar.

- Allah onu da buyurur ki, bəndəsi Ona tərəf bir addım atsa, O, bəndəsinə tərəf on addım atar; bəndə Allaha doğru yeriyərək getsə, Allah onu qarşılamağa qaçaraq gələr. Elə düşünürük ki, bu qədər müjdə, içində fitnə olmayan hər qəlbi doyurmaq üçün kifayətdir.

♦♦♦ 

- Kəbə - Allah evidir, amma insan əlinin sənətidir; qəlb - insana əmanətdir, amma Allahın əsəridir. Allah insana namazı, orucu, zəkatı, Həcc ziyarətini, qurbanı əmr edəndə onun qarşısında iki yol açır: onu həm Allaha yönəldir, həm insanlara.

- Quranda açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbanın nə əti, nə qanı Allaha yetişər, yəni Allahın onların heç birinə ehtiyacı yoxdur. Allah (c.c.) hər cür ehtiyacdan azaddır, heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər verər, qullarının nə qədər həssas, nə qədər səmimi olmasına dəyər verər.

♦♦♦ 

Allah buyurur:

- Ya Musa, yanına ac gəlmişdim, Məni doyurmadın.

Musa Peyğəmbər heyrət içində boğulur:

- Bu necə ola bilər ki, ey Rəbbim? Sən ki, hər cür ehtiyacdan uzaqsan.

Allah buyurur:

- Ya Musa, filan bəndəm gəlmişdi, o Mənim dostumdur, Mən onun qəlbində idim. Sən onu yedirmədin. Onu yedirsəydin, Məni yedirmiş kimi olacaqdın.

Sözün bitdiyi, duyğuların tükəndiyi yer! Bu sevgiyə, bu mərhəmətə qurban olmaq belə az gəlir!

♦♦♦ 

- Rəsulullah buyurur ki, qulun namazı da, orucu da, duası da Allaha təqdim etdiyi qurbandır. Düşünürsünüzmü, qıldığın namazın da qurbandır, tutduğun orucun da qurbandır, gizlində bir cüt göz yaşının müşayəti ilə Allaha yalvarmağın da qurbandır, könül açmaq üçün bəxş etdiyin təbəssümün də qurbandır, yıxılan birinin qolundan yapışmaq da qurbandır, bir xəstəyə ürək-dirək vermək də qurbandır, sevgi də qurbandır, səmimiyyət də qurbandır... Mərhəməti Sonsuz olan Allah öz bəndəsinin üzünə nə qədər çox qapılar açır, açır ki, yaxınlaşmaq niyyəti olan bəndə o qapıların birindən keçib Rəbbinə yaxınlaşsın.

♦♦♦ 

- Hər kəs uğrunda canını verməyə hazır olduğunun qurbanıdır. Qurban vermək qurban olmaqdır, həm də sevə-sevə qurban olmaq, qurban olmaqda nicat taparaq qurban olmaq. Füzuli deyir:

Aşiq oldur kim, edir canın fəda cananına.

Meyli-Canan etməsin, hər kim ki, qıymaz canına.

Yəni: Aşiqlik canı Canana, yəni Allaha qurban etməkdir. Canını qurban etməyə qıymayan, heç Allaha yaxınlaşmağı ağlına da gətirməsin. Füzuli də qurban olmağı bu cür anlayır və ifadə edir. Allah (c.c.) bizə Allaha qurban olmaq şərəfini nəsib etsin, çünki faninin, yəni insanın, Baqiyə, yəni Allaha qurban olması, onun üçün ən böyük dəyər, ən böyük xoşbəxtlikdir, elə əbədiyyət tapmasıdır.

♦♦♦ 

Qurban kəsiləcək heyvanlar haqqında... 

Beş növ heyvan qurban kəsilər: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi 1 yaşından az olmamalıdır, əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi görünməlidir.

Qurban kəsiləcək inək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşında olmalıdır. Bir inəyi, bir camışı və ya bir dəvəni yeddiyə qədər adam birləşərək ortaq qurban kəsə bilər. Bir adam istəsə, təkbaşına bir inəyi də, bir camışı da, bir dəvəni də öz adından qurban kəsə bilər.

- Qurban kəsiləcək heyvanlar xəstə, qocalıb əldən düşmüş, şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, amma bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir.

- Quşlardan və ov heyvanlarından qurban kəsmək olmaz. Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır.

- Qurbanın nə əti, nə dərisi, nə baş-ayağı satıla bilməz. Satılsa, qurban olmaz. Qurban satılmaz, ehtiyac olan yerlərə pay verilər.

Qurban Bayramınız mübarək olsun! Allah bu gözəl bayramla dünyamıza, ölkəmizə xeyir-bərəkət, bizə də iman gücü versin! Amin!