Yasin Kərimli 
 

44 illik həyatına o qədər böyük uğurlar yerləşdirmişdi ki, insan düşündükcə heyrətə gəlir. Şair, ədəbiyyatşünas, mətnşünas, tərcüməçi, tədqiqatçı, siyasi xadim, publisist, türkoloq, Azərbaycan dilçiliyinin banilərindən biri, ortaq türk əlifbası və ortaq türk dili ideyasının qızğın təbliğatçısı, millət fədaisi və nəhayət 37-ci il repressiya qurbanı, professor Bəkir Çobanzadə...

Bəkir Çobanzadə 1893-cü il may ayının 15-də Krımda, Tavrida vilayətinin Simferopol qəzasının Qarasubazar şəhərində doğulur... Çoban oğlu olan Bəkir özü də 14 yaşınadək çobanlıq edir. O, uşaq yaşlarında bir mollanın evində işləyir və ondan ərəb dilini öyrənir. Quranı, Şərq klassiklərinin əsərlərini oxumağa başlayır. Kənddəki məktəb illəri də Çobanzadə üçün maraqlı xatirələrlə yadda qalır. Belə ki, imtahan vaxtı müəllimi, şair Həsən Səbri onu lövhəyə çağırır. Amma o, əynindəki yamaqlı geyimdən utandığı üçün yerindən tərpənmir. Bunu başa düşən müəllim Bəkirə yaxınlaşır. O isə uca səslə belə deyir:

- Müəllim, nə istəyirsiniz, soruşun. Sədidən, Hafizdən, Füzulidən sual verin, hamısını əzbər deyəcəyəm. Qurani-Kərimdən soruşun...

Həsən Səbri ona yaşına görə çətin suallar verir. Sualları cavablandıran uşaq Həsən Səbrini təəccüb qoyur və o, həmkarını yanına çağıraraq deyir:

- İsmayıl bəy (İsmayıl Qaspıralı nəzərdə tutulur), sən Allah, bir bax, burada bir dərya var!

Onlar uşaqdan adını və soyadını soruşurlar. Adını deyir, soyadı olmadığı üçün duruxub qalır...

Yoldaşları onun çoban oğlu olduğunu deyirlər. Müəllimləri də onun soyadını "Çobanzadə" yazırlar.

Kənddə ibtidai təhsilini başa çatdırdıqdan sonra Müsəlman Xeyriyyə Cəmiyyəti onu İstanbula oxumağa göndərir. 1908-1918-ci illərdə o, burada oxuyur. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini öyrənir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan Tələbə Cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri olur. Burada təhsilini başa vurduqdan sonra Budapeştə gedir. Budapeşt Universitetində doktorluq dissertasiyasını müdafiə edir və 1920-ci ildə 27 yaşında filologiya elmləri doktoru elmi dərəcəsini alır. İki il sonra isə Çobanzadə professor adına layiq görülür. Bu illərdə o, Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında müxtəlif imzalarla ictimai-siyasi və elmi məqalələrini dərc etdirir. Sonralar "Türk ensiklopediyası"nda Çoban oğlu, Bəkir Baybək, Bəkir Yaybək, Bəkir Sidqi kimi imzalarla məqalələri çap olunur. Daha sonra o, İsveçrəyə gedir və bir qədər orada qaldıqdan sonra İtaliyaya keçir. Oradan isə yenə də İstanbula qayıdır.

Çobanzadə vətəninə, yəni, Krıma qayıtdıqdan sonra siyasi fəaliyyətlə məşğul olmağa başlayır. 1917-ci ildə yaradılan və qarşısına Krım-tatar Milli Demokratik Respublikası yaratmaq ideyasını qoyan Xalq Partiyasının ideoloqu, sədri olur. Krımda yaşadığı müddətdə B. Çobanzadə xalqının müstəqilliyi, gənclərin savadlı gələcəyi uğrunda çalışır. Lakin bir müddət sonra fikir ayrılığı meydana çıxır və partiyadan ayrılır. Bir müddət müxtəlif məsul vəzifələrdə işləyir, Krım Universitetinin yaradılmasında böyük rol oynayır və onun rektoru olur. Bəkir Çobanzadə hər yerdə yeni əlifbanın həyata keçirilməsini təmin etmək üçün xüsusi bir komissiya yaradılmasını və bu işlərin vahid bir mərkəzdən idarə olunmasını təklif edirdi. O, həmçinin, Azərbaycanın paytaxtı Bakını belə bir mərkəz kimi qiymətləndirirdi.

Çobanzadənin sonrakı taleyi də bilavasitə Azərbaycanla bağlı olur. O, 1924-cü ilin sentyabrında Yeni Türk Əlifba Komitəsinə rəhbərlik etmək üçün Bakıya dəvət edilir. Bakıya gələn kimi gərgin elmi, pedaqoji və ictimai fəaliyyətə başlayır. O, Bakıda bir sıra vəzifələrdə işləyir: Yeni Türk Əlifbası Komitəsinin elmi rəhbəri, BDU-nun Türk dili və Ədəbiyyatı kafedrasının müdiri, Şərq fakültəsinin dekanı, Maarif Nazirliyi nəzdində Terminologiya Komitəsinin rəhbəri və s. elmi və ictimai işlərdə fəaliyyət göstərir. O, Azərbaycanda işlədiyi 13 il müddətində dilçiliyimizin, ədəbiyyatşünaslığımızın, habelə dil və ədəbiyyatın tədrisi metodikası elminin inkişafına qiymətli töhfələr verir və adı çəkilən sahələrə aid 15 kitab və 100-dən artıq elmi məqalə qələmə alır. Ən əsası isə Azərbaycanda dilçilik elminin gələcək inkişafını təmin edəcək yüksək ixtisaslı milli mütəxəssislərin hazırlanmasında B. Çobanzadənin xidmətləri təqdirəlayiqdir.

