İntihar bu gün qloballaşan dünyada ən ciddi problemlərdən biridir. Psixoloji bataqlıqda olan birini daha da dərinə aparan bu yol barədə tədqiqatçılar xarici ölkələrdə çox sayda araşdırmalar aparırlar. İntiharların qarşısını almaq üçün getdikcə daha fərqli yollar axtarılır, daha fərqli xüsusiyyətlər araşdırılır. Tədqiqatçılar bildirirlər ki, bu prosesin qarşısının alınması üçün ən vacib məqam kimlərin o yola nə vaxt əl atacağını dərindən öyrənməkdir. Mütəxəssislər deyirlər ki, intihar etmək istəyən bir insanı görəndə onları dinləyin və problemlərini ciddi şəkildə anlamağa çalışın. Onların planları haqqında suallar verməkdən çəkinməyin. Onlara qayğı göstərdiyinizi bildirin və tək olmadıqlarını hiss etdirin. Onları dərhal peşəkar bir mütəxəssisdən kömək istəməyə təşviq edin. Biz də intiharlar və onların qarşısının alınması yolları ilə bağlı kiçik bir araşdırma apardıq. Məsələ ilə bağlı psixoloq, sosioloq və ilahiyyatçı ilə əlaqə saxladıq.
Psixoloq Elnur Rüstəmov bildirdi ki, intiharların səbəbləri kimi müxtəlif faktorları qeyd etmək olar. Kimlərin intihara meyilli olması, kimlərin meyilli olmaması da daim araşdırma mövzusudur:
"Statistikaya görə, intihara meyilli insanlar daha çox tənha, müxtəlif ağır xəstəlikdən əziyyət çəkən insanlardır. Eyni zamanda, burada genetik faktorlar da qabardılır. Zərərli vərdişlərdən asılı olan insanları da bura daxil edirlər. Ancaq əsas intihar səbəbi kimi insanın öz sabahını görə bilməməsi göstərilir. Yəni, insan ümidsiz vəziyyətdə olur, sabahını düşünə bilmir və intihar edir. Ana hədəf və ya ana səbəb budur. Bir şeyi də deyim ki, həm ölkəmizdə, həm də xarici dövlətlərdə intihar edən insanlar arasında artım müşahidə olunur. Bu artım bir çox istiqamətdə gedir. Yuxarıda bəzi məqamları qeyd etdik. Ancaq biz bu gün intihar edənlər içərisində uşaqları və yeniyetmələri də görürük. Hansı ki, onların gələcəyi qabaqdadır. Biz intihar edən insanlar içərisində sağlam insanları da görürük. Onlar heç bir xəstəlikdən əziyyət çəkmirlər. Biz bu gün intihar edən insanlar içərisində heç bir zərərli vərdişi olmayan insanları da görürük. Bunun kimi digər məqamlar da var. Bu isə göstərir ki, intiharın digər müxtəlif səbəbləri də ola bilər".
Psixoloqun sözlərinə görə, bu gün kəskin stress də insanları bu dəhşətli yola apara bilər. Yaşadığımız informasiya əsrində insanların gün ərzində daha çox informasiya alması onların emosiyalarının daha çox dəyişməsinə gətirib çıxarır. Təəssüf ki, bu da bir çox insanın psixologiyasına mənfi təsir göstərir:
"Bu gün heç kimə sirr deyil ki, ailədaxili konfliktlər, boşanmalar, zorakılıqlar hansısa formada həmin ailədə böyüyən insanların psixologiyasına təsir edir. Dolayısı ilə, həmin insanlarda yaşamaq eşqi azalır. Bu da insanda depressiyaya, əhvali-ruhiyyənin aşağı düşməsinə, sonda intihar hallarına gətirib çıxarır. Eyni zamanda, bu gün biz görürük ki, zərərli vərdişlərin bir çox hallarından əziyyət çəkən insanlar var ki, bu da intihar riskini artırır. Ümumən mütəxəssislər bu gün intiharların daha geniş yayılmasının səbəbi kimi informasiya əsrində yaşamağı və insanlar arasındakı münasibətlərin daha çox maddi bağlar üzərində qurulmasını, insanların bir-birinə qarşı özgələşməsini və s. qeyd edirlər. Həmçinin, biz bunları doğmalar arasında da, ailə arasında da görə bilərik".
