Xaricdə təhsil elmini, biliyini, dünyagörüşünü və sair artırmaq istəyən, daha yaxşı karyera qurmağa çalışan hər kəsin arzusudur. Təhsil bir insanın yaxşı keyfiyyətlər əxz etməsində, onun faydalı bir insan kimi yetişməsində rol oynayan əsas amillərdən biridir. Təbii ki, xarici ölkədə təhsil almaq hər kəs üçün əlçatan deyil. Bunun üçün əsas səbəblərdən biri isə insanların ümumi rifah səviyyəsinin aşağı olmasıdır.
Bu yazımızda da dünyanın ən yaxşı universitetləri mövzusunu davam etdiririk. Bu sırada növbəti universitet isə Oksford Universitetidir. Əsasən, ABŞ-dakı Harvard Universiteti ilə müqayisə edilən bu universitet çətin qəbul tələbləri və dünya üzrə məşhur məzunları ilə seçilir. Tələbələrini ən yaxşı və birinci dərəcəli təhsillə təmin etmək prinsipi ilə fəaliyyət göstərən universitet dünyanın ən qədim ingilisdilli universitetidir. Dəqiq qurulduğu tarix məlum olmasa da, 1096-ci ildə artıq Oksfordda tədris aparılırdı. 1167-ci ildə İkinci Henri ingiltərəli tələbələrə Paris Universitetinə getməyi qadağan etdikdən sonra isə Oksford Universiteti daha sürətlə inkişaf etməyə başladı. O vaxtdan müxtəlif araşdırmaların aparıldığı, elmi işlərin həyata keçirildiyi Oksforda dünyanın bütün yerlərindən tələbələr axışır. Bununla belə həmin təhsil müəssisəsində sizi təəccübləndirəcək bir çox maraqlı hadisələr də baş vermişdir. Bunlardan biri isə 1878-ci ilə qədər qadın tələbələrin universitetdə oxumasına icazə verilməməsidir. 1884-cü ildə qadınlar ilk dəfə imtahanlara buraxılsalar da, 1920-ci ilə qədər onların diplom almasına icazə verilmədi. Yalnız 1974-cü ildən başlayaraq qadınlar Oksfordda rəsmi olaraq təhsil almağa başladılar. Enni Rocers isə 1920-ci ildə Oksforddan məzun olan ilk qadın oldu. Enni Rocers, həmçinin, universitetin qadınlar üçün açılmasını tələb edən hərəkatın başçısı kimi də tarixə düşdü.
Oksford Universiteti dünya sıralamasında da həmişə ilk sıraları tutub. Məsələn, "Times Higher Education World University Rankings"in məlumatına görə, universıtet 2017-2021-ci illərdə ardıcıl olaraq 5 dəfə dünya birincisi olub. 250-dən çox aspirantura proqramı olan Oksford Universitetində 11 min 955 bakalavr və 12 min 10 aspirant olmaqla 24 mindən çox tələbə oxuyur. 160-dan çox ölkədən gələn tələbələr isə ümumi tələbə sayının təxminən 45 faizini təşkil edir. Statistikaya görə Oksford məzunlarının 91 faizindən çoxu məzun olduqdan sonra 6 ay ərzində işlə təmin olunur. Onların böyük əksəriyyəti isə əlavə təhsil almaq üçün Oksfordda qalır.
Universitetin məzunları arasında Böyük Britaniyanın 28 baş naziri, 55 Nobel mükafatı laureatı, 120 olimpiya medalçısı var. Nobel mükafatı laureatı məşhur fizik Albert Eynşteyn isə Krayst Çerç Kollecinin tələbəsi idi. Eynşteynin elmi açıqlamaları, həmçinin, nisbilik nəzəriyyəsi barədə dedikləri bu gün də elm dünyasını təəccübləndirməkdə davam edir. Bu gün yüksək texnologiyalarla öyrənilən bir çox elmi faktlar da Eynşteynin illər əvvəl dediklərini təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer isə Somervil Kollecində kimya üzrə təhsil alıb. "Dəmir Ledi" kimi tanınan Tetçer ölkə tarixində ilk qadın Baş nazir olub. Tereza Mey isə Oksforddan məzun olan 27-ci baş nazirdir. O, Marqaret Tetçerdən sonra ölkənin ikinci qadın baş naziri olub. Bəs, Oksfordu bitirmiş digər Böyük Britaniyalı baş nazirlər kimlərdir?