B. Çobanzadə, sözün əsl mənasında, elm və millət fədaisi olmuş, yaşadığı dövrdə siyasi rejimin təhlükəli məqamlarına, ağır ittihamlarına baxmayaraq, türk dillərini hərtərəfli tədqiq etmiş, onların fonetik, leksik, morfoloji və sintaktik quruluşuna, dialektologiya, terminologiya, metodika, əlifba, qrafika və s. məsələlərinə dair çoxsaylı sanballı əsərlər yazmışdır. B. Çobanzadə 20-yə qədər türk dilinin mövcudluğundan söz açmış, hətta onların bəzilərini əhatəli şəkildə öyrənmişdir.

Bəkir Çobanzadə türk xalqlarının birliyinin, onların bir-birini başa düşməsinin, həmçinin, əlaqələrinin genişlənməsinin əsas və ya birinci səbəbini onların ortaq əlifba, ortaq imla və ortaq elmi dildən - terminologiyadan istifadə etməsində görürdü.

1924-1925-ci illərdə I Türkoloji Qurultaya hazırlıq işlərini həyata keçirənlərin öncüllərindən biri də B. Çobanzadə idi. Qurultayqabağı onun təşəbbüsü və rəhbərliyi altında müzakirəyə çıxarılacaq latın qrafikası əsasında yeni əlifba layihəsi də hazırlanmışdı. 1926-cı ilin 26 fevral-6 mart tarixlərində keçirilən I Türkoloji Qurultayda Bəkir Çobanzadə rəyasət heyətinin üzvü seçildi. O, həmçinin, bu qurultayda bir neçə məsələ ilə bağlı məruzələrlə də çıxış etdi. Lakin təəssüflə qeyd edilməlidir ki, B. Çobanzadənin əlifba məsələsi ilə bağlı məruzəsinə qurultayın stenoqram materiallarında rast gəlinmir.

Çobanzadə Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri, Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdi. Orta Asiyada, Tatarıstanda, Bolqarıstanda və Krımda latın əlifbasına keçidlə əlaqədar ciddi iş aparmışdı. Eyni zamanda, Tavrida, Bakı, Daşkənd və Buxara ali məktəblərində türkologiyaya aid mühazirələr oxumuşdu. Çobanzadənin fəaliyyəti təkcə Azərbaycandakı işlərindən ibarət deyildi. Lakin o, bunların hamısını tənzimləyib yerinə yetirə bilirdi. Məsələn, 1930-cu ildə onu Fərqanədə yaradılan Ali Pedaqoji İnstitutda Özbək dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə dəvət edirlər. 1935-ci ildə o, Daşkənd və Buxara universitetlərində türk dillərinin problemləri adlı xüsusi kurs keçir.

Çobanzadə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin müdiri, SSRİ EA Azərbaycan filialının həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Avropanın bir sıra elm xadimləri onun tədqiqatlarına istinad etmişlər. Çobanzadə Azərbaycan dilçiliyinin əsasını qoyan alimlərdən biridir. Onun türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiq edilməsində və dil tarixinin yaradılmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, 1932-ci ildə "Türk dilinin metodikası", "Elmi qramerin əsasları" kitablarını digər müəlliflərlə birlikdə tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm şəkildə çap olunmuşdur.

Çobanzadəyə təzyiqlər 1930- cu ildə başladı və bu təzyiqlər 7 il davam etdi. Bəzi mənbələr bu təzyiqlərin əsas səbəbi kimi Bəkir Çobanzadə və Ruhulla Axundov arasındakı dostluq münasibətini göstərirlər. Ehtimal olunur ki, Mircəfər Bağırov Axundovu özünə rəqib saymış və onu ətrafı ilə birlikdə aradan götürmüşdür.

Çobanzadə 1937-ci ilin yanvar ayında Kislovodskda, dincəldiyi sanatoriyada həbs edilir və Bakıya gətirilir. Bəs onu nədə ittiham edirdilər? Guya o, 1924-cü ildən sonra, yəni, Bakıda yaşadığı dövrdə əks-inqilabi millətçi fəaliyyətdə olub. Əvvəla, 1926-cı ildə Krım "Milli firqəsi" Mərkəzi Komitəsi adından Müsavat Partiyası Mərkəzi Komitəsi ilə birgə iş barədə danışıqlar aparıb. İkincisi, Ruhulla Axundov guya Çobanzadə ilə sovet hökumətinə qarşı blokda əks-inqilabi trotskiçi təşkilatla birgə işin planları barədə sövdələşiblər. Üçüncüsü isə, sən demə Çobanzadə özünün ədəbi əsərlərində və mülahizələrində əks-inqilabçı, millətçi ideologiyanı geniş yayıb.

1937-ci il oktyabr ayının 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının bağlı məhkəmə iclası keçirilir. İclas saat 11.20-də başlayır və 20 dəqiqə davam edir. Çobanzadə güllələnmə cəzasına məhkum olunur və məhkumun işinə cəzanın növbəti gün icra olunması barədə arayış tikilir.