Ruslan Yusibov 
 

Tarix 12 iyul 2020-ci ili göstərirdi. Ermənistan ordusunda hərəkətlənmə başlamışdı. Onların zirehli texnikaları və canlı qüvvələri arasında yerdəyişmələr müşahidə olunurdu. Elə həmin gün Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq artilleriya qurğularından Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmağa başladılar. Ordumuzun cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistanın hücum cəhdinin qarşısı alındı. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid oldu, 5 hərbi qulluqçusu isə yaralandı. Ermənistan isə çox sayda itki verdi. Azərbaycan Ordusunun yaralı əsgərlərindən biri isə sonradan dünyasını dəyişdi. 

Erməni təxribatları 13 və 14 iyulda da davam edir. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimov və Artilleriya rəisi İlqar Mirzəyevin də iştirak etdiyi hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqələri, artilleriya qurğuları və canlı qüvvələri məhv edilir. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam etdirilir və Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilir.

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq yenidən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tuturlar. Həmin döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin, 5 hərbi qulluqçu şəhid olur. Daha sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə general-mayor Polad Həşimova və polkovnik İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Bu yazımızda isə biz İlqar Mirzəyev haqqında danışacağıq...

İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil alıb. 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) verir. 1995-ci ildə oranı "Artilleriya" ixtisası üzrə bitirir. Daha sonra o, 1997-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Tağım Komandiri və yenə orada bölük komandiri kimi xidmət edir. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən "baş leytenant" hərbi rütbəsi verilir.

Növbəti vəzifəsi Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tədris prosesinin təminatı Taborunun Artilleriya batareyasının Komandiri olur. 2001-ci ilə qədər orada işləyir. 2001-ci ildən İlqar Mirzəyev müxtəlif hərbi hissələrdə xidmət edir. 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasının artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilir. 2005-ci il iyulun 2-də təhsilini başa vurur. Daha sonra o, 2007-ci ilə qədər "N" saylı hərbi hissə Komandirinin müavini vəzifəsinı yerinə yetirir. 2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər isə "N" saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edir. 2012-ci ildə İlqar Mirzəyevə "polkovnik" hərbi rütbəsi verilir. 2015-ci ildən o, artıq "N" saylı hərbi hissənin komandiri idi.

Sonrakı dövrdə o, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərində iştirak edir. İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərində vuruşur. Gecə döyüşləri vaxtı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunur. Həmin döyüşlərdə Ermənistanın "yenilməz Ohanyan səddi" kimi tanınan müdafiə xətti 40 dəqiqə ərzində yarılır. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilir və 7 strateji nöqtə işğaldan azad olunur.

O, 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunur.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı şəhid olur. Həmin gün saat 13:00-da müdafiə nazirinin sabiq müavini (hazırda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi) Kərim Vəliyev canlı yayımda açıqlama verərək Tovuz döyüşlərində şəhid olanlar barədə məlumat verir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.