1. Vilyam Qladston
2. Herbert Askvit
3. Klement Ettli
4. Harold Makmillan
5. Edvard Hit
6. Harold Vilson,
7. Boris Conson.
8. Devid Kameron.
9. Toni Bleyr.
10. Qordon Braun.
Bundan başqa, ABŞ-ın sabiq prezidenti Bill Klinton, İordaniyanın indiki kralı II Abdulla, Hindistanın sabiq Baş naziri İndira Qandi, Pakistanın sabiq Baş naziri Zülfüqar Əli Bhutto, Pakistanın sabiq Baş naziri Benazir Bhutto, həmçinin, Pakistanın sabiq Baş naziri İmran Xan da məşhur Oksford məzunlarındandır. Digər tərəfdən, Oksfordun məşhur məzunları arasında Ken Follet (yazıçı), Hyu Qrant (akytor) və Net Rotşild (milyarder) kimi məşhurlar da var.
Maraqlı bir haşiyə...
Oksford Universitetinin kitabxanasında 180 ildən çoxdur ki, fasiləsiz işləyən bir zəng var. 1840-cı ildə quraşdırılmış bu zəng tək batareya ilə işləyir. Zəng Cüzeppe Zamboni adlı ixtiraçı tərəfindən icad edilib. Tədqiqatçılar batareyanın nədən hazırlandığını bilmirlər. İcad zərər görər deyə, içini açıb baxmağa da ehtiyat edirlər. Zəngdəki batareya "Dünyanın ən davamlı batareyası" adını alıb və eyni adla Ginnesin Rekordlar Kitabına düşüb.
Oksford Universitetində Böyük Britaniyanın ikinci ən böyük kitabxanası olan Bodley Kitabxanası yerləşir. Universitetin əsas kitabxanası olan Bodley Kitabxanası həm də Avropanın ən qədim kitabxanalarından biridir. Kitabxana 1602-ci ildə Ser Tomas Bodley tərəfindən təsis edilib. 13 milyondan çox əsərin olduğu Bodley Kitabxanası, xüsusilə, Şərq əlyazmaları və ingilis ədəbiyyatı, yerli tarix və ilk çap maşınları kolleksiyaları ilə zəngindir.
Oksford 38 kollec və 4 akademik şöbədən ibarətdir. Kolleclər universitet daxilində müstəqil şəkildə öz tələbələrini seçmək, öz strukturunu və ya fəaliyyətini müəyyən etmək hüququna malikdir. Əksər Britaniya universitetlərində olduğu kimi abituriyentlər universitetə UCAS müraciət sistemi vasitəsilə müraciət edirlər. Ancaq Oksford Universitetinə müraciətlər nisbətən erkən tarixdə, yəni 15 oktyabrda sona çatır.
Universitetin 28 hektarlıq park ərazisi var. Orada maraqlı ekzotik bitkilərlə rastlaşa bilərsiniz. Onladan biri olan Hay Stritdəki bağ Böyük Britaniyanın ən qədim botanika bağıdır. Bu bağ 1,8 hektar ərazidə 8000-dən çox bitki növünə ev sahibliyi edir. Çox böyük olmasa da, dünyanın ən müxtəlif bitki kolleksiyalarından biridir. Diqqəti cəlb edən bitki ailələrinin 90 faizindən çoxuna həmin bağda rast gəlmək olar.