Elnur Rüstəmov qeyd etdi ki, bütün bu proseslərin qarşısını almaq üçün daha çox qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Bu istiqamətdə maariflənmək qaçılmazıdr. İnsan bilməlidir ki, ümidsiz, çarəsiz olanda hansı dəstəyi ala bilər. Burada yaxın və doğmalar tərəfindən göstərilən dəstəyə, həmçinin, peşəkar mütəxəssis dəstəyinə ehtiyac var:
"Peşəkar mütəxəssis dəstəyi də insan üçün əlçatan olmalıdır. İnsanın bu cür çətin dövrlərində müraciət edə biləcəyi bir ünvan olmalıdır. İnsan əgər özünü pis hiss edirsə, yaxınlarından da məsləhət və ya kömək almalıdır. Yox, əgər bu dəstəyi almaqda çətinlik çəkirsə, peşəkar dəstəyi göstərilməlidir. Bununla bağlı kifayət qədər dünya təcrübəsi var. Biz bunun bir neçəsini ölkəmizdə tətbiq edə bilərik. Bunun üçün, ilk növbədə, etimad telefonu işə salınmalıdır. Eyni zamanda, əhali bu etimad telefonu haqqında məlumatlandırılmalıdır. İnsanlar ondan rahat şəkildə istifadə etməlidirlər. Ölkənin harasında yaşamasından asılı olmayaraq insanlar həmin etimad telefonundan istifadə edə bilməlidirlər və orada işləyən peşəkarların dəstəyini almalıdırlar. Bununla bağlı sosial çarxlar çəkilməlidir, maarifləndirmə işi aparılmalıdır. Bu gün bu istiqamətdə həm maarifləndirmə işi aparmaq, həm də profilaktik tədbirlər görmək üçün kifayət qədər imkanlar var. Sadəcə olaraq, bunu həyata keçirmək üçün yaxşı mənada iradə lazımdır. Əgər belə olsa, bu metod qabaqlayıcı tədbir kimi öz müsbət tərəflərini göstərə bilər".
İntiharlar birbaşa maddi vəziyyətlə bağlı deyil. Maddi vəziyyətlə hansısa bağlılığı ola bilər, ancaq o prosesdə aparıcı faktor deyil. Bu prosesdə sosial faktor da qeyd olunur, iqtisadi faktor da qeyd olunur. İntihar göstəricilərinə görə, dünyada birinci yeri şimali Avropa ölkələri tutur. Orada insanların maddi vəziyyəti kifayət qədər yüksəkdir. Həyat şəraiti kifayət qədər yaxşıdır. Oradakı araşdırmalar da göstərir ki, intiharın əsas səbəbi insanlar arasındakı mənəvi bağların zəifləməsi, insanların həyatda məna görə bilməməsi, həmçinin, insanların bir-birilərinə qarşı özgələşməsidir. Elnur Rüstəmov bildirir ki, bir çox insan ömründə bir dəfə də olsa, intihar fikrində olur:
"Diqqət edin, burada intihara cəhd yox, sadəcə olaraq, intihar fikri qeyd olunur. Ancaq həmin fikri arxa plana keçirən, unutduran insanın həyat eşqidir. Əgər bizim həyat eşqimiz nə qədər üstün olsa, o qədər pis fikirlərdən uzaq olarıq. Heç kimə sirr deyil ki, insanlar uzun illər islah əmək düşərgələrində olurlar. Ancaq onlar heç də intihar haqqında düşünmürlər. Bunun tam əksinin də şahidi oluruq. İnsan azadlıqdadır, bütün maddi təminatı yaxşıdır, ancaq intihara cəhd edir. Bütün bu fikirlərdən qurtulmaq üçün insanda yaşamaq eşqini ortaya çıxarmaq lazımdır. Bununla birgə insanın psixoloji vəziyyəti formalaşdırılmalıdır. Ən vacibi isə insanın həyata verdiyi bir məna olmalıdır. Bu yerdə çox yaxşı bir kitab tövsiyə edərdim. Viktor Franklın "İnsanın məna axtarışı" kitabını. Düşünürəm ki, o kitab həyatına məna qatmaq istəyən insanlar üçün çox yaxşı metodik dəstək ola bilər. Əgər hər hansı bir insanda intihar fikirləri varsa, düşünürəm ki, onun ən yaxınları ilkin dəstək göstərməlidirlər. O şəxslə söhbətlər aparmalı, sonra mütləq şəkildə peşəkar mütəxəssis dəstəyi almalıdırlar. Biz praktikada da görürük ki, intihar edənlərin bir qismi bir neçə dəfə həmin prosesə cəhd edən insanlardır. Əgər bir insan intihara cəhd edirsə, onun təkrar intihar etmək ehtimalı çoxdur. Bu prosedə mütləq şəkildə psixoloji dəstək göstərilməlidir ki, həmin insanın düşüncəsindəki fikir dəyişsin".
