Rəvan Məmmədov 

1942-ci il... Gülhüseyn Abdullayev, İsmixan Rəhimov və Hacı Zeynalov adlı üç gənc "İldırım" adlı təşkilat qururlar. Onların əsas məqsədləri Azərbaycanı SSRİ-dən ayırmaq olur. Bu istiqamətdə işə başlayırlar və daha sonra bir neçə nəfər də həmin təşkilata qoşulur. SSRİ kimi təhlükəli bir yerdə, dövlətin göz qırpmadan insan öldürdüyü bir vaxtda belə bir təşkilatın qurulması vətən sevgisinin ancaq çox yüksək həddə olduğu insanlarla mümkün idi. Qrup daha sonra hətta Səməd Vurğuna da məktub yazır və ondan Azərbaycanın SSRİ-dən ayrılması istiqamətində kömək istəyir. "İldırım" təşkilatı haqqında maraqlı faktları təqdim edirik...

1942-ci ildə qurulan təşkilatın 8 nəfərlik üzvündən biri şərqşünas İsmixan Rəhimov idi. O, 1925-ci il sentyabr ayının 18-i Bakı şəhərində anadan olmuşdu. Azərbaycanın məşhur tərcüməçi, dilçi alimi idi. Musa Abdullayev isə 1927-ci il dekabrın 27-də Masallı rayonunun Qızılağac kəndində dünyaya gəlmişdi. Azəbaycanda tanınmış həkim idi. Digərləri mühəndis Hacı Zeynalov, Kamal Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev və yazıçı Gülhüseyn Abdullayev idi.

Bu təşkilatın əsas məqsədi Azərbaycanı Sovet İttifaqından ayırmaq, öz milli-mənəvi dəyərlərimizə qayıtmaq və Azərbaycan dilini dövlət dılı səviyyəsinə qaldırmaq idi. Həyatlarının ən gənc dövründə birləşən və SSRİ-yə qarşı çıxan bu insanlar tarixin sonrakı dövrlərində maraqla yad ediləcəkdilər. Çünki SSRİ, DTK deyəndə insanların qorxuya düşdüyü bir vaxtda bir qrup gəncin belə bir təşəbbüs göstərməsi müsbət mənada ağlasığmaz idi. Təşkilatda yeganə yazıçı Gülhüseyn Hüseynoğlu (Abdullayev) idi. Onun əsas vəzifəsi xalq içərisində olmaq, onlarla iş apararaq SSRİ-dən ayrılmağa və müstəqil olmağa hazırlamaq idi. Məlumata görə, təşkilat üzvləri 10-11 dəfə yığıncaq keçirirlər. Yığıncaqlardan bir neçəsi Hacı Zeynalovun İçərişəhərdə yerləşən evində keçirilir. Gənc mübarizlər hər dəfə yığıncaq vaxtı toplaşır və gördükləri işlər barədə fikir mübadiləsi aparırlar. Təşkilatı böyütmək, insanları azadlığa səsləmək, SSRİ-dən qurtulmaq barədə danışan "İldırım"çılar bir müddət müxtəlif istiqamətlərdə fəaliyyət göstərdikdən sonra təşkilat üzvləri qərara gəlirlər ki, həmin vaxt məşhur şair Səməd Vurğunla əlaqə saxlasınlar və tutduqları bu yolda ondan kömək istəsinlər. Bu təbii ki, olduqca təhlükəli bir addım idi. Ona yazılan məktub SSRİ xüsusi xidmət orqanlarının əlinə keçə bilərdi. Bu isə heç şübhəsiz bütün təşkilat üzvlərinin sonu demək idi. Ancaq "İldırım"- çılar qəti qərar qəbul edirlər və İsmixan Rəhimov Gülhüseyn Hüseynoğlunun diktəsi ilə çap hərflərinə bənzər bir xəttlə məktub yazır. Həmin məktub Ziya Bünyadovun "Qırmızı terror" kitabında olduğu kimi çap olunmuşdur. Məktubun bir hissəsini təqdim edirik:

"Hörmətli Səməd Vurğun! Bu məktub sizə Azərbaycanın azadlıq və istiqlaliyyətini, sərbəst inkişafını düşünən, arzulayan və öz həyatını bu yolda qurban verməyə hazır olan gənclərin adından yazılır. Hörmətli Səməd, bu məktubu yazan bizlər - zəncirlənmiş Azərbaycan xalqının vətənpərvər gəncləri çox şadıq ki, bizim bu cür ağır şəraitdə olsa belə, böyük sənətkar şairimiz var. Biz sizinlə, sizin sənətiniz və tutduğunuz amalla fəxr edirik".

