22 İYUL - MİLLİ MƏTBUATIMIZIN YARANMA GÜNÜDÜR
Bu gün Azərbaycanda yüzlərlə qəzet-jurnal çap olunur, iyirmidən çox telekanal, bu göstəricidən xeyli artıq radio fəaliyyət göstərir. Hazırda ölkəmizdə yeni mətbu orqan açmaq heç də çətin məsələ deyil. Amma bütün bu mətbu orqanların təməlində bir ad dayanır: "Əkinçi".
1875-ci ilin 22 iyulunda milli mətbuatımızın qaranquşu olan "Əkinçi" işıq üzü görənə qədər Rusiyanın böyük şəhərlərində çox sayda qəzet çap olunurdu. Heç uzağa getməyək, elə Tiflisdə gürcü dilində bir neçə qəzet fəaliyyət göstərirdi. Ancaq Çar Rusiyasının ucqar əyalətlərindən hesab olunan, inqilabçıların sürgün yerinə çevrilən Azərbaycan kimi bir yerdə mətbu orqan açmaq xüsusi fədakarlıq tələb edirdi. Hələ onu da deyək ki, o dövrdə dini ayrı-seçkilik Çar Rusiyasının siyasətinin hər məqamında özünü göstərirdi. Ordu sıralarına çağırılmayan, dövlət işlərinə cəlb edilməyən müsəlmanların kütləvi mətbuat orqanı ilə tanış olması onların həyatında yeni mərhələ aça bilərdi. Azərbaycan mədəniyyəti tarixinə adını qızıl hərflərlə həkk edən Həsən bəy Zərdabi məhz belə fədakar, vətənpərvər şəxsiyyət idi. Həsən bəy həm milli varlığımızın qorunması, həm də elmi-mədəni inkişafımızın təşəkkül tapması üçün düşünür, yollar axtarırdı. Aşağıda "Əkinçi"dən verdiyimiz nümunə H. Zərdabinin xalqı üçün nə qədər dərdli, fədakar bir ziyalı olduğunu göstərir:
"Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çün onların kitablarını bizim adam üçün oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun..." ("Əkinçi", 29 mart 1876, N 6).
Bəziləri Həsən bəyin bu mətbu orqana "Əkinçi" adı verdiyinə ağız büzürlər. Xatırladaq ki, o dövrdə qəzet buraxmaq, xüsusilə də müsəlmanlar üçün çox çətin idi. Elə buna görə də, Həsən bəyə qəzeti "Əkinçi" adlandırmaq məsləhət görülür ki, onun çapına icazə ala bilsin. Həsən bəy bu barədə yazırdı: "Mən ona (Staroselski nəzərdə tutulur) dərdimi deyəndən sonra... məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyam ki, guya məhz əkin və ziraətdən danışacaq".
Ən yaxşı halda yüz adamdan birinin yazıb-oxumaq bildiyi, xürafatın din kimi təqdim edildiyi, Çar Rusiyasının xalqı boyunduruq altında saxlamaq istədiyi o illərdə, bitirdiyi Moskva Dövlət Universitetində müəllim olmaq imkanından imtina edən, xalqının arasına qayıdaraq bölgə-bölgə gəzən, təhsil işləri ilə məşğul olduqdan sonra qəzet çıxarmaq eşqinə düşən Həsən bəy artıq nə etməli olduğunu yaxşı bilirdi. Mirzə Fətəli Axundov onun bu istəyini xülya hesab etsə də, Həsən bəy 3 illik gərgin zəhmətdən sonra öz istəyini reallaşdıra, xalqını elmə, tərəqqiyə çağırmaq üçün "Əkinçi" adlı tribuna qura bildi və bu zəhmətin ilk meyvəsi 22 iyul 1875-ci ildə işıq üzü gördü.
Amma ad nə olur-olsun naşir içini didib-gəmirən dərdləri, ictimai problemləri işıqlandırmalı, xalqının içinə düşdüyü cəhalət bataqlığını qurutmaq üçün külüng çalmalı idi, necə ki, çaldı da... "Əkinçi"dən seçilmiş aşağıdakı nümunələrə diqqət edin:
"Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur... Bizim həmçeşmimiz gürcülərin də bir neçə qəzetləri var, Kutaisi şəhərində bir icma bina olub 5 min manat cəm edib ki, gələn ildən həftəlik qəzet çap etdirsin... Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək və nə ki bir, bəlkə 5-10 qəzet çap edək?.. ("Əkinçi" 25 iyul 1876, N 14)".