Psixoloq bizimlə söhbətində vurğuladı ki, insanı həyatda saxlayan onun dəyərlər sistemidir. Onun dəyərlər sistemi nə qədər əsaslı, nə qədər köklü olsa, o insanın həyat eşqi də bir o qədər güclü olar. Bu, insanla bağlı bir məqamdır. Bütün hallarda biz yeni dövrün çağırışlarını anlamalı, qəbul etməliyik:
"Yaşadığımız əsri, baş verənləri ilkin səviyyədə də olsa, anlamağa çalışmalıyıq. Və bunun üzərində dəyərlərimizi, prinsiplərimizi formalaşdırmalıyıq. Düşünürəm ki, biz bunu nə qədər yaxşı edə bilsək, yaşamaq eşqimiz də bir o qədər üstün olar. Görünən də odur ki, bu gün bütün psixoloqlar əsasən düşüncənin üzərində dayanırlar. Düşüncəmiz nə qədər pozitiv olsa, həyat eşqimiz də o qədər artar. Təhsil fasiləsiz olmalıdır. İnsan ömür boyu öyrənməlidir. Sağlamlıq vacib prioritet məqam olmalıdır. Mənəvi dəyərlər aparıcı məqam olmalıdır. Ünsiyyət vacib məqam kimi qəbul edilməlidir".
İnsanlar intihar səbəbi kimi maddi vəziyyəti də göstərirlər. Bəs, həqiqətən də, insanın yoxsul olması onun intihar etməsinə səbəbdirmi? Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq. O bildirdi ki, intiharların əsas səbəbi dünyada gedən qloballaşmadır:
"Bu proses cəmiyyəti mürəkkəbləşdirir. Nəticədə, insanlar həssaslaşır, psixoloji sarsıntı keçirənlərin sayı artır. Belə olan halda bir çox insan cəmiyyətdə özünə yer tapa bilmir. İnsanın davranışında 4 mühüm amil əsas rol oynayır. Birincisi, insanın öz fərdi xüsusiyyətləridir, ikincisi, yaşadığı mühitdir, üçüncüsü, aldığı informasiyalardır, dördüncüsü isə üstünlük verdiyi dəyərlərdir. Xüsusilə, mənəvi dəyərlərə üstünlük verən insanlar bunu etmirlər. Bura dini dəyərləri də əlavə etmək olar. Güclü imanı olan insanlar intihar etmirlər. İnsanların maddi vəziyyətlərinə görə intihar etdiklərini söyləyənlər çox səhv edirlər. Çünki təkcə maddi vəziyyətə görə insan intihar etməz. Bunu tarix də göstərir. İllər əvvəl Azərbaycanda insanların maddi vəziyyəti daha pis idi. O vaxt bu qədər intihar hadisəsi yox idi. Burada əsas rolu mühit oynayır. Elə bir mühit olur ki, insanlar bir-biri ilə maddiyyatla yarışırlar. Bu da onlarda gərginliyin artmasına səbəb olur. Amma elə bir mühit də ola bilər ki, insanlar orada mənəvi dəyərlərə görə yarışa bilərlər. Bu da onların həyatına öz müsbət təsirini göstərə bilər. İnsanlar əvvəllər çoxlu kitab oxuyurdular. Bədii əsərlər insanların həyatında müsbət rol oynayırdı. Biz bura, həmçinin, filmləri də əlavə edə bilərik. Bütün bunlar mənəviyyatla bağlı idi. O vaxtlar biz ancaq insanların ya ağır xəstəlik, ya da namus məsələsində bu yola əl atdıqlarının şahidi olurduq. Başqa heç nə insanları intihara sövq etmirdi".