Məktubun davamında gənclər Azərbaycanın keçmişi və hazırda düşdüyü vəziyyətindən danışırlar:

"Hörmətli Səməd, nə üçün vaxtilə bütün dünyada dahi şairləri ilə tanınmış Azərbaycan indi, sovet cümhuriyyəti qurulduğu bir dövrdə 60 üzvü olan Yazıçılar İttifaqına malik olsun? Nə üçün öz Vətənində əsarət və ehtiyac içində yaşayan azərbaycanlı öz milli hüquqlarından istifadə etməsin? Buna səbəb azərbaycanlıların özləridirmi?

Əcnəbi balaların təhsil almağa hər cür imkanları olduğu halda, böyük zəkaya, zehnə malik azərbaycanlı uşaqların səhərdən axşama kimi bir parça çörək üçün avara qalmalarına səbəb nədir?"

Gizli məktub belə bir cümlə ilə sona çatır:

"Hörmətli Səməd! Əgər siz bizim bu fikirlərimizin heç olmasa biri ilə razılaşırsınızsa, o zaman bunu bizə bildirmək məqsədilə Azərbaycan şərəfinə "Vətən ulduzları" adlı bir şeir yazın. Biz yalnız o zaman fəxr ilə əmin ola bilərik ki, müasir şeirimizin atası bizim səsimizə səs verdi. 11 may 1944-cü il".

Məktuba "Dönməzlər" imzası qoyulur. İsmixan Rəhimov məktubu xüsusilə çap hərflərinə bənzər hərflərlə yazır ki, arzuolunmaz şəxslər həmin məktubu ələ keçirsələr belə, kimin yazdığını bilməsinlər. Ancaq hadisələr fərqli istiqamətdə cərəyan etməyə başlayır. Mütəxəsisslər araşdırma aparırlar və İsmixanın xəttini minlərlə tələbə arasından tanımaq mümkün olur. Təşkilat uzun müddət Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təqib olunur və ilk olaraq İsmixan Rəhimov həbs edilir. Daha sonra Gülhüseyn Hüseynoğlu və digərlərini həbs edirlər. 1949-cu ilin yanvarında təşkilatın sonuncu üzvü də həbs olunur.

Ali Məhkəmənin qərarı ilə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və Hacı Zeynalova güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyü üçün hökm 25 il həbslə əvəz olunur. Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər. Tanınmış yazıçı Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox işlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar azadlığa buraxılırlar.

"İldırım" təşkilatı artıq tanınmış və tarixə düşmüş bir təşkilatdır. İlk dəfə "Azərbaycan gəncləri" qəzetinin 17-18 mart 1990-cı il tarixli saylarında akademik Ziya Bünyadov həmin təşkilat haqqında yazır. Ziya Bünyadov "İldırım" adlı geniş məqaləsinə "Dostum Hacı Zeynalovun əziz xatirəsinə" adlı qeydlə başlayır. O, həmçinin məqalədə bildirir ki, yazı "İldırım" adlı anti-sovet əks-inqilabi millətçi tələbə gənclər təşkilatının 1948- ci ildə "ifşa" olunmasına həsr edilmişdir. Məqalə qəzetin ardıcıl iki sayında dərc olunur. Daha sonra Ziya Bünyadovun 1993-cü ildə çap olunan "Qırmızı terror" kitabında da təşkilat haqqında geniş məqalə yer alır. Orada təşkilat üzvlərinin gördükləri işlər, istintaqda verdikləri ifadələr, protokollar və sair əks olunur.