Zaman göstərdi ki, Həsən bəy çıxardığı qəzetin adını "Əkinçi" qoysa da, ölkə həyatının hər sahəsinə müdaxilə etməkdən çəkinmədi. Onun qəzetində əkinçilik, mədəniyyət, dövlət xəbərləri ilə yanaşı xalqın dərd-sərini əks etdirən geniş yazılar çap olunmağa başladı. Dövr elə bir dövr idi ki, xalqa din adı ilə cəhalət təlqin edilirdi. Odur ki, müsəlmanların hər cür cəhalətdən qurtulmasına, inkişaf yoluna çıxmasına böyük ehtiyac var idi. Həsən bəy də məhz bu davanın təmsilçisi kimi meydana çıxmışdı. Aşağıdakı nümunəyə diqqət edin:
"Bəzi qəzet oxumağı günah hesab edir ki, guya qəzet oxumaq şəriətə namüvafiqdir. Bunun qabağinda sizə nə deyim? Sizdə taxsır yoxdur. Allah lənət eləsin ol kəslərə ki, bu böhtanı bizim şəriətə deyib, şəriətimizi bihörmət və sizi sərgərdan ediblər! ("Əkinçi" 25 iyul 1876, N 14)".
Bu nümunələrdən göründüyü kimi, Həsən bəy fəryad edir, xalqı elmə, mənəvi cəhətdən azad olmağa, günbəgün inkişaf edən xalqlardan geri qalmamağa çağırırdı. Dinimizi doğru-düzgün izah etmək "Əkinçi"nin qarşısında duran ən mühüm məsələlərdən biri idi. Dinin nə qədər həssas mövzu olduğu hər kəsə məlumdur. Yuxarıdakı iqtibasda biz bu həqiqətin bir nümunəsini görürük.
"Şərqi zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə də bilmərik".
Həsən bəy Zərdabi o dövrün görkəmli ziyalıları Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül-Qəvaid, Əsgər ağa Gorani, Ələkbər Heydəri və başqalarını "Əkinçi" məktəbi ətrafında toplaya bilmişdi.
"Əkinçi" fəaliyyət göstərdiyi dövrdə dilimizin saflığına çalışır, maarifçilik mədəniyyətinin tərkib hissəsi olan kitab çapına diqqət yetirirdi. Başqa dillərdə olan kitabların ana dilimizə tərcüməsini vacib sayırdı. Avropada, Rusiyada milli burjuaziyanın xalqın inkişafı üçün çalışdığını yazan Həsən bəy varlı soydaşlarımızın xalqı düşünmədiyindən, eyş-işrətə, sərvət yığmağa üstünlük verdiyindən yana-yana bəhs edirdi. "Əkinçi" ən çox gənclərə üz tutur, onları ata-babaların cəhalətindən qurtulmağa, dinimizi doğru anlamağa, dünya elmlərinə yiyələnərək xalqımızın inkişafı üçün çalışmağa çağırırdı.
Məramını adının altında nə qədər gizlətməyə çalışsa da, imperiya rəhbərliyi "Əkinçi"nin istiqamətini də, məqsədini də yaxşı başa düşürdü. Elə ona görə də, ilk mətbu orqanımızın ömrü o qədər də uzun sürmədi və cəmi 56 sayı işıq üzü gördü. İmperiya "Əkinçi"nin önünü kəssə də, onun səpdiyi toxumların gün üzünə çıxmasına mane ola bilmədi. Çox keçmədi ki, ziyalılarımız yeni-yeni qəzet və jurnallar nəşr etməyə başladılar.
Həsən bəy Zərdabi həm də ona görə böyük hörmətə, sevgiyə layiq tarixi şəxsiyyətdir ki, mənəvi dəyərlərimizlə elmi tərəqqi arasında fərq görmürdü, bir tərəfdən xalqı öz dəyərlərinə sahib çıxmağa, bir tərəfdən də dünyanın getdiyi elmi tərəqqi yolunu tutmağa dəvət edirdi. Məlumdur ki, həmin dövrdə Rusiyanın mərkəzi şəhərlərində milli-dini kimliyindən imtina etmiş məşhur soydaşlarımız var idi, Həsən bəy isə öz xalqını, milli-dini varlığını əsas alaraq, Rusiya universitetlərinin hər cür təklifindən imtina etdi və doğma yurda qayıdaraq soydaşlarımızın xidmətində dayandı.
Həsən bəy kimi şəxsiyyətlər xalqın yolunda yanan məşəllər kimi hər zaman sabaha gedən yolu işıqlandırırlar. Həsən bəy Zərdabi mətbuatımızın, azad sözümüzün məşəlidir.
Milli Mətbuat Günü münasibəti ilə bütün media nümayəndələrimizi təbrik edir, hər birinə böyük uğurlar arzulayırıq!
İlyas Mustafa