Əhməd Qəşəmoğlunun sözlərinə görə, intiharların qarşısını almaq üçün həm dünya təcrübəsinə müraciət etmək, həm də yeni elmi metodlardan istifadə etmək lazımdır:
"İntiharların qarşısını almaq barədə mən 10-15 ildir danışıram. İntiharların qarşısını almaq üçün elmi metodlardan istifadə etmək lazımdır. Mürəkkəbləşən, sosiallaşan cəmiyyətdə, artıq 40-50 il əvvəlki metodlarla işləmək olmaz. İndi burada yeni elmi metodlar lazımdır. Bu metodlar artıq Avropa ölkələrində yaranır və inkişaf edir. Bizim ölkədə kimə yeni elmi metodların gətirilməsini, bu metodlardan istifadə edilməsini təklif etsən, biganə yanaşır. Mən sovet dövründə Moskvada işləyirdim. Orada işlədiyim vaxtlarda həmişə yeni metodların tətbiqi məsələləri gündəmdə idi. İndi isə bizdə bu tip problemlərin həlli üçün lazımi işlər görən elmi mərkəzlər yoxdur. Bizim ölkədə bu, böyük bir boşluqdur. Azərbaycanda sosial iş şəbəkəsi yaranmalıdır, inkişaf etməlidir. Hər məhəllədə necə ki, polis var, onun kimi sosial iş qrupu da olmalıdır. Onlar insanlarla işləməlidirlər. Boşanmaların qarşısını almaqda dəstək olmalıdırlar, narkomaniyanın qarşısını almaqda səy göstərməlidirlər, insanların psixoloji problemlərdən qurtulmaları üçün işlər aparmalıdırlar. Onların cəmiyyətə inteqrasiyası ilə maraqlanılmalıdır. İnsanlara elə bir dəstək göstərilməlidir ki, onların sabaha ümidləri artsın. Qeyd etməliyəm ki, bu cür problemlər hansısa məmurun danışması və ya hansısa deputatın təklif verməsi ilə həll olunan məsələ deyil. Bunun üçün xüsusi elmi mərkəzlər işləməlidir".
İntiharlar və onların qarşısının alınması, insanlara mənəvi gücün aşılanması istiqamətində fikirlərini öyrənmək üçün ilahiyyatçı Ağa Hacıbəyli ilə də əlaqə saxladıq. O bildirdi ki, mənəvi üstünlüklər insanlara hələ uşaq yaşlarından aşılanmalıdır:
"İslam dininin təlimatlarında biz öyrənirik ki, insana canı verən Allahdır, Onu yalnız Allah ala bilər. Əgər biz vaxtında öz uşaqlarımızın şüuraltına mənəvi dəyərlərimizi doğru aşılamış olsaq, onlar hansı problemlə üzləşsələr belə, heç vaxt ölümə təşəbbüs göstərməzlər. Çünki onlarda axirət inancı formalaşar. Əbədi həyata inanan insan heç vaxt öz həyatına qəsd etməz. Əgər biz özümüzdə iman məfhumunu formalaşdırsaq, nə özümüzün, nə də başqasının həyatına son qoymağa çalışarıq. Quran ayələrində günahsız bir insanın öldürülməsi bütün insanlığın öldürülməsi ilə bir tutulur. Dinimiz bir qarışqanın belə haqqını qoruyan bir dindir. İnsanın heç bir halda intihar etməsi məqbul deyil. Hətta dinimizdə buyurulur ki, bir insan özünü hansı şəkildə öldürürsə, axirətdə də o şəkildə cəzalandırılacaq. Çünki o canı sənə Allah verir, sən onu ala bilməzsən. Bizim dinimiz söhbət dinidir. İnsanlarla danışmaq lazımdır, təbliğat aparmaq lazımdır. Media orqanları da buna çalışmalıdır. Nəticədə, müəyyən yaşa çatmış və İslamla yaşamamış kəslərə də yardım olunar. Mən bu istiqamətdə atıla biləcək ən yaxşı addımların məktəblərdə atıla biləcəyini düşünürəm. Şagirdlərimiz ən azından dinin əsaslarını öyrənməlidirlər. Müsəlmanın üstünlüklərini özlərinə aşılamalıdırlar. Belə olan halda həmin uşaqlar ömür boyu həmin dəyərlərlə yaşayacaqlar. İnsan həyatı çox dəyərlidir. Onu qorumaq lazımdır. Son ana qədər ailəmizə, yaxınlarımıza, ətrafımıza dəstək olmalıyıq. İntihar insanı yaşadıqlarından daha ağır bir vəziyyətə salır. Bu yolda heç vaxt qurtuluş yoxdur".
Ruslan Yusibov